Məhkəmə qərarları › İş №3(5-155)-77/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-77/2026

26.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-77/2026 26.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi ilə, xx.xx.1968-ci ildə Zərdab rayonu Əlvənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Zərdab rayonu Əlvənd kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə tətib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiala Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Sumqayıt şəhər Polis İdarəsi 4-cü polis bölməsinin sahə rəisi, polis kapitanı X1 tərəfindən 13 yanvar 2026-cı il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 442-ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə saat 19:30 radələrində 1-ci mikrorayonda yerləşən “Sədərək” mağazasında qadağan olunmuş malların satdığı müəyyən olunmuşdur. Sumqayıt şəhər Polis İdarəsi 4-cü polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material xx.xx.2026-cı il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 26 yanvar 2026-cı il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokol tərtib etmiş orqan Sumqayıt şəhər Polis İdarəsi 4-cü polis bölməsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən İXM-nin 442-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs İXM-nin 442-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Polis İdarəsi PPXT-nun İ bölüyü polis nəfəri Sayılov Elnur Arif oğlu Sumqayıt şəhər Polis İdarəsi 4-cü polis bölməsinin rəisinə xx.xx.2025-ci il tarixli raportla müraciət edərək göstərmişdir, xx.xx.2025-ci il tarixdə saat təxminən 19:45 radələrində 9142 çağrışlı avtopatrulda postaçı yoldaşı polis serjantı Kərəm Eyvazov ilə birlikdə Sülh-Nərimanovda xidmət apararkən 9307-nin göstərişi ilə Nərimanov küçəsi, 1-ci mikrorayon istiqamətində yerləşən “Sədərək Malları” adlanan obyektdə protexniki vasitənin olduğu məlum olmuşdur. Həmin yerə 4-cü PB-nin əməliyyat qrupu dəvər edərək onları təhvil vermişdir. Odur ki, həmin şəxs barəsində araşdırılması üçün göstəriş verilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, Şəxs izahatına qeyd etmişdir ki, pirotexniki vasitələri satmaq məqsədi ilə gətirməmişdir. İXM-nin 442-ci maddəsinə əsasən İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə - inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində İXM-nin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə 350 (üç yüz əlli) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar