Məhkəmə qərarları › İş №3(5-155)-86/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-86/2026

27.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-86/2026 27.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi ilə, Əkbərli Nicat Mais oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə xx.xx.2026-cı il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 izahatında bildirmişdir ki, Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Abşeron-Xızı regional şöbəsinin xx.xx.2022-ci il tarixli MN seriyalı 1064738/2022 saylı qərarına əsasən Şəxs 1500 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. İcra sənədi 13 iyul 2022-ci il tarixdə icraata qəbul edilmiş və şəxsə tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Azərbaycan Respublikası FHN X5 Xidməti Sumqayıt regional DYN-nin xx.xx.2024-cü il tarixli 1791682/2024 saylı qərarına əsasən Şəxs 100 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. İcra sənədi 20 sentyabr 2024-cü il tarixdə icraata qəbul edilmiş və şəxsə tələbin könüllü icrası haqqında bildiriş verilmişdir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı qərarına əsasən Şəxs 1500 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. İcra sənədi 17 avqust 2023-cü il tarixdə icraata qəbul edilmiş və şəxsə tələbin könüllü icrası haqqında bildiriş xx.xx.2023-cü il tarixdə borcluya təqdim edilmişdir. Buna baxmayaraq müvafiq inzibati tənbeh qərarlarını şəxs qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Borclunun adına əmlak və gəlir müəyyən edillməmişdir. Göstərilən halları nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs bildirmişdir ki, o fiziki şəxs kimi sahibkarlıq fəaliyyətiilə mməşğul olmuş və restoran işlətmişdir. Cərimələr tətbiq olunan zaman o, fəaliyyət göstərmişdir. Daha sonra icra idarəsinə dəvət olunmuş və icra sənədləri üzrə ödənişlər edilməsi bildirilmişdir. Bundan bir müddət sonra fəaliyyətini dayandırmışdır. Halhazırda maddi imkanı zəif olduğuüçün hər hansı ödəniş edə bilmir, lakin mart ayından sonra icra sənədləri üzrə ödənişlər həyata keçirəcəyinə söz verir. Göstərilən halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Abşeron-Xızı regional şöbəsinin xx.xx.2022-ci il tarixli MN seriyalı 1064738/2022 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Şəxs 1500 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası FHN X5 Xidməti Sumqayıt regional DYN-nin xx.xx.2024-cü il tarixli 1791682/2024 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Şəxs 100 manat məbləğində inzibaticərimə tutularaq dövlət nəfinə ödənilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Şəxs 1500 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Şəxs “X3” ASC-nin Sumqayıt şəhər filialında, "xxxx" ASC-nin Sumqayıt şəhər filialında, "xxxx" ASC-nin Sumqayıt şəhər filialında hesabları mövcudur. Lakin, icra məmuru tərəfindən qeyd edilən hallar araşdırılmamış, qeyd edilən hesablarda pul vəsaitlərinin olub-olmaması araşdırılmamış və hesablarda pul vəsaitləri olduğu halda tələbin həmin pul vəsaitləri hesabına ödənilməsi istiqamətində tədbirlər həyata keçirilməmişdir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 63.1.3-cü maddəsinə əsasən tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə yol verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.9-cu maddəsinə əsasən fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. Hüquqi şəxslərə münasibətdə isə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məcburi icra tədbirləri davam etdirilir. Həmin Məcəllənin 150.10-cu maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin inzibati tənbehə yönəldilə bilən həcmdə əmlakı və ya gəlirləri bu Məcəllənin 150.9cu maddəsində göstərilən müddətlərdə aşkar edildikdə, bu Məcəllənin 529.1 və ya 529.2ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmir və məcburi icra tədbirləri davam etdirilir. Həmin Məcəllənin 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və həmin Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, icra məmuru tərəfindən əsassız olaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edildiyindən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və İnzibati Xətalar Məcəlləsinin 150.10-cu maddəsinin tələblərinə uyğun olaraq cərimənin ödənilməsi istiqamətində məcburi icra hərəkətləri davam etdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və icra sənədlərini icrası istiqamətində məcburi icra tədbirləri davam etdirilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar