Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-98/2026 23.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Qubadlı rayon YPX inspektoru X3, X1 iştirakı ilə, Qubadlı rayon YPX inspektorunun xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində, saat 19:00 radələrində işdən evə özünə məxsus olan **-GN-*** qeydiyyat nişanlı Mersedes markalı avtomobili idarə edərək qayıdırdı. Yaşadığı ünvana (Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi) yaxın olan yanacaq doldurma məntəqəsinə (Lukoil) daxil olaraq avtomobilinə benzin vurdu. Yanacaqdoldurma məntəqəsini tərk edərkən yolunu uzatmamaq üçün Bakı-Quba yolunun H.Z.Tağıyev qəsəbəsindən keçən hissəsində yolun hərəkət hissəsinə aid olmayan “Yol çiyni” adlanan hissə ilə hərəkəti davam etdirdi. Bunu görən YPX əməkdaşları (idarə etdikləri xidməti avtomobilin nömrəsi yadımda deyil) idarə etdiyi avtomobili saxlatdırdılar. Onlar ona yolun hərəkət hissəsində hərəkətin əksinə hərəkət etdiyini bildirdilər. Lakin onlara yolun hərəkət hissəsində deyil, yol çiyni ilə hərəkət etdiyini bildirdi. YPX əmədaşları İXP7709509 nömrəli protokol tərtib etdilər. Bu protokolda 327.4-cü maddə (birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmə) qeyd olunub. Hansı ki, onun pozduğu qayda 327.1-ci maddənin (səkilərlə və qanunla nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə) tələblərinə uyğundur. 327.1-ci maddədə də sadəcə hərəkətə görə 40 AZN cərimə nəzərdə tutulub. Burada hərəkətin istiqamətinə aid heç bir əlavə məlumat yoxdur. Şikayəti ona səhv maddə ilə (327.4) protokol tərtib olunmasıdır. Cəriməsi 150 AZN və 4 baldır. Yolun hərəkət hissəsi ilə hərəkət etmədiyini bildirir və bu məsələyə aydınlıq gətirilməsini xahiş olunur. Məhkəmə iclasında barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X4 şikayətin mahiyyətinə uyğun izahat verərək bildirmişdir ki, 30 dekabr 2025-ci il tarixində işdən evə qayıdarkən yanacaq doldurma məntəqəsinə daxil olmuş, daha sonra yolunu uzatmamaq üçün yolun çiyni ilə hərəkət etmişdir. Buna görə də, İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyini etiraf edir. Yolun çiyni ilə hərəkət edərkən yol polisi əməkdaşı onu saxlamış və ona yolun çiyni ilə hərəkət etdiyini, həmçinin yolun hərəkət istiqamətinin əksi ilə hərəkət etdiyini bildirmişdir. Qeyd edir ki, yolun hərəkət istiqamətinin 1.1 nişanlanma xəttindən sağ tərəfdə hərəkət edirdi. O, İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat, həmçinin İXM-nin 327.4-cü maddəsi ilə birtərəfli yolda əks istiqamətli zolağa çıxmağa görə də cərimə olunub. Lakin qeyd edir ki, yolun hərəkət hissəsinin sağ tərəfində 1.1 nişanlanma xətti var, həmin xəttin sol tərəfi ilə yox, sağ tərəfi ilə hərəkət edib. Orada sağ tərəfdə getməyə yer olduğu üçün 2 zolaqlı hərəkət yoluna keçməyə ehtiyac yoxdur. Şikayətini müdafiə edir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Qubadlı rayon YPX inspektoru X6 bildirmişdir ki, vətəndaş Bakı-Quba yolunda hərəkət istiqamətinin əksi olan yolda hərəkət edirdi. Yol polisi əməkdaşlarını görəndən sonra yolun çiyni ilə hərəkət etməyə başladı. Birtərəfli yollarda əks istiqamətlə hərəkət etmək ağır yolnəqliyyat hadisələrinin baş verməsi ilə nəticələnə bilər. Vətəndaş yolun çiyni ilə hərəkət etdiyinə və yolun hərəkət istiqamətinin əksi ilə hərəkət etdiyinə görə 2 inzibati xətanı törətmişdir. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, yanacaq doldurma məntəqəsinin qarşısındakı ərazi hərəkət hissəsi sayılmır. Həmin yol 1.1 nişanlanlanma ilə elə ayrılmır. Vətəndaş birtərəfli yolda hərəkət istiqamətinin əksi ilə gedib. Vətəndaş yolun çiynində dayanıb, hərəkət zolağının üzərində olub. Qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Qubadlı rayon YPX inspektorunun xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, Nicat Güliyev barəsində İXM 327.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Qubadlı rayon YPX inspektorunun xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 «Mercedes Benz E240 minik» markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Ə.Topçubaçov küçəsi 213 ərazisində səkilərlə və qanunla nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə, birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etdiyinə görə Azərbaycan Respublikası İXM-in 327.1-ci və 327.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək 150 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş videogörüntüdən aydın olur ki, günün qaranlıq vaxt YPX avtopatrulla hərəkətdə olarkən markası və dövlət qeydiyyat nişanı məlum olmayan nəqliyyat vasitəsi əks istiqamətdə hərəkət edir. Sonradan avtopatrul əks istiqamətdən zolağa çıxaraq şikayətçinin idarə etdiyi nəqliyyat vasitəsinin qarşısına keçir. Həmin şikayətçi yolun çiyni ilə hərəkətdə olur. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə görə yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsinə görə birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə-yüz əlli manat məbləğində cərimə edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İXM-in 53.2-ci maddəsinə əsasən Nicat Güliyevin təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində başlanmış inzibati xətalar haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, YPX avtopatrulunda qeydə alınmış videogörüntülərdə sürücünün İXM-in 327.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirliliyi sübuta yetirmir. YPX əməkdaşıları tərəfindən şikayətçi saxlanılarkən, avtomobili yolun çiyni ilə əks istiqamətdə olmuş, əks istiqamətlə hərəkət zolağında olması isə videogörüntülərdə mövcud deyil. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmçinin, məhkəmə qeyd edir ki, yalnız qərarı qəbul etmiş vəzifəli şəxsin izahatı ilə şikayətçi Nicat Güliyev inzibati xəta hadisəsi üzrə təqsirli hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-in 40, 43, 50, 53, 114, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti təmin olunsun. Qubadlı rayon YPX inspektorunun xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X4 barəsində İXM-in 327.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(5-155)-98/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-98/2026
23.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver