Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(5-160)-22/2026 16.01.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abbasova Nərmin Bəxtiyar qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, X2 Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı 33037585 nömrəli, xx.xx.2026-cı il tarixli elektron qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən barəsində qəbul edilmiş EQ seriyalı 33037585 nömrəli, xx.xx.2026-cı il tarixli elektron qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2026-cı il tarixində DİN BDYPİ-nin X1 tərəfindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsi ilə inzibati xəta törətməyi iddia edilərək EQ seriyalı 33037585 nömrəli qərarla 60 manat məbləğində cərimə tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunan qərarla razı deyil və onu qanunsuz, əsassız və tətbiq edilən maddənin xarakterinə görə həddən artıq sərt hesab edir. Çünki foto materiallarda nəqliyyat vasitəsinin yol hərəkətinə, piyadalara və ya digər nəqliyyat vasitələrinə real və faktiki maneə yaratdığı görünmür, yalnız avtomobilin dayanma yeri əks olunmuşdur. Yolun hərəkət hissəsi açıqdır, səki tam bağlanmamışdır. Qərarda maneənin nədən ibarət olduğu konkret göstərilməmişdir. Halbuki, İXM-nin 346.9-cu maddəsinin tətbiqi üçün real maneənin mövcudluğu mütləq şərtdir. İXM-nin 9.1 və 114-cü maddələrinin tələblərinə baxmayaraq, təqsir tam və şübhəsiz sübutlarla təsdiq edilməmiş, sübutlar obyektiv və hərtərəfli araşdırılmamışdır. X4 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərarından şikayət verilən orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2026-ci il tarixli, EQ 33037585 nömrəli qərardan görünür ki, X4 İXM-nin 346.9cu maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilmişdir. -Hadisəni əks etdirən fotoşəkillərdən görünür ki, X3 məxsus “Hyundai Grandeur minik” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi səkidə saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 346.9-cu maddəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə – altmış manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” 3 iyul 1998-ci il tarixli, 517-İQ saylı Azərbaycan Respublikasının Qanununa əsasən səki - yolun hərəkət hissəsinə bitişik olan və ya qazon vasitəsilə ondan ayrılmış, piyadaların hərəkəti üçün nəzərdə tutulan hissəsidir. Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2018-ci il tarixli, 181 nömrəli fərmanından görünür ki, Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması, yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi və müasir informasiya texnologiyalarından istifadə edilməklə həyata keçirilməsi məqsədilə Bakı Nəqliyyat Agentliyinin Bakı şəhərinin inzibati ərazisində parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron qərarların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılmasını təmin etməsi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə birlikdə həmin xüsusi texniki vasitələrin Nazirliyin Baş Dövlət Yol Polisi İdarəsinin X1nə inteqrasiya olunmasını təmin etməsi qərara alınmışdır. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərardan və fotoşəkillərdən X2 xx.xx.2026-cı il tarixdə dayanma və durma qaydalarını pozaraq “Hyundai Grandeur minik” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini həqiqətən də, səkidə saxladığı müəyyən edilmişdir. İnzibati xəta haqqında qərardan verdiyi şikayətdə R.İ.Rzayev özü də nəqliyyat vasitəsi səkidə saxladığını etiraf etmiş, lakin bunun yol hərəkətinə, piyadalara və ya digər nəqliyyat vasitələrinə real və faktiki maneə yaratmadığını, yolun hərəkət hissəsinin açıq olduğunu və səkinin tam bağlanmadığını əsas gətirərək barəsində qəbul edilmiş qərarla razılaşmadığını bildirmişdir. Məhkəmə şikayət vermiş şəxsin gətirdiyi arqumentlərə münasibətdə bildirir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsində şikayət vermiş şəxsin göstərdiklərinə münasibətdə hər hansı şərt və ya qeyd əks etdirilməmişdir. Sözügedən maddənin tələbinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə məsuliyyət müəyyən edilir. Beləliklə, məhkəmə, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək hesab edir ki, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar mövcud deyildir və bu səbəbdən X2 Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı 33037585 nömrəli, xx.xx.2026-cı il tarixli elektron qərardan verdiyi şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də, qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Qeyd olunanlara əsasən və İXM-nin 129.1.1, 130.1, 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı 33037585 nömrəli, xx.xx.2026-cı il tarixli elektron qərardan verdiyi şikayət təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şirvan şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nərmin Abbasova
Məhkəmə qərarları › İş №3(5-160)-22/2026
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(5-160)-22/2026
16.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver