Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-95/2026 14.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Tələbkar Zərərçəkmiş şəxs, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan FİN (xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 14 yanvar 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1154/20 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 20590 manat aliment borcunu üzrsüz səbəbdən ödəmir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8 bildirmişdir ki, xx.xx.2020-ci il tarixdən başlayaraq cavabdeh Şəxs xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2013-cu il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 133,33 (yüz otuz üç manat otuz üç qəpik) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 ödənilsin. Borclunun hazırda 20590 manat borcu var. Tələbkar rəsmi şəkildə İcra İdarəsinə müraciət edib. Borclu tərəfindən icra sənədi üzrə heç bir ödəniş edilməmiş, ödəniş qəbzləri təqdim edilməmişdir. Borclu icra məmurunun çağırışlarına gəlib. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, iş üzrə özünü qismən təqsirli bilir. Onun aliment borcu 20000 manat yox, təxminən 6-7 min arasındadır. O, borcundan ödənişlər edib, ödəniş qəbzləri də var. 44 günlük Vətən müharibəsində könüllü olaraq iştirak edib. Tələbkarın yaşadığı kirayə evin pulunu, yəni 250 manat məbləğində 2022-ci ildən etibarən aylıq olaraq ödəyir. O, uşaqlarını geyimlə və s. təmin edir. Hazırda iş qabiliyyəti yoxdur, cəzaçəkmə müəssisəsindən yeni çıxıb. Vətən müharibəsi iştirakçısı olduğu üçün 80 manat təqaüd alır. Həmin təqaüdü də tələbkara verir. Hazırda maddi imkanı yoxdur. Məhkəmədən ona vaxt verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs bildirmişdir ki, borcunu tam şəkildə tələb edir. Əgər borclu borcunu tam şəkildə ödəyə bilmirsə, uşaqları üçün yataqxana almasını tələb edir. Borclu ona hər ay 250 manat ödəniş edir. Həmçinin, bayramda özü və uşaqların nənəsi 50 manat olmaqla ödənişlər edib. Qeyd olunan əlbəəl verilmiş pullar, kirayə haqqları, ümumilikdə 7000 manata yaxın pul borc məbləğindən çıxılmış, hazırda 20000 manatdan yuxarı borc məbləği qalmışdır. Məhkəmədən borcunun ona ödənilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Sumqayıt Regional Vəkil Bürosunun vəkili X6 bildirmişdir ki, borclunun əmək qabiliyyəti yoxdur, cəzaçəkmə müəssisəsindən yeni çıxıb, müharibə veteranıdır, həmçinin xəstədir, buna görə də, borcunu ödəyə bilmir. Qeyd olunan halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2020-ci il tarixdən başlayaraq cavabdeh Şəxs xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2013-cu il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 133,33 (yüz otuz üç manat otuz üç qəpik) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 ödənilsin. İş materiallarında olan xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1154/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borcludan icra sənədində göstərilən tələbi icra etməyi xahiş olunmuşdur. Borclu qərar və bildirişlə tanış olmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, borclunun hazırda ona 4227 manat borcu var. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, borclu bugünə qədər ona 5560 manat ödəniş etmiş və hazırda onun 20040 manat məbləğində aliment borcu yaranmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 gün müddətinə inzibati həbs edilmişdir. İş materiallarında olan “Elektron İcra” İnformasiya Sistemindən əldə edilmiş çıxarışa əsasən, Şəxs Vətən müharibəsi iştirakçısıdır. 80 manat pensiya alır. İş materiallarında olan Şəxs xx.xx.2026-cı il tarixli izahatından görünür ki, hər ay 300 manat ödəniş edir. Özü Vətən müharibəsində olarkən anası aliment ödənişini edib. Borcunu tam şəkildə ödəyə bilmir. Borcu 20000 deyil, 9000 manatdır. Məhkəmə iş materiallarına və tərəflərin izahatına əsasən müəyyən etmişdir ki, borclu tərəfindən icra sənədi tam icra edilməmiş, nəticədə kifayət qədər yüksək məbləğdə aliment borcu yaranmışdır. Məhkəmə iclasında tələbkar və borclu eyni məzmunlu izahat verərək aylıq 250 manat olmaqla evin kirayə haqqının borclu tərəfindən ödənildiyini bildirmişlər. Lakin məhkəmə qeyd edir ki, həmin ödənişlərin ödənilməsi nəzərə alınmalı hal olsa da, şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsas deyil. Belə ki, hər ay natamam ödənişlərin edilməsi, ödənilməyən borc məbləğin daha da artmasına səbəb olmuş, nəticədə icra sənədi üzrsüz səbəbdən icra edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs “Vətən müharibəsi” iştirakçısı olması, qismən aylıq ödənişlər etməsi yüngülləşdirən hallar kimi müəyyən olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33cü maddəsinə əsasən Şəxs əməlində ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli xx.xx.2026-cı il, saat 16.30-dan hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X1 məhkəmədə iştirak etdiyi 03 (üç) saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs olunsun. Həbs olunmanın əvvəli xx.xx.2026-cı il, saat 16.30-dan hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 göstərdiyi 03 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(5-155)-95/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-95/2026
14.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver