Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(5-157)-5/2026 23.01.2026 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X8 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, şikayət verən - X1 iştirakı ilə, Şamaxı Rayonu Yol Patrul Xidmətinin inspektoru X2 İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı Rayonu Yol Patrul Xidmətinin inspektoru X2 İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Şamaxı rayonu Meysəri bələdiyyəsinin sədri işləyir. xx.xx.2025-ci il tarixdə Meysəri və Şirvan kəndlərində vətəndaşlarla görüş keçirildiyindən, idarə etdiyi “Hyundai Sonata” markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şamaxı şəhərindən Şirvan kəndinə doğru hərəkətdə olan zaman, Bakı- Şamaxı-Yevlax avtomobil yolunun 125-ci kilometrliyində yerləşən “Bənövşə” restoranının yaxınlığında, yəni magistral yolda tədbirlə əlaqədar tələsdiyi üçün, saat 15 radələrində əks istiqamətdən avtomobil gəlmədiyindən, ötmə əməliyyatı həyat keçirmiş və həmin zaman Şamaxı RPŞ-nin YPX-nin inspektoru X4 idarə etdiyi avtomobili ilə ona “saxla” işarəsi vermiş və o da, əmrə tabe olaraq saxlamışdır. O, avtomobildən enərək, bələdiyyə sədri işlədiyini, tədbir ilə əlaqədar təcili olaraq Şirvan kəndinə getməli olduğunu bildirsə də, inspektor ona maraqlı olmadığını bildirib, barəsində inzibati cərimə tətbiq edəcəyini söyləmişdir. O da, heç bir etiraz etməyərək, cərimə olunması barədə qərarın göndərilməsini söyləyib, tədbirə tələsdiyi üçün avtomobilə əyləşərək, Şirvan kəndinə getmişdir. Daha sonra, elektron portal vasitəsi ilə cərimə protokoluna baxan zaman müəyyən edilmişdir ki, yol patrul xidmətinin inspektoru xx.xx.2025-ci il tarixdə, saat 17:09da onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək, 100 manat cərimə etmiş və inzibati xətanın törədildiyi ərazinin isə, ünvan 1 ünvanını göstərmişdir. Şamaxı RPŞ-nin YPX-nin inspektorunun magistral yolda xidmət aparmaq səlahiyyəti yoxdur və qanunvericiliyin tələblərinə əsasən, o, ona təhkim olunmuş ərazidə xidmət aparmalıdır. Digər bir tərəfdən, Şamaxı şəhəri, Vaqif Cəfərov küçəsi Şamaxı şəhəri ərazisində ara bir küçədir və həmin küçədə ötmə əməliyyatı belə həyata keçirtmək mümkün deyildir. İnspektor xx.xx.2025-ci il tarixdə, saat 15 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 125-ci kilometrliyində saxlayaraq, qayda pozuntusunu aşkar etdiyi təqdirdə, səlahiyyəti çərçivəsində saxlanıldığı yerdə və saatda, yəni real vaxt rejimində protokol tərtib etməlidir. Lakin, hadisədən iki saat keçdikdən sonra, qanunvericiliyin tələbləri ciddi şəkildə pozularaq, qanunsuz olaraq protokol tərtib edilmiş və inzibati xətanın Şamaxı şəhəri ərazisində qeydə alındığı göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Şamaxı Rayon Polis X7 Polisi Bölməsi nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə şikayət verən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı Rayonu Yol Patrul Xidmətinin inspektoru X2 İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarından görünür ki, X3 xx.xx.2025-ci il tarixdə, saat 17:09-da ünvan 1 ünvanında “Hyundai Sonata minik” markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, əks istiqamətli hərəkət zolağına çıxmaqla, ötmə qaydalarını pozmuşdur. Nəticədə, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 100 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İşə baxılarkən, xx.xx.2025-ci il tarixdə “Hyundai Sonata minik” markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün törətdiyi inzibati xətanın aşkar olunması ilə bağlı, müvafiq videogörüntünün təqdim olunması üçün Şamaxı Rayon Polis Şöbəsinə müraciət olunsa da, qeyd olunan görüntü məhkəməyə təqdim edilməmişdir. Bununla da, inzibati xətanın törədildiyi yerin qərarda göstərildiyi kimi, məhz ünvan 1 ünvanı olması sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda sadalanan normaların tələblərindən göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması halları müəyyən edildikdə inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X3 tərəfindən göstərilmiş dəlillər əsaslı olduğundan, şikayət təmin edilməli, Şamaxı Rayonu Yol Patrul Xidmətinin inspektoru X2 İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X3 tərəfindən verilmiş şikayət təmin edilsin. Şamaxı Rayonu Yol Patrul Xidmətinin inspektoru X2 İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(5-157)-5/2026
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(5-157)-5/2026
23.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver