Məhkəmə qərarları › İş №3(5-157)-101/2026

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(5-157)-101/2026

10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(5-157)-101/2026 10.03.2026 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Abasov Qürur Bəybala oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi ilə, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsi tərəfindən qəbul edilmiş 15 fevral 2026-cı il tarixli, EQ 33929788 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2026-cı il tarixli, EQ 33929788 nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 manat cərimə edilmişdir. Qərardan narazı qalan X3 şikayət verərək, Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2026-cı il tarixli, EQ 33929788 nömrəli qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 14 fevral 2026-cı ildə, saat 00:21 radələrində qanuni istifadəsində olan “Hyundai Tucson” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Şamaxı şəhəri Ağsu dairəsi istiqamətində hərəkətdə olarkən, barəsində AR İXM-nin 327.2-ci maddəsi ilə EQ33929788 nömrəli elektron protokol tərtib edilmiş və xx.xx.2026-cı il tarixli qərarla 100 manat, 3 bal cərimə edilmişdir. Səbəb kimi isə, avtomobilin ön sərnişin oturacağında uşağın daşınması göstərilmişdir. Tərtib edilmiş elektron protokola 1 ədəd fotoşəkil əlavə edilmişdir. Həmin fotoşəkildə həqiqətən də, avtomobilin ön oturacağında 1 nəfər uşağın oturduğu öz əksini tapır. Lakin, həmin uşağın yaşının 12-dən az olduğunun hansı qaydada müəyyənləşdirildiyi isə, məlum deyil. Həmin vaxt onun yanında, avtomobilin ön oturacağında əyləşən uşaq onun bacısının qızı X9 olmuşdur ki, həmin uşağın 13-dən çox yaşı var. Buna görə isə, qanunvericilikdə hər hansı məsuliyyət nəzərdə tutulmamışdır. Məhkəmə iclasında iştirak edən X3 şikayətə uyğun izahat verərək, eləcə də onun yanında, avtomobilin ön oturacağında əyləşən bacısının qızı X7 aid doğum haqqında şəhadətnamənin surətini məhkəməyə təqdim edərək, onun barəsində tərtib edilən inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayətçinin izahatını dinləyərək, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq, hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 15 fevral 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 15 fevral 2026-cı il tarixli, EQ 33929788 nömrəli protokola əsasən, X3 xx.xx.2026-cı il tarixdə, saat 00:21 radələrində “HYUNDAİ TUCSON HİBRİD” minik markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2013-cü il tarixdə Şamaxı şəhərində doğulmuşdur. X2, anası X4r. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-cimaddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qeyd edilən Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Belə olan halda, X1 inzibati tənbeh vermə haqqında qərarda göstərilən inzibati xətanı törətməsini səlahiyyətli orqan sübut etməlidir. Lakin, səlahiyyətli orqan məhkəmə iclasının vaxtı barədə dəfələrlə xəbərdarlıq edilməsinə və sübutları təqdim edilməsi barədə bildiriş göndərilsə də məhkəmə iclasında iştirak etməmiş və inzibati xəta ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 15 fevral 2026-cı il tarixdə sərnişin daşıma qaydalarını pozumasına dair inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən şikayət təmin edilməli, 15 fevral 2026-cı il tarixli, EQ 33929788 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 115 və 134.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsi tərəfindən X1 barəsində 15 fevral 2026-cı il tarixli, EQ 33929788 nömrəli protokola əsasında qəbul edilmiş 15 fevral 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qürur Abasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar