Məhkəmə qərarları › İş №3(5-157)-126/2026

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(5-157)-126/2026

02.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(5-157)-126/2026 02.03.2026 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Abasov Qürur Bəybala oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 2002-ci ildə Şamaxı rayonu, Astraxanovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Şamaxı rayonu, Pirbəyli kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X6 izahatında göstərdi ki, xx.xx.2026-cı il tarixdə Şamaxı rayonu, Qızmeydan kəndi ərazisində Şəxs məxsus 1 ədəd Tula markalı, ******* nömrəli, 16 kalibrli, iki lüləli sənədsiz ov silahını aşkar edərək, götürülmüşdür. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, vəfat etmiş babası Babayev Ağakərim özünə məxsus Tula markalı, 2 lüləli, 16 kalibrli sənədi olmayan ov silahını ona bağışlamışdır. xx.xx.2026-cı il tarixdə ov silahını əlində gəzdirərək, yaşadıqları fermaya gələndə, polis əməkdaşları ona yaxınlaşmışlar və ondan ov silahının sənədlərini istmişlər. O, polis əməkdaşlarına heç bir sənədin olmadığını bildirmişdir. Daha sonra, polis əməkdaşları silahı ondan təhvil götürmüşlər və onu polis şöbəsinə dəvət etmişlər. Etdiyi əmələ görə çox peşmandır. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi Elvin Həsənov tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli raportdan görünür ki, xx.xx.2026-cı il tarixdə Şamaxı rayonunun Qızmeydan kəndi ərazisində Şamaxı RPŞ-nin İTB-nin polis sahə nəfərləri polis baş serjantı X2 və polis baş serjantı X1 ilə birlikdə xidmətdə olarkən bir nəfər vətəndaşın üzərində ov silahı ilə hərəkət edərək, yaşadığı ünvana getməsi müəyyən edilmiş, onlar həmin şəxsə yaxınlaşaraq, özlərini ona təqdim edib və üzərində gəzdirdiyi ov silahına dair sənədləri təqdim etməsini ondan istəyərkən vətəndaş üzərində gəzdirdiyi ov silahının sənədi olmadığı bildirmiş, bu səbəbdən də Şəxs barəsində qanuni tədbir görülməsi üçün RPŞ-yə dəvət olunmuşdur. RPŞ-də həmin şəxs Şamaxı rayon Qızmeydan kənd sakini Şəxs məlum olmuşdur. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi Elvin Həsənov tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli aktdan görünür ki, xx.xx.2026-cı il tarixdə Şamaxı rayonu, Qızmeydan kəndində vətəndaş Şəxs məxsus 1 ədəd Tula markalı, ******* nömrəli, 16 kalibrli, iki lüləli sənədi olmayan ov silahını təhvil götürmüşlər. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, Şəxs tərəfindən İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi, özünün məhkəməyə verdiyi izahat, inzibati xəta haqqında protokol və işin araşdırılmış digər halları ilə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətini istisna edən və icraatı rədd edən hallar yoxdur. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmamasını nəzərə alıb, hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ov tüfəngi müsadirə edilməklə, cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, bir ədəd Tula markalı ******* nömrəli, 16 kalibrli, iki lüləli ov tüfəngi müsadirə edilməklə 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qürur Abasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar