Məhkəmə qərarları › İş №3(5-159)-66/2026

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(5-159)-66/2026

23.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(5-159)-66/2026 23.01.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim: Heydərova Nazlı Azər qızının sədirliyi Katib: X3 ızının katibliyi Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi: X1 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1993-cü il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Şəmkir şəhəri, Hərbi şəhərcik DOS-8, ev-26 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə Şəmkir şəhəri, Hərbi şəhərcik DOS-8, ev-26 ünvanında kəndində yaşayan Zərərçəkmiş şəxs vuraraq sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirib sonuncunu döymüşdür. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün, zərər çəkmiş şəxsin izahatı və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi, X2 izahatında göstərdi ki, Şəmkir şəhəri, Hərbi şəhərcik DOS-8, ev-26 ünvanında yaşayan Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə Şəmkir RPŞ-yə müraciət edərək həyat yoldaşı Şəxs və onun valideyinləri tərəfindən döyülməsi barədə məlumat vermişdir. Daha sonra müraciət ilə əlaqədar Şəmkir RPŞ-də araşdırma aparılmış, aidiyyəti şəxslərin izahatları alınmış və nəticədə “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Bundan sonra həmin qərar Şəmkir RPŞ-in İTB-yə göndərilmiş və qərara əsasən vətəndaş Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində toplanmış material baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Odur ki məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs onun həyat yoldaşıdır. Həmin şəxslə o 2022-ci ildə ailə həyatı qursa da onların bu evlilikdən övladları dünyaya gəlməmişdir. Həmin şəxslə onun arasında olan münasibət zaman keçdikcə pisləşməyə başlamış və aralarında problemlər olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 14 radələrində onlar yaşadığı evin yataq otağında olarkən Eşqin ona əsəbləşmiş və onun qolundan tutub sıxaraq onu döymüşdür. Həmin vaxt o, Eşqinə irad bildirdiyi üçün Eşqin bu dəfə sillə ilə onun üz nahiyyəsindən vurmuşdur. O, artıq münasibətlərinin davam etməyəcəyini görüb onu yaxınlıqda yaşayan qohumugilə aparıb yerləşdirməsini Eşqindən istəmişdir. Daha sonra xx.xx.2025-ci il tarixdə yaşadıqları evin qarşısına gəlmiş və paltarlarını götürmək istəyərkən Eşqinin valideynləri buna icazə verməmiş və onu döyməklə hədələyərək oradan qovmuşlar. O, bu səbəbdən DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Hazırda da Şəxs şikayətçidir, aralarında barışıq yoxdur, barəsində ciddi intizam tənbehinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, rəsmi olaraq heç yerdə işləmir fərdi əməklə məşğul olur. Zərərçəkmiş şəxs onun həyat yoldaşı olmuşdur. Həmin şəxslə 2022-ci ildə ailə həyatı qurmuşdur. Onların bu evlilikdən övladları dünyaya gəlməmişdir. Həmin şəxslə arasında əvvəllər normal münasibətlər olsa da sonradan Aycanın kobud danışığı və birbirlərini anlaya bilməmələrinə görə münasibətləri pozulmuşdur. xx.xx.2025-ci il tarixdə saat 14 radələrində onlar yaşadıqları evin yataq otağında olarkən Aycan yüksək səslə onunla kobud şəkildə danışdığı üçün o, əsəbləşmiş və Aycanın qolundan tutub sıxaraq sakit olmasını demişdir. Həmin vaxt Aycan daha da uca səslə onunla kobud danışmağa davam etdiyi üçün o, sillə ilə Aycanın üz nahiyyəsindən vurmuşdur. O, artıq münasibətlərinin davam etməyəcəyini görüb Aycanı yaxılıqda yaşayan qohumugilə aparıb yerləşdirmişdir. Daha sonra xx.xx.2025-ci il tarixdə Aycanın yaşadığı evin qarşısına gələrək səs küy salmasını və sonra isə onun barəsində şikayət etməsini öyrənmişdir. Odur ki qeyd etdiklərinə əsasən, onun əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2026-cı il tarixli qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş və onun zərər çəkmiş Zərərçəkmiş şəxs döyərək inzibati xəta törətməsi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Şəmkir rayon MTE və PA şöbəsinin 29 dekabr 2025-ci il tarixli, 1204 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-alın nahiyəsinin sıyrıqları 29 dekabr 2025-ci il tarixdə, sol bazunun orta üçdə birinin və sol budun yuxarı üçdə birinin iç səthinin qançırları isə müayinədən 2-3 gün əvvəl KÜT əşyaların təsirindən törənmişlər, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. Məhkəmə, inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında verdiyi izahatını, həmçinin, zərər çəkmiş şəxsin izahatını, 29 dekabr 2025-ci il tarixli, 1204 saylı rəyi, tədqiq edilmiş sənədləri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək həmin izahatları, habelə tədqiq edilmiş digər sübutları Şəxs qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə- üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və zərər çəkmiş şəxslə barışmamasını, həmçinin, nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Həmçinin, məhkəmə bu cür tənbeh tədbirinin tətbiq edilməsini inzibati xəta törətmiş şəxsin qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınmasında yetərli hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar