Məhkəmə qərarları › İş №3(5-157)-22/2026

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(5-157)-22/2026

09.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(5-157)-22/2026 09.02.2026 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Abasov Qürur Bəybala oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 və şikayət vermiş şəxs X2 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 02 avqust 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X4 şikayətlə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilərək, inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Reqional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 02 avqust 2023-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikasının İXM-nin 271-ci maddəsi üzrə təqsirli bilinərək, 2000 manat məbləğində cərimə olunmuşdur. O, bu qərarla razı deyildir. Belə ki, o, Şamaxı rayonu Sabir Bələdiyyəsinin sədri işləyir. Bildirir ki, Sabir Bələdiyəsi tərəfindən Sabir qəsəbəsi ərazisində sənaye və tullantı qalıqlarının qalaqlanması qaydaları pozulmamışdır. Həmin tarixlərdə Şamaxı rayon İcra Hakimiyyəıti Başçısının şifahi göstərişi ilə Şamaxı şəhərində aparılan abadlıq işləri ilə əlaqədar daş və beton qırıntıları daşınıb Sabir qəsəbəsinin kənarından keçən Pirsaat çayının kənarına tökülərək qalaqlanmışdır. Həmin daş və beton qalıqlarına görə rayonun Şəhriyar, 2-ci Cabanı və Mədrəsə Bələdiyyə sədrləri barəsində inzibati tənbeh vermə haqqında qərarlar tərtib olunaraq cərimələnmişlər. Həmən Bələdiyyələr məhkəməyə müraciət etdikdən sonra onlar barəsində tərtib edilmiş inzibati təhbeh haqqında qərarlar məhkəmə qərarı ilə ləğv edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Reqional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 02 avqust 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı da, əsassız tərtib edildiyindən ləğv edilməlidir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Reqional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 02 avqust 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı vaxtında ona təqdim edilmədiyindən bu qərardan məlumatlı olmamışdır. Həmin qərarın surətini rəsmi olaraq 07 yanvar 2026-cı il tarixdə 3-14-45/2- 006/2026 saylı məktubu ilə aldığından hazırda məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən X4 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 02 avqust 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 izahat verərək bildirdi ki, Şamaxı rayon Polis Şöbəsi tərəfində tərtib olunan protokol üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar tərtib etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə protokol tərtib etmək Şamaxı Rayon Polis Şöbəsinin səlahiyyətində deyil, amma tərtib edib onların rəhbərliyinə göndərilmiş, rəhbərlikdə qərar qəbul etmişdir, amma əslində qərar qəbul etməməli idi, həmin protokolu geri qaytarmalı idilər. Onların əməkdaşları tərəfindən heç bir araşdırma aparılmamışdır. Bu səbəbdən də, şikayəti əsaslı hesab edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X5 tərəfindən tərtib edilmiş İnzibati xəta haqqında MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli protokolun surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə Şamaxı rayonu, Sabir qəsəbəsi ərazisində sanaye və məişət tullantılarının qalaqlanması aşkar edildiyindən, Sabir bələdiyyəsinin sədri X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarının surətindən görünür ki, Şamaxı rayonu, Sabir qəsəbəsi ərazisində çayın kənarına sənaye və məişət tullantılarının pozulmasına görə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 2000 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə, inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarından müəyyən olunur ki, X2 barəsində ilkin araşdırma Şamaxı Rayon Polis Şöbəsi tərəfindən aparılmış və Şamaxı RPŞ-nin İTB-nin sahə rəisi X5 tərəfindən İXM-nin 271-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Halbuki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin 15 fevral 2016-ci tarixli Fərmanının 5.11-ci maddəsinə əsasən, həmin Məcəllənin 228,230, 234, 236-242, 243.0.2, 243.0.3, 243.0.5, 243.0.6, 243.0.8, 243.0.9, 244 (meşə fondu torpaqlarına aid hissəsində), 253, 253-1.2-253-1.4, 254-261, 264.0.1, 264.0.4, 264.0.6, 264.0.7, 266.1, 266.2, 269, 271, 273, 274, 275.1-275.3, 291, 292 və 541-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxır. Göründüyü kimi, qanunvericilikdə İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən baxılması müəyyən olunduğu halda, inzibati xəta haqqında protokol buna səlahiyyəti olmayan orqan - Daxili İşlər Nazirliyinin Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşı tərəfindən tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 135.1.5-2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 135.1.5-1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında qərarın ləğv edilməsi üçün əsasdır. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xətanın törədilməsində X2 təqsirliliyi sübuta yetirilmədiyindən və inzibati xəta haqqında protokol səlahiyyətli orqan tərəfindən tərtib edilmədiyindən, şikayət təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarı ləğv edilməli və X2 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X2 barəsində qəbul edilmiş 02 avqust 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qürur Abasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar