Məhkəmə qərarları › İş №3(5-159)-98/2026

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(5-159)-98/2026

02.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(5-159)-98/2026 02.02.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim: Heydərova Nazlı Azər qızının sədirliyi Katib: Eminbəyli Firuzə Ramiz qızının katibliyi Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi: X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi: X2 iştirakları ilə xx.xx.1979-cu il tarixdə, Vardenis rayonunda anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMC-də baş direktor vəzifəsində işləyən, Göygöl rayonu, Səmədli qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokola əsasən Şəxs 01 fevral 2026-cı il tarixdə Şəmkir rayon ərazisində ucadan nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq etmiş, həmçinin, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Şəmkiar RPŞ-nin sahə rəisi, X4 izahatında göstərdi ki, 01 fevral 2026-cı il tarixdə Şəmkir rayon ərazisində Şəxs polis əmkdaşlarının qanuni tələblərinə tabe olmadığı və ucadan nalayiq ifadələr işlətdiyinə görə gətirilərək Şəmkir RPŞ-yə təhvil verildiyini bildirmiş və məhkəmədən Şəxs barəsində ciddi intizam tənbehinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs məhkəmə iclası zamanı izahatında göstərdi ki, xx.xx.2026-cı il tarixində Qazax rayonundan yas mərasimindən gələrkən, avtomobildə sürücü və onunla birlikdə 3 nəfər sərnişin olmuşdur. Şəmkir rayon ərazisindən avtomobil ilə hərəkət edən zaman Şəmkir rayon ərazisində yerləşən postda onların avtomobilinı saxlamışlar. Buna səbəb olaraq onlara BDYPİ-i tərəfindən avtomobildə əlavə konstruksiyanın olmasını bildirmişlər. Bu zaman onlar avtomobildən düşərək onların avtomobilinə baxış keçirməsinə izacə vermişlər və o, avtomobildən kənara çəkilmişdir. Elə bu vaxt mülki paltarda olan şəxs onunla eyni maşında sərnişin olaraq iştirak edən X3 üzərinə gedərək onunla söz mübahisəsi etməyə başlamış və ona əl-qol atmağa başlamışdır. Həmçinin ona məxsus telefonla onun videosunu çəkdiyini iddia edərək onun üzərinə gələrək səsinin tonunu qaldırmış və telefonunu almağa cəhd göstərmişdir. Bu zaman onunla aralarında söz mübahisəsi yaranmışdır və nəticə də o, post patrul xidmətinin əməkdaşları tərəfindən Şəmkir rayon polis şöbəsinə gətirilmişdir. Polis əməkdaşlarına qarşı heç bir tabesizlik nümayış etdirməmişdir. Həmçinin onu da qeyd edir ki, o, polis əməkdaşlarının ünvanına qarşı nəlayiq ifadələr işlətməmişdir. Odur ki izahatında göstərilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, BDYPİnin YPX Alayının 9-cu tağımının İnspektoru vəzifəsini daşıyır. xx.xx.2026-cı il tarixdə təxminən saat 15:40 radələrində BDYPi-nin Şəmkir rayonu ərazisində yerləşən 724 -saylı postunda xidmətdə olarkən **-DO-*** dövlət qeydiyyat nişanlı “Mercedez-benz G63 amg” markalı avtomobil hərəkətdə olan zaman tərəfimizdən saxla əmri verilmişdir. Avtomobilin sürücüsü avtomobili saxlayaraq maşından düşmüş və onlar ondan sənədləri istədikdə sənədləri təqdim etmişdir. Sənədlər yoxlanıldıqda və qaydasında olmuşdur. Nəqliyyat vasitəsində səs gücləndirici vasitələrin qaydasında olmamsı ilə bağlı avtomobilə baxış keçirilən zaman avtomobildə sərnişin qismində əyləşən X6 onların nəqliyat vasitəsini idarə edən şəxslə olan ünsiyyətlərinə mane olmuşdur. Onlar həmin adı qeyd olunan şəxsi nizam intizama dəvət etmişlər. Bu zaman avtomobildə olan digər sərnişin Şəxs onlara yaxınlaşaraq səsinin tonunu qaldıraraq onlara suallar verməyə başlamış, səs küy salmışdır. Polis əməkdaşları onu sakitləşdirməyə çalışsalar da, buna nail ola bilməmişlər. Elə bu səbəbdən də onlar həmin şəxsi Şəmkir rayon polis şöbəsinə gətirərək Şəmkir RPŞnin növbətçi hissəsinə təhvil vermişlər. - İnzibati qaydada tutma haqqında xx.xx.2026-cı il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saatda 16:15-də tutulmuşdur. -İş materiallarına inzibati xəta haqqında protokol tərtib olunmasına əsas olmuş hadisə il bağlı videogörüntülərin əks olunduğu CD disk əlavə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs polis əməkdaşının hansı qanuni tələblərinə tabe olmaması və ictimai qaydanı hansı qaydada pozması məhkəmə iclası zamanı müəyyən edilməmiş, bu halı təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İlk növbədə məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli Qanununun 1.20-1.21-ci maddələrində nəzərdə tutulur ki, 510-cu maddə üzrə maddənin mətni 510.1-ci maddə hesab edilsin və həmin maddənin dispozisiyasına “pozan,” sözündən sonra “cəmiyyətə açıqca hörmətsizlik ifadə edən,” sözləri əlavə edilsin. Lakin inzibati xəta haqqında protokol tərtib edilərkən qanunun əvvəlki redaksiyasına uyğun olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə istinad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmadıqda yaranır. Həmçinin 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər edildikdə yaranır. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmaması və xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər etməsi sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında olan CD diskə baxış zamanı Şəxs polis əməkdaşlarına münasibətdə məqsədli və qərəzli şəkildə ictimai qaydanı pozan hərəkətlər etməsi müşahidə edilməmişdir. Buna görə də onun əməli polisin qanuni tələblərinə qəsdən tabe olmamaq və xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər etmə kimi qiymətləndirilə bilməz. CD diskdən görünür ki, Şəxs polis əməkdaşları ilə mübahisə etməmiş, saxlanıldıqda heç bir müqavimət göstərməmiş, ictimai qaydanı pozmamış, yalnız polis əməkdaşlarından sərnişini olduğu avtomobili hansı səbəbə saxlanıldığını öyrənmək məqsədilə polis əməkdaşına sual vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 5-ci maddəsinin 2ci bəndinə əsasən tutulmuş hər bir kəsə ona aydın olan dildə onun tutulmasının səbəbləri və ona qarşı irəli sürülən istənilən ittiham barədə dərhal məlumat verilir. Azərbaycan Respublikası İXM-in 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət vəənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarınaqarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Göründüyü kimi, iş materiallarına əlavə edilmiş sənədlərdən və tərəflərin izahatlarından müəyyən edilmişdir ki, Şəxs tərəfindən məqsədli və qərəzli formada İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddəsinin tələblərini pozan nümayişkar hərəkətlər müşahidə edilməmiş və bunu təsdiq edə biləcək sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat xitam verilir. Eyni Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 510.1 və 535.1-ci maddələrinin tərkibi olmadığından sonuncu barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməli və məhkəmə iclas zalından dərhal azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 49-51, 105, 115 və 128-129-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair işin icraatına xitam verilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar