Məhkəmə qərarları › İş №3(5-155)-99/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-99/2026

02.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-99/2026 02.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, X4 Marks oğlunun iştirakı ilə, Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti İnspektoru Polis X1 tərəfindən xx.xx.2026cı il tarixli, TP7761683 saylı inzibati tənbeh vermə haqqında qərarından X7 oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 oğlu şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib olunmuş TP № ******* saylı, xx.xx.2026-cı il tarixli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsi və barəsində inzibati icraatın xitam olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, xx.xx.2026-cı il tarixdə o, X7 oğlu ünvan 1 ünvanında “Akia Avtobus” markalı, ** AF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Sumqayıt Şəhər Dövlət X6 Yol Patrul Xidmətinin inspektoru, polis X1 tərəfindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmağı barədə TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərar qəbul edilmiş və 100 (yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Həmin qərarla qəti şəkildə razı deyil və hesab edir ki, qərar qanunsuz, əsassız, faktiki hallara uyğun olmayan, həmçinin inzibati icraatın fundamental prinsiplərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Belə ki, inspektor tərəfindən ona istinad edilən inzibati xəta - svetaforun və ya nizamlayıcının qadağanedici işarəsi verildiyi halda hərəkətin davam etdirilməsi faktiki olaraq baş verməmişdir. O, yol hərəkəti qaydalarına tam riayət etməklə, svetaforun müvafiq icazəverici siqnalı altında yalnız icazə verilmiş dönmə (manevr) əməliyyatını həyata keçirmişdir. Həmin dönmə əməliyyatı zamanı nə yolun kəsişməsinə qırmızı işıqda daxil olunmuş, nə də svetaforun qadağanedici siqnalı pozulmuşdur. Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinin 122.3.1-ci maddəsinə əsasən inzibati tənbehvermə haqqında qərarda inzibati xətanın baş verdiyini sübut edən foto və ya video materiallar mütləq göstərilməli və qərara əlavə edilməlidir. Bu normanın məqsədi vətəndaşın öz müdafiə hüququnu effektiv həyata keçirməsini təmin etməkdir. Lakin TP ******* saylı qərarda bu tələb yerinə yetirilməmiş, onun müdafiə hüququ faktiki olaraq məhdudlaşdırılmışdır. Bundan əlavə, inzibati icraat zamanı sübutetmə yükü inzibati orqanın üzərinə düşür. Yəni, inzibati xətanın mövcudluğunu, onun törədilmə faktını və təqsiri sübut etmək vəzifəli şəxsin borcudur. Bu prinsip həm İnzibati Xətalar Məcəlləsinin ümumi müddəalarından, həm də hüquqi dövlət anlayışından irəli gəlir. Mövcud halda isə inzibati məsuliyyət yalnız inspektorun subyektiv müşahidəsinə əsaslandırılmışdır ki, bu da qanunvericiliyin tələblərinə uyğun hesab edilə bilməz. Məhkəmə iclasında iştirak edən X4 Marks oğlu şikayətin mahiyyətinə uyğun çıxış edərək əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq şikayət vermiş şəxs və qərar qəbul etmiş Sumqayıt şəhər DYPŞ-nin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hesab edir ki, hazırki şikayətə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X7 oğlu barəsində xx.xx.2026-cı il tarixdə Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan (svetoforun və ya nizamlayacının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi) inzibati xətanı törətməkdə təqsirli bilinib 100 (yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- yüz manat məbləğində cərimə edilir. X4 Marks oğlu hazırda şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətmədiyini bildirsə də, iş materiallarına əlavə edilmiş diskə baxış keçirilən zaman inzibati xətanın törədilməsi öz əksini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti İnspektoru Polis X1 tərəfindən X7 oğlu barəsində Azərbaycan Respublikası İXM-in 327.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə onu təqsirli bilərək inzibati cərimə edilməsinə dair qərar qəbul etməkdə haqlı olmuşdur. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X4 Marks oğlunun şikayətində göstərdiyi arqumentləri və məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Məhkəmə qeyd edir ki, məhkəmənin iş üzrə gəldiyi nəticə təkcə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin izahatı ilə deyil, iş üzrə mövcud olan digər sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək öz daxili inamı ilə sübutları qiymətləndirib belə qənaətə gəlir ki, X7 oğlunun şikayətində göstərdiyi hallar özünü müdafiə xarakteri daşıyır. İşdə olan sübutlar onun inzibati xətanı törətməsinə heç bir şübhə yaratmır, onun dəlilləri iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. X7 oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı təkzibolunmaz və şübhə doğurmayan sübutlarla öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Göstərilən əsaslarla məhkəmə X4 Marks oğlunun şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 oğlunun Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti İnspektoru Polis X1 tərəfindən xx.xx.2026-cı il tarixli, TP7761683 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi tələbinə dair şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar