Məhkəmə qərarları › İş №3(5-160)-155/2026

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(5-160)-155/2026

12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(5-160)-155/2026 12.02.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin qanuni təmsilçisi X1 iştirakı ilə, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri üzrə tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən "xxxx" MMC-nin İXM-nin 215.1 və 215.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2026-cı il tarixdə saat 16:20-də ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus stomatoloji klinikada keçirilən planlı yoxlama zamanı lisenziyadan kənar ortodontik cərrahi stomotoloji iş fəaliyyəti ilə məşğul olması və sertifikatsız X1 praktik tibb fəaliyyəti ilə məşğul olması faktı aşkarlanmışdır. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin qanuni təmsilçisi X5 tərtib edilmiş protokola etiraz edərək bildirmişdir ki, planlı yoxlamanın keçirəcəyi barədə əvvəlcədən yazılı qaydada məlumatlandırılmış, tələb olunan sənədlər təqdim edilmişdir. Yoxlama qısa müddət ərzində keçirildiyindən klinikada aparılan təmirtamamlanma işləri tam başa çatdırılmamışdır. Belə ki, diş çəkimi və implant əməliyyatları yalnız xüsusi cərrahi otaqlarda həyata keçirilməlidir. Xüsusi cərahi otaqlarını özünün də şərtləri vardır. Əməliyyat önü hissə, əməliyyat hissəsi və ayrı-ayrı bölmələrdən ibarətdir. Hansı ki, həmin klinikada bütün şərtlərə əməl olunmuş, lakin son tamamlanma təmir işləri təmin edilməmiş, yekunlaşdırıldıqdan sonra lisenziya alınması üçün Səhiyyə Nazirliyinə müraciət ediləcəyi planlaşdırılmışdır. Həmçinin bildirmişdir ki, yoxlama bir gün ərzində keçirildiyindən sənədləşmə və lisenziyalaşdırma prosesini tamamlamaq mümkün olmamış, əlavə olaraq 10-20 gün müddət veriləcəyi halda tələb ediləcək sənədlərin təqdim edilə biləcəyinin mümkün olardı. Eyni zamanda qeyd edir ki, qanunvericilikdə edilmiş dəyişiklərə əsasən 1 və 2 nömrəli Tibb kollecini bitirən şəxslər işə qəbul oluna bilər. Lakin, həmin ixtisas üzrə kadr çatışmazlığı mövcuddur. İşə qəbul edilmiş şəxs qeydiyyatçı vəzifəsində çalışır, lakin zərurət yarandığı halda köməkçi funksiyalar icra edir. Həmçinin ona tətbiq edilən maddənin sanksiyasında nəzərdə tutulan cərimənin məbləğindən xəbərdar olmamış, yalnız özü və işçisi barəsində ayrı-ayrılıqda 300 manat məbləğində cərimə tətbiq ediləcəyi bildirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkibi vardır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli 3-28-1/3-2-1563/2025 saylı Qərarından görünür ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə əsasən Şirvan şəhəri, X7 küçəsi, ev 11 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus özəl tibb təşkilatının fəaliyyətinin yoxlanılması məqsədilə xx.xx.2026 - xx.xx.2026-cı il tarixlərdə həmin müəssisədə planlı (növbəti) yoxlama aparılması qərara alınmışdır. İş materiallarında olan Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2025-ci il tarixli, KY252475769 saylı çıxarışdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən plan üzrə (növbəti) yoxlamanın keçirilməsi əsasında Şirvan şəhəri, X7 küçəsi, ev 11 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus klinikada aparılacaq yoxlama barədə məlumat vahid məlumat reyestrinə daxil edilmişdir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli T-009 saylı “Özəl tibb müəssisələrində planlı (növbəti) yoxlama aktı”ndan görünür ki, planlı yoxlama 13 yanvar 2026-cı il tarixində Şirvan şəhəri, X7 küçəsi ev 11 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus klinikada keçirilmişdir. Yoxlamanın 1 (birinci) sualı üzrə qeyd edilir ki, müəssisədə pasiyentlərin qeydiyyatı qismən şəkildə “İnferon” el proqramı ilə aparılır, qismən öz tərəfindən əl kitabçada. Tibbi qeydiyyat sənədləri (F-074, F-037) aparılmır, F-043 ambulatorkart düzgün tam qaydalara uyğun aparılmır. Alətlərin sterilizasiya işlərin qeydiyyat jurnalı tibb qeydiyyatçısı tərəfindən aparılır. Görülən işlər üzrə tibbi statistik hesabatlar yoxlamaya təqdim edilmədi. Dövri tibbi müayinədən keçmə işləri müvafiq “Təlimat” a uyğunlaşdırılmayıb (F-086 təqdim olundu) Tibbi fəaliyyəti üçün istifadə edilən avadanlıqların normativ-texniki tələblərə uyğunluğu haqqında yeni təsdiqedici sənədlər yoxlamaya təqdim edilmədi. Müəssisədə baxış keçirilən zamanı lisenziyada olan vəziyyətin dəyişməsi, yeniqurma işlərin aparılması müəyyən edilmişdir. Sterilizasiya otağının yeri dəyişib, yeni “cərrahi stomotoloji” işə aid sahələr yaradılmışdır. Sterilizasiya sahəsi sanitar-epidemioloji tələblərə uyğun təşkil edilməyib. Alətlərin sterilizasiya işlərinin ardıcıllıqla aparılmasına, Dezinfeksiyaedici işçi məhlulun hazırlanmasına, Avtoklav cihazının iş prinsipinə işləməsinə dair Təlimatlar tərtib edilməyib. Dezinfeksiyaedici işçi məhlulun saxlama konteynerler mövcud deyil, sterilizasiya önü işləri US-vanna cihazı ilə icra olunur. Sterilizasiya olunmuş paketlənmiş alətlərin üzərində sterilizasiya tarixi qeyd edilmir. Paketləmə materiallar təkrar istifadə olunur. Bakterisid lampalar stomtoloji otaqlarda quraşdırılmayıb, bir otaqda resirkulyator var. Bir sanitar qovşağında təsərrüfat ləvazimatları pərakəndə yığılmışdır. İİ sanitar qovşaq tullantıların müvəqqəti saxlama kimi istifadə edilir. İlk tibbi yardım dolabında istifadəsi bitmiş dərman vasitələri aşkar edildi. Anafilaktik şok zamanı və təxirəsalınmaz ilk tibbi yardım dolablarında lazımi dərman vasitələrin qeydiyyat vərəqəsi və “Təlimat” yoxdur. Tibbi tullantıların idarə edilməsi müəssisədaxili işləri müvafiq “Təlimat”a uyğunlaşdırılmayıb, cavabdeh şəxs ƏMR-i ilə təyin edilmədi. “Daşınma Utilizasiya” müqaviləsinin icra sənədləri yoxlamaya təqdim edilmədi. Kəsici-deşikci tibbi tullantıların ayrıca yığılması icra edilmir. Yeni yaradılmış “cərrahi” stomatoloji otağında “avtoklov” cihazların yerləşdirilməsi və ventilyasiya olmaması müəyyən edildi. Havalandırma sisteminə texniki quluq sənədləri yoxlamaya təqdim edilmədi. Yoxlamanın (2) ikinci sualı üzrə qeyd edilir ki, müəssisədə sertifikasiya şəhadətnaməsi olmadan tibbi praktiki fəaliyyəti ilə məşğul olma faktlatı aşkar edildi: vəzifə üzrə “direktor” X2 (həkim-stomatoloq fəaliyyəti) və əmək müqaviləsində “tibbi qeydiyyatçı” X3 (sterilizasiya işlərin tibb bacısının işi icra edir). Yoxlamanın 3 (üçüncü) sualı üzrə üzrə qeyd edilir ki, müəssisədə lizensiyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətini həyata keçirilməsi faktlar aşkar edildi: həmin stomatoloq X2 tərəfindən ortodontik və cərrahi stomatoloji işlərin icrası elektron qeydiyyat proqramında müəyyən edilmişdir. Fotoşəkillər çəkilmiş, iş materiallarına əlavə edilmişdir. Aşkar edilmiş nöqsanlarla bağlı İXM-nin 215.1 və 215.4-cü maddələri üzə MN ******* saylı protokol tərtib edilmişdir. Yoxlama ilə bağlı əlavə yanaşı AKT-T-009 A və T-009 B, müvafiq İXM-215.1-ci maddəsi ilə MN seriyalı ******* və ******* nömrəli protokollar tərtib edilmişdir. Müəssisədə yoxlama qanuni təmsilçi (vəzifə üzrə direktor) X1 iştirakı, müşayiəti, təqdim etdiyi sənədlər və sahələr üzrə keçirilmişdir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxs tərəfindən praktik tibb fəaliyyətinin həyata keçirilməsinə, habelə tibb işçisi tərəfindən ixtisasına uyğun olmayan tibbi xidmətin göstərilməsinə, yaxud tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir; Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən lisenziya (icazə) sahibinin lisenziyanın və icazənin şərtlərinə riayət etməsinə nəzarət müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada həyata keçirilir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən bu Qanunun tələblərinin, lisenziya və icazə şərtlərinin pozulmasına görə lisenziyanın (icazənin) sahibi Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır. Həmin Qanuna 1 nömrəli əlavədə lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısında özəl tibb fəaliyyəti qeyd edilmişdir. “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən özəl tibb müəssisəsi tibbi fəaliyyətin müəyyən növləri üzrə qanunvericiliyə uyğun olaraq verilən xüsusi razılıq olduqda və tibbi fəaliyyətin hər bir növü üzrə müvafiq ixtisasa malik mütəxəssislərlə əmək müqaviləsi bağladıqda özəl tibbi fəaliyyətlə məşğul ola bilər. Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, ünvan 1 ünvanında yerləşən yerləşən "xxxx" MMC-yə məxsus klinikada nizamnamələrində və özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi və sertifikatsız özəl tibb praktiki fəaliyyəti ilə məşğul olunması aşkarlanmışdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmçinin Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya məhkəməsi plenumunun xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “... Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər.” Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsi xarakretizə edən halları nəzərə alaraq edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İXM-in 215.1-ci və 215.4-cü maddələri ilə təqsirli bilinməli və hər iki maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbehi ağırlığı eyni olduğundan Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə müvafiq olaraq bir maddənin sanksiyası həddində barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 18.5, 114-115, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törədilməsində təqsirli bilinərək 6000 (altı min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar