Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 3(5-160)-240/2026 13.02.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, Şəxs MMC barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1, 266.2 və 266.3-cü maddələrinə əsasən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və əlavə edilmiş materiala inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Şirvan şəhər Məhkəməsinə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən Şəxs MMC barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1, 266.2 və 266.3-cü maddələrinə əsasən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə geri qaytarılmışdır. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol eyni nöqsanlarla baxılması üçün təkrar Şirvan şəhər Məhkəməsinə 11 fevral 2026-cı il tarixdə daxil olmuşdur. Belə ki, xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şirvan şəhəri G.Şıxbalaoğlu küçəsində fəaliyyət göstərən Şəxs MMC-nin hər hansı ixtisaslaşmış qurumla müqaviləsinin olmadığı və marketin arxa tərəfində tullantıların atıldığı müəyyən edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1, 266.2 və 266.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 266.1-ci maddəsinə əsasən şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq, turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, yaxud içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində və ya faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə, yaxud yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılmasına görə- fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. İXM-nın 266.2-ci maddəsinə əsasən tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə - vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. İXM-nın 266.3-cü maddəsinə əsasən məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə- fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir. İXM-in 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilməlidir. Həmin Məcəllənin 100.1.5-ci maddəsinə əsasən, inzibati xəta haqqında protokolda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi göstərilməlidir. Həmçinin İXM-in 75-ci maddəsinə də əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait inzibati xəta haqqında iş üzrə müəyyən edilməlidir. Şəxsin bu və ya digər konkret inzibati xətaya səbəb olan əməli törətməsini məhkəmə müəyyən etməli deyildir. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə) və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə protokol tərtib etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Lakin inzibati xəta haqqında protokolda inzibati xətanın (protokolda qeyd olunmuş hər bir inzibati məsuliyyət nəzərdə tutan İXM-nın maddəsinə münasibətdə) mahiyyəti tam olaraq göstərilməmişdir. Bununla da məhkəmə hesab edir ki, tərtib edilmiş inzibati xəta haqqında protokolda inzibati xəta kimi nəzərdə tutulan əməlin əlamətləri tam göstərilmədiyindən inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər düzgün tərtib edilməmişdir. Qeyd edilənlər müəyyənləşdirilmədən işə baxmaq mümkün deyildir. Çünki İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. Həmçinin inzibati xəta haqqında protokolda Şəxs MMC -nin arxa tərəfində tullantıların atıldığı qeyd olunsa da, iş materiallarında olan fotoşəkillərdə bu halı müəyyən etmək mümkün olmamış, əksinə “Anar market” adlı tikilinin fotoşəkli öz əksini tapmışdır. Bundan əlavə İXM-nın 266.2-ci maddəsi özlüyündə müəyyən norma qaydalara göndəriş edir, lakin hazırkı tərtib olunmuş protokol üzrə “Tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının” məhz hansı tələblərinin pozulduğunu müəyyən etmək mümkün deyil. İXM-nın 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana,vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə xüsusilə vurğulayır ki, hakimin qərardadı ilə tələb edilən hər bir halın müəyyən edilməsi və araşdırılması icraat iştirakçıları üçün tövsiyə xarakteri daşımır, birbaşa məcburidir. Məhkəmə tərəfindən qəbul edilmiş qərardad prosessual hüquq normasına əsasən hüquqi qüvvəyə malik olub, bütün fiziki şəxslər, hüquqi şəxslər və vəzifəli şəxslər üçün icrası şərtsiz və zəruri olan göstərişdir. Beləliklə göstərilənləri nəzərə alıb məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından təqdim edilmiş materiallar natamamdır, işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və İXM-nın 106, 109-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: Şəxs MMC barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1, 266.2 və 266.3-cü maddələrinə əsasən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə geri qaytarılsın. Qərardadda göstərilən nöqsanların aradan qaldırılması protokol tərtib etmiş səlahiyyətli orqanın diqqətinə çatdırılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(5-160)-240/2026
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №3(5-160)-240/2026
13.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver