Məhkəmə qərarları › İş №3(5-159)-40/2026

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(5-159)-40/2026

15.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(5-159)-40/2026 15.01.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, Eminbəyli Firuzə Ramiz qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1976-cİ il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Şəmkir rayonu Daşbulaq kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəmkir rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 15 yanvar 2026-cı il tarixdə Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Şəmkir rayon Polis Şöbəsinin polis sahə rəisi X2 tərəfindən tərtib olunmuş 15 yanvar 2026-cı il tarixli MN ******* nömrəli və ******* nömrəli inzibati xəta haqqında protokollarda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs nizam-intizama qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 izahatında göstərdi ki, Şəxs ictimai qaydanı pozmuş, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdur. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. xx.xx.2026-cı il tarixdə o, evdə olan zaman ona tanımadığı nömrədən zəng gəlmiş, telefona arvadı Simsarə cavab vermişdir. Daha sonra telefonda polis əmakdaşı onu soruşduqda o, telefonu götürüb polis əmakdaşı ilə danışmışdır. Polis əməkdaşı ilə telefonda danışan zaman polis əmakdaşı ona barəsində şikayət olmasını polis bölməsinə dəvət olunmağını bildirdikdə o, daha sonra gələcəyini bildirmişdir.Həmin vaxt polis əməkdaşları biraz sonra onun yaşadığı ünvana gəlmişlər, və onu polis bölməsinə dəvət etmişlər.Orada o səs küy salmış, lakin polis əməkdaşları ilə birgə bölməyə getmişdir. Hazırda baş vermiş hadisəyə görə peşmandır, odur ki izahatında göstərilənləri nəzərə alınmasını xahiş edir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 14 yanvar 2026-cı il tarixdə saat 22:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə, iş materiallarında olan sənədlərə və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmaması faktını təsdiq edən heç bir sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, Şəxs özü də polisin qanuni tələblərinə tabe olduğunu bildirmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXMnin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi onun əməlindən səmimi peşman olmasını, məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 50 (əlli) manat məbləğində cərimə edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar