Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(5-160)-166/2026 06.02.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X2, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə , xx.xx.1993-cü ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən 02 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən borclu Əliyev X6 şəhər Məhkəməsinin 2(032)-873/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələbləri yerinə yetirməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, icra vərəqəsi üzrə pulu işləmədiyindən və maddi imkanı olmadığından tələbkara vaxtında ödəyə bilməmişdir. Həmçinin bildirdi ki, hazırda Şirvan şəhər Məhkəməsinin 2(032)-873/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə ümumlikdə 500 manat ödəniş edilmişdir, bu halı nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahat verərək bildirdi ki, borclu Şirvan şəhər Məhkəməsinin 2(032)-873/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə xx.xx.2026-cı il tarixdə 300 manat və hazırda 200 manat olmaqla, ümumlikdə 500 manat məbləğində ödəniş etmişdir. Odur ki, bu halların məhkmə tərəfindən nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X3 izahat verərək bildirdi ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-876/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə borclu Şəxs xx.xx.2023-cü il tarxdən hesablanmaqla hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 160 manat sabit pu məbləğində aliment tutularaq iş üzrə tələbkar X4 ödənilməlidir. İcra sənədi üzrə borcluya “icraata başlamaq haqqında” qərar və tələbin könüllü icrası haqqında bildiriş göndərilməsinə baxmayaraq icra vərəqəsi icra olunmamışdır. Tərəfimizdən borclunun müvafiq təşkilatalara edilmiş əmlak sorğuları nəticəsində borclunun adına heç bir əmlak aşkar olunmamışdır. İcra sənədi üzrə borclu Şəxs hüquq və vəzifələri, eləcə də aliment öhdəliyini yerinə yetirmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsinə dair xəbərdar edilməsinə baxmayaraq keçən müddətərzində aliment üzrə ödənişlərini tam şəkildə etməmiş, nəticədə aliment üzrə borcu yaranmışdır. Borclu icra məmurunun çağırışlarına gəlmədiyindən, eləcə də, onun yaşayış yerini müəyyən etmək mümkün olmadlığından barəsində xx.xx.2026-cı il tarixində “borclunun axtarılması” barədə qərar qəbul edilmişdir. İcra tədbirləri nəticəsində borclunun xx.xx.2026-cı il tarixinə cəmi 2110 manat aliment borcu olduğu məlum olmuşdur. İş üzrə tələbkar dəfələrlə şöbəyə yazılı və şifahi müraciətlər edərək yaranmış aliment borcunu tələb etmişdir. Beləliklə, Şəxs dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq göstərilən icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Borclu tərəfindən X2 hesabına xx.xx.2026-cı il tarixdə 300 manat və hazırda 200 manat olmaqla, ümumlikdə 500 manat məbləğində ödəniş edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən görünür ki, Əliyev X6 Şəhər Məhkəməsinin 2(032)-876/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən xəbərdar edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx.xx.2026-cı il tarixli borclunun axtarışı haqqında qərarın surətindən görünür ki, Şəxs barəsində Şirvan Şəhər Məhkəməsinin 2(032)-876/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə axtarış elan edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx.xx.2026-ci il tarixli və xx.xx.2026-cı il tarixli ödəniş qəbzlərinin surətindən görünür ki, tələbkar X2 hesabına 300 manat və 200 manat olmaqla, ümumlikdə 500 manat ödəniş edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, Şəxs məhkəmə gedişatı dövründə zərərçəkmişə ödəniş etməsi, zərərçəkmiş şəxsin şikayətçi olmaması kimi halları nəzərə alaraq hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsinin tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddənin Qeyd hissəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Bütün qeyd edilənlər isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməsi öz təsdiqini tapmır. Həmçinin borclu tərəfindən icra sənədi üzrə müvafiq ödənişlər edilmişdir. İXM-nın 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; İXM-nın 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, hazırki halda borclu Şəxs hərəkətlərində icra sənədini üzrsüz səbəbdən icra etməmə və ya icra məmurunun qanuni tələblərini yerinə yetirməmə kimi halların mövcud olmadığı qənaətinə gəlir və buna görə də borclu barədə başlanmış iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. İXM-nin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; İXM-nın 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; İXM-nın 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclunun hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-nın 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-873/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-nın 48-51, 53, 55, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1993-cü ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(5-160)-166/2026
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(5-160)-166/2026
06.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver