Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(5-157)-42/2026 19.02.2026 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Abasov Qürur Bəybala oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Şikayət vermiş şəxs X3, onun vəkili X6 və səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* nömrəli, xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X3 şikayətlə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən onun xəbəri olmadan və iştirakı təmin edilmədən xx.xx.2026-cı il tarixdə, MN № ******* saylı protokol tərtib edilmiş və həmin protokol əsasında İdarənin rəis əvəzi X9 tərəfindən birtərəfli qaydada xx.xx.2026-cı il tarixdə, MN № ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edilmişdir. Hesab edir ki, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən onun xəbəri olmadan və iştirakı təmin edilmədən xx.xx.2026-cı il tarixdə, tərtib edilmiş MN № ******* saylı protokol qərəzli və qanunsuzdur, həmin protokol Azərbaycan Respublikası İXM-nin 12, 100.1.4, 100.1.6, 100.1.7, 100.1.8, 100.2, 100.3, 10.4-cü maddələrinin tələblərinin pozulması ilə tərtib edilmişdir. Həmçinin, həmin qərəzli və qanunsuz protokol əsasında idarənin rəis əvəzi X9 tərəfindən onun xəbəri olmadan və iştirakı təmin edilmədən, birtərəfli qaydada qəbul edilmiş, xx.xx.2026-cı il tarixli, MN № ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar əsassız və ədalətsizdir, həmin qərar Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2, 75.0.6, 76.1, 76.2, 78, 79-cu maddələrinin tələblərinin pozulması ilə tərtib edilmişdir. Ona görə də, hesab edir ki, barəsində tərtib edilmiş xx.xx.2026- cı il tarixli, MN № ******* saylı Protokol və həmin Protokol əsasında qəbul edilmiş xx.xx.2026-cı il tarixli, MN № ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməlidir və inzibati xəta hadisəsi olmadığı üçün, eləcə də əməlində inzibati xəta tərtkibi olmadığı üçün barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul edilməlidir. Bununla yanaşı, məhkəmənin nəzərinə çatdırır ki, o, X3 Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin xx.xx.2017-ci il tarixli Fərmanına əsasən, təşkil edilmiş “bir pəncərə” prinsipi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər X12 üzrə Baş İdarəsində xx.xx.2021-ci il tarixdə sahibkar kimi Dövlət qeydiyyatına alınmışdır və Dövlət Vergi Xidməti tərəfindən onun adına “Fiziki şəxsin vergi uçotu haqqında” VÖEN ********** nömrəli Şəhadətnamə verilmişdir. Sahibkarlıq fəaliyyətini həyata keçirtmək üçün 21 iyul 2021 -ci il tarixdə Şamaxı rayonu, Muğanlı kəndində yerləşən “Əla Məkan” adlı əmlak kompleksini icarəyə götürmüşdür. İcarəyə götürdüyü həmin obyektdə “ad günləri” və s. banketləri sifariş edən vətəndaşlara iaşə obyekti kimi xidmət göstərmiş, fəaliyyətində əsasən elektrik sobasında, peçlərində bişirilmiş qazan yeməklərindən, yarımfabrikatlardan istifadə olunmuşdur. İşlədiyi dövrdə sahibkar kimi üzərinə düşən vəzifələri yerinə yetirmiş, vaxtlı-vaxtında dövlət vergilərini və s. kommunal xərcləri ödəmişdir. İcarəyə götürdüyü həmin obyekt yaşayış məntəqəsindən kənarda yerləşir, o qədər də gəlir gətirən rentabelli obyekt deyil, obyekti arabir sifariş əsasında işlətmişdir. Qeyd edir ki, uzun müddətdir ki, övladının müalicəsi ilə əlaqədar Bakı şəhərində yaşayır, 2025-ci ilin dekabr ayından ümumiyyətlə fəaliyyət göstərməmiş, obyekti bağlamışdır. Baş vermiş hadisə ilə bağlı məhkəmənin nəzərinə çatdırır ki, icarəyə götürdüyü əmlak kompleksinin sahibinin nümayəndəsi X5 28 yanvar 2026-cı il tarixdə 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 15 dekabr 2025-ci il tarixli məktubunun surətini, həmin məktubun göndərilməsi barədə poçt zərfinin surətini, eləcə də 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 26 yanvar 2026-cı il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarını ona vermişdir. O, həmin sənədlərlə tanış olmuş və məlum olmuş ki, idarə tərəfindən onun xəbəri olmadan və iştirakı təmin edilmədən, ona heç bir xəbərdarlıq edilmədən barəsində Azərbaycan Respublikası İXM-nin 237.2-ci maddəsi ilə inzibati xəta haqqında icraat aparılmış, nəticədə onun 3500 manat məbləğində cərimələnməyi barədə xx.xx.2026-cı il tarixdə qərar qəbul edilmişdir. 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları 2025-ci ilin sentyabr ayında yolnəqliyyat hadisəsi nəticəsində xəsarət alan oğlunun müalicəsi ilə əlaqədar uzun müddət Bakı şəhərində olmağına, fəaliyyətini dayandırmağına, obyekti işlətməməsinə baxmayaraq, 2025-ci ilin dekabr ayının ortalarında 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları onun yoxluğundan istifadə edib obyektin sahibinin nümayəndəsi Səməndər Rəcəbova zəng edib onu obyektə çağırmış, onun xəbəri olmadan və iştirakı təmin edilmədən icarəsində olan obyektin qapısını açdırmışlar, onsuz icarəsində olan obyektə baxış keçirilmiş, inizbati xəta hadisəsi olmamasına, əməlində inzibati xəta tərkibi olmamasına baxmayaraq, obyekt işləməyə-işləməyə barəsində inzibati icraat açılmış, onu dəvət etmədən, onun xəbəri və iştirakı olmadan guya Azərbaycan Respublikası İXM-nin 237.2-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməyi barədə xx.xx.2026-cı il tarixli, MN № ******* saylı qərəzli protokol tərtib edilmiş, sonra da həmin qərəzli və qanunsuz protokol əsasında birtərəfli qaydada onun 3500 manat məbləğində cərimələnməyi barədə xx.xx.2026-cı il tarixdə, MN № ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” əsassız qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən X1 vəkili X6 şikayətin məzmununa uyğun izahat verərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən X3 şikayətinin təmin edilməsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X7 izahat verərək bildirdi ki, idarənin göstərişi əsasında Şamaxı rayon ərazisində yerləşən “Əla Məkan” şadlıq sarayında tərəflərindən monitorinq aktı tərtib edilmiş, sonra onun əsasında protokol tərtib edilmiş və qaz-toztutucu qurğusunun quraşdırılmaması səbəbindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Verilmiş suallara cavab olaraq bildirdi ki, xx.xx.2025-ci il tarixdə əraziyə daxil olaraq monitorinq keçirilmiş, akt tərtib edilmiş, fotoşəkillər çəkilmiş və qaz-toztutucu qurğunun olmaması müəyyən edilmişdir. Onların monitorinq aparmaq səlahiyyətəri vardır, amma bu müşahidə xarakterlidir. Monitirinq aparılarkən onların əraziyə daxil olduqdan sonra müəyyən qeydiyyatlar aparmaq üçün monitorinqin mahityyətindən kənara çıxmış olur. Onlar yoxlama keçirmək üçün hüquqi əsasını yaratmalı idilər, müvafiq qərar qəbul olunmalı idi, reyestrdən keçməli idi, bu halların heç bir yoxdur. Monitorinqin adı altında yoxlama hərəkətləri aparmışlar. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* nömrəli, xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Şamaxı rayon ərazisində yerləşən “Əla Məkan” şadlıq sarayında əmələ gələn tullantıların qaz-toztutucu qurğu olmadan ətraf mühitə atılmasına görə X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 237.2-ci maddəsi ilə təqsirli bilinərək, 3500 (üç min beş yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X2 ünvanlanmış məktubdan görünür ki, keçirilmioş reyd zamanı “Əla məkan” restoranına keçirilən baxış zamanı şadlıq sarayının fəaliyyəti zamanı əmələ gələn iy-qoxunun təmizləyərək atmosferə atılmasını təmin edən qaz-toztutucu qurğunun quraşdırılmaması faktı aşkar edilmiş, sözügedən faktla bağlı xx.xx.2025-ci il tarixdə, saat 12.00-da idarənin inzibati binasınsa iclas keşiriləcəyi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2026-cı il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X2 ünvanlanmış məktubdan görünür ki, barəsində inzibati xəta faktı əsasında aparılmış inzibati araşdırmanın nəticəsi kimi xx.xx.2026-cı il tarixli, MN № ******* saylı protokol tərtib olunmuş və xx.xx.2026-cı il tarixli, MN № ******* nömrəli qərar ilə İnzibati Xətalar Məcəlləsinin 237.2-ci maddəsi əsasında inzibati qaydada 3500 (üç min beş yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Monitorinq keçirilməsi haqqında” Aktın surətindən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən “Əla Məkan” şadlıq sarayına baxış keçirilmiş, qaz-toztutucu qurğunun quraşdırılmaması faktı aşkar edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 237.2-ci maddəsinə əsasən, ətraf mühitə buraxılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurulmuş qurğuların, avadanlığın, aparatların istismar qaydalarının pozulmasına və ya bunlardan istifadə edilməməsinə görə - fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən inzibati xətanın törədilib-törədilməməsi ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarının yoxlamarı ilə aşkar edilir. Belə ki, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 71-ci maddəsinin 1-ci bəndinə əsasən, ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları bu Qanunun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirirlər. Həmin Qanunun 71-ci maddəsinin 2.1-ci bəndinə əsasən, ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarının qanunvericilikdə müəyyən edilmiş qaydada mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, müəssisə, idarə, təşkilatlara və digər obyektlərə, o cümlədən hərbi və müdafiə obyektlərinə maneəsiz (xidməti vəsiqələri, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin obyektlərinə daxil olarkən, həmçinin yoxlamanın həyata keçirilməsi haqqında qərarın surətini və yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı təqdim etməklə) daxil olmaq, öz xidməti vəzifələrini yerinə yetirmək üçün zəruri olan sənədlərlə, o cümlədən analizlərin nəticələri ilə pulsuz tanış olmaq hüquq vardır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən, yoxlamalar Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin tələbləri nəzərə alınmaqla yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2-ci maddəsinə əsasən, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra – qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 4-2.1.6-ci maddəsinə əsasən, yoxlama başlamazdan əvvəl xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etmək, sahibkarın (onun səlahiyyətli nümayəndəsinin) yoxlamada iştirakına mane olmamaq, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat vermək və sahibkara (onun səlahiyyətli nümayəndəsinə) bu sənədlərlə tanış olmaq imkanı yaratmaq yoxlama zamanı yoxlayıcının vəzifəsidir. 14.1-ci maddəsinə əsasən, yoxlama plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) aparılır. 15.1-ci maddəsinə əsasən, plan üzrə (növbəti) yoxlama yoxlayıcı orqanın tərtib etdiyi və vahid məlumat reyestrinə daxil edilmiş illik plan əsasında və həmin planda göstərilən tarixlərdə aparılır. İllik yoxlama planı risklərin idarə olunması sisteminə və hər risk qrupu üçün ayrıca müəyyən edilən yoxlama dövriliyinə uyğun olaraq hazırlanır. 17.1-ci maddəsinə əsasən, yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır. 17.3-cü maddəsinə əsasən, yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir və həmin məlumatların (sənədlərin) surəti yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış sahibkarlar üçün göndərildiyi andan açıq olmalıdır. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, yoxlama aparılarkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati (yuxarı dövlət orqanına və ya yuxarı dövlət orqanı olmadıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)) və məhkəmə qaydasında şikayət verə bilər. İstinad olunan Qanunun tələblərindən çıxış edərək, məhkəmə qeyd edir ki, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqan (nümayəndəsi) tərəfindən yoxlamnın keçirilməsinə dair qərarın qəbul edilib-edilməməsi, yoxlamanın “yoxlamaların vahid məlumat reyestrində” qeydiyyata alınınb-alınmaması, alındığı təqdirdə bu barədə çıxarışın əldə olunub-olunmaması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, aparılan yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun və digər əlaqəli normativ-hüquqi aktların tələbləri pozulmaqla keçirildiyindən hüquqi nəticəsi yoxdur və məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Eyni zamanda, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin yol vermiş olduğu digər bir pozuntu ondan ibarətdir ki, həmin İdarənin nümayəndəsi ətraf mühitin mühafizəsi ilə əlaqədar monitorinq keçirdiklərini qeyd etsə də, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 90 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında” Əsasnamə ilə nəzərdə tutulmuş monitorinq tədbirlərini deyil, monitorinq adı ilə yoxlama hərəkətlərini həyata keçirmişlər. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 90 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında” Əsasnamənin: 2-ci bəndinə əsasən, ətraf mühitin monitorinqi - təbii və antropogen təsirlər nəticəsində ətraf mühitə yayılan zərərli qaz, maye və bərk haldakı tullantılara kəmiyyət və keyfiyyət cəhətdən nəzarətin elmi əsaslarla həyata keçirilməsi olub, hava, su, torpaq mühitlərinin vəziyyətlərinin qiymətləndirilməsi və proqnozlaşdırılması məqsədilə onların kimyəvi tərkibini, çirklənmə dərəcəsini, radioaktiv, hidrobioloji xüsusiyyətlərini, fiziki xassələrini müəyyən edən müntəzəm müşahidə və tədqiqatlar sistemindən ibarətdir. 6.1.1. Atmosfer havasının çirklənməsinin monitorinqi - təbii proseslər və antropogen fəaliyyət nəticəsində atmosferə atılan zərərli qaz, maye və bərk tullantılara kəmiyyət və keyfiyyət cəhətdən nəzarətin elmi əsaslarla həyata keçirilməsindən ibarətdir. 6.9-cu bəndinin 1-c hissəsinə əsaəsn, tullantıların monitorinqi - əmələ gələn, emal olunan, utilizasiya edilən və saxlanılan tullantıların növü, miqdarı, emal və basdırılma üsulları göstərilməklə uçota alınması və tullantıların düzgün yerləşdirilməsi qaydalarına riayət olunmasının təmin edilməsindən ibarətdir. Göründüyü kimi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 90 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında” Əsasnaməsində nəzərdə tutulmuş monitorinq tədbirləri ətraf mühitin vəziyyətlərinin qiymətləndirilməsi və proqnozlaşdırılması məqsədilə onların kimyəvi tərkibini, çirklənmə dərəcəsini, radioaktiv, hidrobioloji xüsusiyyətlərini, fiziki xassələrini müəyyən edən müntəzəm müşahidə və tədqiqatlar sistemidir. Məhz bu səbəbdən də, aparılmış monitorinq nəticəsində məsuliyyət tədbirlərinin tətbiq edilməsi nəzərdə tutulmamışdır. Lakin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən monitorinq adı altında icra etdikləri hərəkətlərdən (çəkilmiş foto şəkil, əraziyə daxil olma, müvafiq məsuliyyət tədbirləri nəzərdə tutuan aktların qəbul edilməsi və s.) görünür ki, həmin İdarə monitoriq deyil, məhz yoxlama hərəkətləri həyata keçirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 134.1.3.-cü maddəsinə əsasən, bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında qərarın ləğv edilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X1 barəsində qəbul edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 115 və 134.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X1 barəsində qəbul edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qürur Abasov
Məhkəmə qərarları › İş №3(5-157)-42/2026
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(5-157)-42/2026
19.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver