Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(5-158)-236/2026 23.02.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Məmmədli Nurhan İlham oğlunun katibliyi, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi X2 iştirakları ilə, xx.xx.1984-cü ildə Azərbaycan Respublikası, Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər xx.xx.2026-cı il tarixdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin nümayəndəsi X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-2189/2021-001 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 1212 manat pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, həmin tarixli qərarla icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü müddətdə icrası ilə bağlı borclunun elektron sistemdə qeydiyyatda olan mobil nömrələrinə SMS bildirişlər göndərilmiş, lakin tələb borclu tərəfindən könüllü müddətdə icra olunmamışdır. Şəki Rayon Məhkəməsinin 2(075)-2102/2021-006 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 2857.40 manat pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, həmin tarixli qərarla icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü müddətdə icrası ilə bağlı borclunun elektron sistemdə qeydiyyatda olan mobil nömrələrinə SMS bildirişlər göndərilmiş, lakin tələb borclu tərəfindən könüllü müddətdə icra olunmamışdır. İcra sənədləri könüllü müddətdə icra plunmadığı üçün borclunun əmlakının axtarışına başlanılmış, borcluya məxsus pul vəsaitləri və qızıl-zinət əşyalarının olubolmaması, borcunun adına qeydə alınmış daşınar və daşınmaz əmlakın olub-olmaması, borclunun sahibkarlıq fəaliyyəti ilə məşğul olub-olmaması, borclunun işləyib-işləməməsi, əmək haqqı və ya təqaüd alıb-almaması “Elektron icra” informasiya sistemi vasitəsilə sorğulanmış, həmçinin aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Lakin borcuya məxsus hər-hansı əmlak, pul vəsaiti və digər gəlirlər aşkar olunmamışdır. Həmçinin xx.xx.2022-ci il tarixdə borcunun ünvanına baxış keçirilmiş, lakin hər-hansı qiymətli əşya aşkar olunmamışdır. Borclu Şəxs çağırışlardan yayındığı üçün barəsində xx.xx.2022-ci il tarixli məcburi gətirimə qərarı qəbul olunmuş, xx.xx.2022-ci il tarixdə təqdimatla məhkəməyə müraciət olunmuş, borclunun məcburi gətirilməsi haqqında Şəki Rayon Məhkəməsinin 8(075)-98/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı qəbul olunmuşdur. Borclu Şəxs əvvəllər şöbədə olarkən verdiyi izahatlarında taksi fəaliyyəti ilə məşğul olduğunu, bütün borclarını ödəmək üçün kifayət qədər vəsaiti olmadığını, həyat yoldaşının səhhətindəki problemlərlə bağlı onun müalicəsi çün xərc çəkdiyini, davamlı olaraq ödəniş edəcəyini bildirmişdir. Tələbkar "xxxx" MMC xx.xx.2025-ci il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək borclu Şəxs borcunu ödəməkdən yayındığını və hal-hazırkı tarixə 2757.40 manat borcu qaldığını bildirmişdir. Borclu icra sənədləri üzrə ödənişlər etmədiyi və yaşadığı ünvan məlum olmadığı üçün barəsində xx.xx.2025-ci il tarixli axtarış qərarı qəbul olunmuşdur. Borclu Şəxs xx.xx.2026-cı il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gəlmişdir. Borcluya haqqında olan icra sənədləri barədə məlumat verilmişdir. Borcludan icra sənədlərini nə üçün təmin etməməsi barədə soruşulmuşdur. Borclu izahatında bildirmişdir ki, heç bir yerdə işləmir. Özünün və həyat yoldaşının səhhətindəki problemlərlə bağlı çağırışlara gələ bilməyib. Buna qədər "xxxx" MMC-yə 100 manat, "xxxx" MMC-yə təxminən 200 manat ödəniş edib, lakin "xxxx" MMC-yə etdiyi ödənişlə bağlı qəbz və ya başqa sənəd təqdim etməyib. Səhhətində problem olduğu üçün işləyə bilmir və buna görə də borclarını ödəmək üçün kifayət qədər vəsaiti yoxdur. Bu gün hər iki icra sənədi üzrə 200 manat ödəniş edə biləcəyini, geri qalan borclarını hər ay hissə-hissə ödəyə biləcəyini bildirdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, borcunu ödəmək istəyir. Əvvəl bazarda işləmişdir. Sonra müflis olmuşdur. Həyat yoldaşı ankoloji xəstədir. Əməliyyat olunmalıdır. Satası əmlakı da yoxdur. Yalnız babasının adına olan ev var. Onu satmalıdır ki, həyat yoldaşı əməliyyat elətdirsin. Hər ay 50 ödəmək istəyir. Bu gün 200 manat ödəniş edə bilər. Həyat yoldaşına o baxır. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X4 Vəkil Bürosunun vəkili X5 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarına əsasən və işdə olan materiallara baxaraq hesab edir ki, inzibati xəta üzrə işə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 145.1.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda, qərarın icrasına xitam verilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İcra haqqında Azərbaycan respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsası sayılır. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Şəxs inzibati məsuliyyətə cəlb edilməsinin əsası kimi onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi olmuşdur. Yəni, o, barəsində çıxarılmış məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, borclunun adına hər hansı pul vəsaiti və ya əmlak aşkar edilməmiş, eyni zamanda hər hansı gəlirinin olması müəyyən olunmamışdır. Hazırda borcundan 200 manat ödəniş etmək istəyir. Eyni zamanda borclu geri qalan borcları da ödəyəcəyini öhdəsinə götürmüşdür. Məhkəmə, borclununəməlində qərəzlilik müşahidə etməmiş, eyni zamanda hər hansı gəlirinin olmamasını, ailəvi çətinliklərinin olmasını nəzərə alaraq belə vəziyyətdə borclunun icra sənədinin qərəzli olaraq icra etməməsinə şübhə ilə yanaşır və hesab edir ki, hazırki vəziyyətdə borclunun əməlində qərəzlilik yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasənda göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə, fiziki, vəzifəli şəxslər və ya hüquqi şəxslər inzibati məsuliyyət daşıyırlar. Belə olan halda həmin icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halları aradan qalxmışdır. Bu səbəbdən də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra Şöbəsindən daxil olmuş İnzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra Şöbəsindən daxil olmuş inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərardan, təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(5-158)-236/2026
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(5-158)-236/2026
23.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver