Məhkəmə qərarları › İş №3(5-160)-30/2026

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(5-160)-30/2026

14.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(5-160)-30/2026 14.01.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri YNX baş inspektor polis kapitanı X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərəçəkmiş şəxslər X2 və X3 iştirakları ilə, xx.xx.1970-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Şəxs xx.xx.2025-ci il tarixdə saat 15:00 radələrində Şirvan şəhəri H.Əliyev prospektində «Nıssan Pathfınder» minik markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobili geriyə hərəkət etdirən zaman idarə etdiyi avtomobil «Geely Coolray» markalı ** MU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş, nəticədə həmin avtomobil də «Toyota Prius» minik markalı ** UY *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. İnzibati xəta hadisəsinin olması 03 yanvar 2026-cı i il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolla, yol hadisəsinin sxemi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxslərin izahatları ilə habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri YNX baş inspektor polis kapitanı X8 03 yanvar 2026-cı il tarixli protokolun məzmununa uyğun izahat vermiş, Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə, saat 15:00 radələrində Şirvan şəhəri H.Əliyev prospektində «Nıssan Pathfınder» minik markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobili geriyə hərəkət etdirən zaman idarə etdiyi avtomobil «Geely Coolray» markalı ** MU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş, nəticədə həmin avtomobil də «Toyota Prius» minik markalı ** UY *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Hadisə zamanı heç bir xəsarət almamış və sərxoş olmamışdır. Dəymiş ziyanı ödəməmişdir. Əməlindən peşmandır. Məhkəmədən barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta hadisəsi nəticəsində zərərçəkmiş şəxs X2 izhatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 15:00 radələrində Şirvan şəhəri H.Əliyev prospektində «Geely Coolray» markalı ** MU *** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən sola dönən zaman «Nıssan Pathfınder» minik markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilinə dəymiş, nəticədə avtomobili «Toyota Prius» minik markalı ** UY *** dövlət qeydiyyat nişanlı avtomobilə toxunmuşdur. Hadisə nəticəsində xəsarət alan olmamış, lakin onun avtomobillərə maddi zərər dəymişdir. Məhkəmə iclasında inzibati xəta hadisəsi nəticəsində zərərçəkmiş şəxş X6 izhatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 15:00 radələrində Şirvan şəhəri H.Əliyev prospektində «Toyota Prius» minik markalı ** UY *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən «Nıssan Pathfınder» minik markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobili «Geely Coolray» markalı ** MU *** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşandan sonra ** MU *** dövlət qeydiyyat nişanlı avtomobil ona dəymişdir. Hadisə nəticəsində xəsarət alan olmamış, lakin avtomobilinə maddi zərər dəymişdir. İnzibati xəta haqqında 03 yanvar 2026-cı i il tarixli, İXP ******* saylı protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. AC seriyalı 260814 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Nıssan Pathfınder» minik markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil Şəxs məxsusdur. BB seriyalı 510219 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Geely Coolray» markalı ** MU *** dövlət qeydiyyat nişanlı avtomobil X1 məxsusdur. BD seriyalı 256589 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Toyota Prius» minik markalı ** UY *** dövlət qeydiyyat nişanlı avtomobil X4 məxsusdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, əməlindən səmimi peşmançılığını, İİ dərəcəli əlil olmasını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun olaraq İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və maddənin sanksiyasının hədləri daxilində barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-ci maddələrini rəhbər tutub, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək 500 manat cərimə edilsin. Zərərçəkmiş şəxslərə maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı mülki qaydada iddia ilə məhkəməyə müraciət etmək hüquq izah olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar