Məhkəmə qərarları › İş №3(5-155)-770/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-770/2026

18.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 3(5-155)-770/2026 18.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSI Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinin sahə rəisi X2, Zərər çəkmiş şəxslər X3 və X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Gajıev Samir və onun müdafiəçisi X6 iştirakları ilə, ##.##.2000-ci il tarixdə, Gürcüstan Respublikasına doğulmuş, Gürcüstan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fəhlə işləyən, Sumqayıt şəhəri, X7 qəsəbəsi, Dəmiryol keçidi, **C saylı bağ evində qeydiyyatda olmaqla yaşayan (Müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi FİN: ******) X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinin sahə rəisi X2 tərəfindən Gajıev Samirin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Tərtib edilmiş ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokola əsasən Gajıev Samir ##.##.2026-cı il tarixdə H.Z.Tağıyev qəsəbəsi, Dəmiryol keçidi ərazisində qanunsuz tikinti ilə bağlı monitorinq keçirən Memarlıq və Şəhərsalma İdarəsinin əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinin sahə rəisi X2 tərtib etdiyi protokolu müdafiə edərək protokolun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs X5 bildirmişdir ki, həmin ərazidə olan nə tikintinin, nə də torpağın sənədi yoxdur. ##.##.2026-cı il tarixdə Nəsibə və Taryel adlı şəxslərlə sözləri düz gəlməmiş və münaqişə baş vermişdir. Münaqişə nəticəsində Nəsibə və Taryel onları söymüşdür. Gajıev Samirlə isə aralarında münaqişə olmamış, Samir onları söyüb təhqir etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs X3 bildirmişdir ki, dəfələrlə Taryelə tikintini dayandırmaq ilə bağlı xəbərdarlıq etmələrinə baxmayaraq o, tikintini davam etdirmişdir. Gajıev Samir tərəfindən isə onun ünvanına heç bir nalayiq ifadə işlədilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Gajıev Samir özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o da həmin ərazidə yaşayır və səs-küyə çölə çıxmışdır. O, baba və nənəsini sakitləşdirmək istəyirdi. O, heç bir kəsə qarşı nalayiq ifadə işlətmədiyini bildirmiş və məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt Regional Vəkil Bürosunun vəkili X6 məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi barədə ##.##.2026-cı il tarixli qərara əsasən X14, X17 və Gajıev Samir barələrində Azərbaycan Respublikası İXM-nin 510.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün Sumqayıt ŞPİ-nin 2-ci PB-nə həvalə edilmişdir. Məhkəmə hesab edir ki, Gajıev Samirin əməlində Azərbaycan Respublikası İXM-nin 510.1-ci maddəsinin tərkib əlamətləri müəyyən edilməmişdir. Belə ki, işin halları ilə və zərər çəkmiş şəxslərin izahatı ilə də bir daha təsdiq edilmişdir ki, Gajıev Samir - ictimai yerdə hər hansı təhqiredici söz və ya ifadə işlətməmiş və ictimai yerdə qaydaları pozmamışdır. Məhkəmə qeyd edir ki, xırda xuliqanlıq obyektiv cəhətdən ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərlə ifadə olunur. Normanın məzmunundan göründüyü kimi burada ən vacib dispozitiv şərt ictimai qaydanı pozan hərəkətlərin mövcud olmasından ibarətdir. Lakin, indiki halda Gajıev Samirin hər hansı ictimai qaydanı pozması və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməsi müəyyən edilməmişdir. Qeyd edilən səbəbdən də məhkəmə hesab edir ki, Gajıev Samirin əməlində Azərbaycan Respublikası İXM-nin 510.1-ci maddəsinin tərkibi yaranmamışdır. Ona görə də Gajıev Samirin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsinin tərkib əlamətləri olmadığından onunun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 40, 43, 48-51, 53.2, 114-118-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: X4 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar