Məhkəmə qərarları › İş №3(5-160)-190/2026

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(5-160)-190/2026

03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(5-160)-190/2026 03.02.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abbasova Nərmin Bəxtiyar qızının sədrliyi, Məhkəmə iclas katibi Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, Zərərçəkmiş şəxs X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx.xx.2026-cı il tarixdə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs dəymiş maddi ziyana görə 39000 manat və 207 manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 protokola uyğun izahat verərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-370/2025 saylı, xx.xx.2025-ci il icra sənədinə əsasən Şəxs cəmi 39207 manat pul alınaraq Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə icra şöbəsinə daxil olmuş, borcluya icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş təqdim edilmişdir. Borclu tələbkarın razılığı ilə hər ay 500 manat ödəməyi öhdəsinə götürmüş, lakin sonuncu dəfə xx.xx.2025-ci il tarixdə ödəniş etmiş, 2 aydır ki, ödənişləri dayandırmışdır. Borclu indiyədək borcdan cəmi 3000 manat ödəniş etmişdir. Göstərilənləri nəzərə alaraq borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, himayəsində dörd azyaşlı övladı var. O, hal-hazırda işləmir. Ailədə yoldaşı yeganə qazanc gətirən şəxsdir. Onlar kirayədə yaşayır. Əvvəllər anasının təqaüdündən borcdan müəyyən qədər ödənişlər etmişdir. Hazırda anası xəstə olduğundan borcu ödəməsinə köməklik edə bilmir. Tələbkara hər ay 100 manat məbləğdə puldan artıq ödəməyə imkanı yoxdur. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Şəxs verdiyi ifadə yalandır. Belə ki, Şəxs qızıl-zinət əşyalarının satışı ilə məşğuldur. Yaşamağa evi olduğu halda kirayədə qalır. Hər ay 100 manat ödənilməsinə razı deyil, borcun məbləği yüksəkdir. Borcun ödənilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-370/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədindən görünür ki, mülki iddia təmin olmuş, mülki cavabdeh Şəxs dəymiş maddi ziyana görə 39000 manat və 207 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 200 manatın Şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XllS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülməsi hökm edilmişdir. - “İcraata başlamaq haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, borclu Şəxs 39407 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. - “Tələbin könüllü icrası haqqında” xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-370/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin Şəxs tərəfindən könüllü icra edilməsi barədə borcluya məlumat verilmişdir. - “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Şəxs himayəsində xx.xx.2008-ci il təvəllüdlü X8, xx.xx.2019-cu il təvəllüdlü X5, xx.xx.2022-ci il təvəllüdlü X6 və xx.xx.2025-ci il təvəllüdlü X7 adlı övladları vardır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Bu Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: -3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. -4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. -6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. -9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. -12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. -21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. -528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs yuxarıda qeyd edilən icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi öz təsdiqini tapır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədinin icrasından qərəzli olaraq yayınır və icra məmurunun həmin icra sənədinə dair qanuni tələblərini yerinə yetirmir. Həmçinin icra işinin materiallarında olan icra məmuru tərəfindən tərtib edilmiş xəbərdarlıq məktubu ilə cavabdehin icra sənədinin icrasından yayınmasının hüquqi nəticələrinin izah olunduğu aydın olur. Buna görə də məhkəmə Şəxs hərəkətlərini icra sənədinin icrasına mane olma kimi qiymətləndirir və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. Beləliklə, məhkəmə icra işinin materialını və inzibati xəta haqqında protokolu nəzərdən keçirib, tərəflərin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Eyni zamanda, məhkəmə qərarının uzun müddət icra olunmaması və borcun böyük məbləği inzibati məsuliyyətin tətbiqini zəruri edir. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbehin məqsədi təkcə cəzalandırmaq deyil, həm də şəxsi gələcəkdə qanunlara əməl etmək ruhunda tərbiyələndirmək və yeni xətaların qarşısını almaqdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində azyaşlı uşaqlarının olmasını onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, o, İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40.0.1, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar