Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-803/2026 19.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Protokol tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin sahə rəisi, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1981-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokollara və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə tətib edilmiş xx.xx.2026-cı il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. Protokoldan görünür ki, vət.Dadaşov xx.xx.2026 tarixdə Sumqayıt şəhəri, S.Vurğun küçəsi ərazisində polis əməkdaşlarının qanuni göstərişlərinə tabe olmamış və qeyri-etik ifadələr işlətmişdir. Məhkəmə iclasında işirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 3-cü PB-nin sahə rəisi, polis leytenantı X3 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, xx.xx.2026-cı tarixdə DYPŞ YPX inspektoru, polis baş serjantı Bəhram Rəhimlinin raportu icraatına daxil olmuşdur. Raportda şəxsin **-LN-*** Lada Vaz2106 markalı nəqliyyat vasitəsinin sürücüsü olması, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, Şəhidlər Xiyabanın yaxınlığında saxlanılması və bu zaman şəxsin narkotik vasitə istifadə etməsinə görə şübhələnib müayinəyə dəvət etmiş, şəxs etiraz etməmiş, lakin avtomobildən düşdükdən sonra qaçmağa başlamışdır. Bundan sonra YPX əməkdaşları tərəfindən saxlanılmış, 3-cü PB-nə gətirilmiş, tərəflərindən araşdırma aparılmış, şəxs əməlini səmimi etiraf etmişdir. Bununla bağlı materiallar qərar qəbul olunması üçün məhkəməyə təqdim edilmişdir. Protokol raporta əsasən tərtib edilmişdir. Protokolu müdafiə edir, qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, onu özünə məxsus **-LN-*** nəqliyyat vasitəsi ilə “Dörd qardaş” şadlıq sarayından Şəhidlər Xiyabanına gedən yolda saxlamışlar. Yol polis əməkdaşı ona piyadaya yol vermədiyini bildirmiş, buna görə aralarında narazılıq yaranmışdır. Daha sonra onu narkoloji müayinəyə dəvət etmişlər, o da etiraz etmiş, avtomobili tərk edib getmiş və sonra onu tutmuşlar. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Sumqayıt ŞPİ-nin DYPŞ YPX inspektoru, polis baş serjantı X5 izahatında bildirmişdir ki, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində xidmət aparan zaman sürücü “Yol hərəkəti haqqında” qanunun tələblərini pozduğu üçün, yəni piyadaya yol vermədiyi üçün saxlanılmış, şübhəli olduğu üçün onu həkim müayinəsinə dəvət etmişlər, etiraz etməmiş, avtomobildə bir xanım olmuş, onu yola salıb gəldiyini demiş, lakin xanımı yola saldıqdan sonra ağaclıq tərəfə qaçmağa başlamışdır. Efir vasitəsi ilə kömək çağırmışlar və saxlanılmışdır. Daha sonra onu aidiyyatı üzrə bölməyə təhvil vermişlər. Daha sonra məlum olmuşdur ki, şəxs narkotik vasitənin təsiri altındadır. Şəx saxlanılan zaman səs-küy salaraq ətrafdakı şəxslərin diqqətini cəlb etməyə çalışmışdır. Məhkəmə iclasında Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin səmimi peşmançılğını nəzərə alaraq, ona yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan inzibati qaydada tutma haqqında xx.xx.2026-cı il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 19:30-da tutulmuş və xx.xx.2026-cı il tarixdə saat 20:00-da azad edilmişdir. Beləliklə, Şəxs polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmaması, həmçinin xırda xuliqanlıq etməsi, yəni Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün etirafı, şahidin izahatı və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf etməklə peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirli bildiyi İXM-in 510 və 535.1-ci maddələri üzrə daha ciddi sansiyası olan İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməli, inzibati həbs etmənin əvvəli 18 mart 2026-cı il tarixdən saat 19:30-dan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X4 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 21, 40, 43, 114.1.1, 115.1, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 18 mart 2026-cı il tarixdən saat 19:30-dan hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Vəkil X4 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşad Əliyev
Məhkəmə qərarları › İş №3(5-155)-803/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-803/2026
19.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver