Məhkəmə qərarları › İş №3(5-159)-81/2026

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(5-159)-81/2026

29.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(5-159)-81/2026 29.01.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Cəfərova Aygün Musa qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X4 iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Şəmkir rayon, Təzəkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan Şəmkir rayonu Təzəkənd kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Protokola əsasən Şəxs tərəfindən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(076)-1260/2014 saylı və xx.xx.2015-ci il tarixli 2(076)-4565/2015 saylı icra sənədlərinə əsasən tələb tam icra edilməmişdir. İcra sənədi üzrə bu günə qədər olan borc 6790 manat təşkil edir. Bununla da, Şəxs Аzərbaycan Рespublikası İnzibati Хətalar Мəcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun əsaslarını müdafiə edərək izahatında bildirdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(076)-1260/2014 saylı və xx.xx.2015-ci il tarixli 2(076)-4565/2015 saylı icra sənədi üzrə tələbi borclu tam təmin etməmişdir. Şəxs dəfələrlə bildiriş göndərilməsinə baxmayaraq o, borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək ondan borcunu ödəməsi tələb olunmuş, lakin hazırkı vaxtadək borclu borcunu ödəməmişdir. Hazırda aliment borcu 6790 manat təşkil edir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək borcun ödənilməsindən boyun qaçırdığına görə hazırkı protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolu müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, həqiqətən ondan Şəmkir Rayon Məhkəməsinin icra sənədlərinə əsasən Sahib adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay bir uşaq üçün alimentin tutulması qət edilmişdir. Hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Bu ay ödəniş etməmişdir, lakin ondan əvvəlki ay ödəniş etmişdir. Xəstəliyi ilə bağlı işləyə bilmir. Hər ay anasının pensiyasından 150 manat ödəyir. Bundan sonra da ancaq anasının pensiyasından ödəyəcək. Anasının 82 yaşı var. Özü də 2 ildir ki, ikinci dəfə ailə qurub, yoldaşı da işləyir. Anasının pensiyası və yoldaşının əmək haqqısı var. İcra sənədi üzrə yığılmış tələbi birdəfəyə ödəməyə maddi imkanı yoxdur. Barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş edir. M əhkəmə iclasında iştirak edən Şəxs vəkili X8 öz izahatında bildirdi ki, hazırda Şəxs heç bir gəlir yoxdur və bu səbəbdən aliment borcundan ödəniş edə bilmir. İş materiallarına əlavə edilmiş, Şəmkir Rayon Məhkəməsinin, xx.xx.2014-cü il tarixli, 2(076)-1260/2014 saylı qətnaməsinə əsasən, X3 Zərərçəkmiş şəxs Əbli qızından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü Sahib adlı uşağın atası olması faktı müəyyən edilməsi; cavabdeh X2 xx.xx.2014-cü il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü Sahib adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 50 (elli) manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs Əbli qızına verilməsi barədə qətnamə qəbul edilmişdir. İş materiallarınadan görünür ki, xx.xx.2014-cü il tarixli icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə bərabər icra sənədi üzrə borclunun icra sənədində qeyd olunmuş ünvanına göndərilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(076)-1260/2014 saylı icra sənədi üzrə tələbi könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. İş materiallarına əlavə xx.xx.2015-ci il tarixli, 2(076)-4565/2015 nömrəli Şəmkir rayon Məhkəməsinin icra vərəqindən görünür ki, 29 oktyabr 2012-ci il təvəllüdlü Sahib adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Şəmkir Rayon Məhkəməsinin 19 iyun 2014-cü il tarixli qatnamesi ile her ay bir uşaq üçün tayin edilmiş 50 (ǝlli) manat alimentin miqdarı artırılaraq hər ay bir uşağa göra 90 (doxsan) manat həddində müəyyən edilməli; 03 noyabr 2015-ci il tarixdən başlayaraq 29 oktyabr 2012-ci il təvəllüdlü Sahib adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa görə 90 (doxsan) manat sabit pul məbləğində aliment cavabdeh X2 tutularaq iddiaçı Zərərçəkmiş şəxs Əbli qızına verilməlidir. İş materiallarından görünür ki, xx.xx.2016-cü il tarixli icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə bərabər icra sənədi üzrə borclunun icra sənədində qeyd olunmuş ünvanına göndərilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(076)-4565/2015 saylı icra sənədi üzrə tələbi könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan Şəxs, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin məmurunun izahatlarını, tədqiq edilmiş digər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edərək inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında borcunu ödəmək imkanının olmadığını bildirməsinə dair verdiyi izahatını inzibati məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilmiş izahat olması qənaətinə gəlir və inzibati xəta haqqında işin materialları Şəxs məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədini icra etməməsinin həqiqətən də heç bir üzürlü səbəblərlə əlaqədar olmadığını və qərəzli olduğunu bir daha təsdiq edir, əlavə olaraq Şəxs məhkəməyə verdiyi izahatından da müəyyən olunur ki, onun yaranmış aliment borcunu ödəmək niyyəti yoxdur. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını nəzərdən keçirib müəyyən edir ki, Şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(076)-1260/2014 saylı və xx.xx.2015-ci il tarixli 2(076)-4565/2015 saylı icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, üzrsüz olaraq 6790 manat aliment borcunu ödəməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli Qərarında vurğulayır ki, razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə 7 may 2002-ci il tarixli Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini və s. halları nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 2 saat olmaqla cəmi 22 manat pul dövlət hesabına hüquqi yardım göstərmiş Şəmkir rayon vəkil bürosunun vəkili X6 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli inzibati qaydada tutulduğu xx.xx.2026-ci il tarixdən, saat 16:30-dan hesablansın. İnzibati xəta törədən şəxs Şəxs oğluna məhkəmə iclasında 2 saat olmaqla cəmi 22 manat pul dövlət hesabına hüquqi yardım göstərmiş Şəmkir rayon vəkil bürosunun vəkili X6 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın icrası Şəmkir Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar