Məhkəmə qərarları › İş №3(5-160)-302/2026

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(5-160)-302/2026

23.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(5-160)-302/2026 23.02.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Mədinə Ceyhun qızının katibliyi, X1 iştirakı ilə, X3 barəsində Azərbaycan Respublikası İXM-nin 330.0.1-ci maddəsi ilə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin mərkəzi məlumat xidmətinin rəisi polis polkovnik leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, EQ 33780794 nömrəli elektron qərardan X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X4 şikayətlə məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası DİNnin BDYPİ-nin mərkəzi məlumat xidmətinin rəisi polis polkovnik leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, EQ 33780794 nömrəli elektron qərarın ləğv edilməsi və ona əsassız yazılmış 50 manat məbləğində cərimənin silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, idarə etdiyi “LADA 21214” minik markalı, ** PR *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Şirvan şəhəri, Z.Hacıyev küçəsi ilə hərəkətdə olarkən, nəqliyyat vasitəsi təhlükəsizlik şəhər kamerası vasitəsi ilə İXM-nin 330.0.1-ci maddəsinin tələblərinin pozulması əsas götürülməklə barəsində 50 manat inzibati cərimə tətbiq edilmişdir. Bundan əlavə protokolda real vaxt rejimi xx.xx.2026-cı il saat, 10:14 göstərilmişdir. Qərarın müəyyən olunma hissəsində isə tarix xx.xx.2026-cı il saat 15:03:12 göstərilir. Bu hal da onu göstərir ki, sözü gedən elektron qərar tam tamına prosessual qaydalar pozulmaqla qəbul olunmuşdur. X2 məhkəmə iclasında iştirak edərək izahatında şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə məhkəmə bildirişi göndərilmiş, lakin qərarı qəbul etmiş orqanın əməkdaşı gəlməmiş, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2026-cı il tarixli, EQ 33780794 nömrəli qərara əsasən X4 xx.xx.2026-cı il tarixdə Şirvan şəhəri, Z.Hacıyev küçəsi istiqamətində saat 10:14-də ** PR *** dövlət qeydiyyat nömrəli “LADA 21214” minik markalı avtomobili idarə edərkən nizamlanmayan piyada keçidinə daxil olmuş, piyadaya yol verilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. İXM-nin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. İXM-nin 122.4-cü maddəsinə əsasən inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1 , 329.2, 330 və 346-cı maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. İXM-nin 122-ci maddəsininin tələblərinə əsasən əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. Barəsində bu Məcəllənin 122.1, 124.5 və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs bu Məcəllənin 125.2.1, 125.2.2 və ya 125.2.3-cü maddələrində müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan təyin olunmuş cəriməni ödəyə bilər. Barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. İnzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş şəxsin tələbi ilə ona həmin inzibati xətanın qeydə alınmasının texnologiyası əyani şəkildə göstərilməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası İXM-nin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Hazırki iş üzrə işə əlavə edilmiş xx.xx.2026-cı il tarixli, EQ 33780794 saylı elektron qərardan görünür ki, xx.xx.2026-cı il tarixdə Şirvan şəhəri, Z.Hacıyev küçəsi saat 10:14-də “LADA 21214” minik markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsi ilə inzibati xəta törədilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsi ilə təqsirli bilinərək 50 manat cərimə edilmişdir. Həmin inzibati tənbeh vermə haqqında qərardan həmçinin görünür ki, inzibati tənbeh vermə haqqında elektron qərar xx.xx.2026-cı il tarixdə saat 15:03:12-də qeydə alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.11-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi əsasdır. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları qiymətləndirərək hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, xx.xx.2026-cı il tarixdə saat 10:14-də Şirvan şəhəri, Z.Hacıyev küçəsində ** PR *** dövlət qeydiyyat nişanlı “LADA 21214” markalı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən nizamlanmayan piyada keçidində piyadaya yol verilməməsi halı qeydə alınmış və həmin hal Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsi ilə tövsif edilərək xx.xx.2026-cı il tarixli, EQ 33780794 nömrəli elektron qərarla şikayətçi 50 manat məbləğində inzibati cərimə edilmişdir. Qərarın məzmunundan görünür ki, elektron qərar xx.xx.2026-cı il tarixdə saat 15:03:12-də qeydə alınmışdır. Məhkəmə ilk növbədə inzibati xətanın aşkar edilmə üsuluna hüquqi qiymət verir. İş materiallarından görünür ki, inzibati xəta xüsusi yol hərəkəti qaydalarının pozuntularını avtomatik qeydə alan sertifikatlaşdırılmış texniki vasitə ilə deyil, təhlükəsizlik şəhər kamerası vasitəsilə əldə edilmiş görüntülər əsasında müəyyən edilmişdir. Təhlükəsizlik kameraları ümumi müşahidə məqsədi daşıyır və onların funksiyası yol hərəkəti qaydalarının pozulmasını avtomatik rejimdə aşkar edərək məlumatı birbaşa mərkəzi informasiya sisteminə ötürməkdən ibarət deyildir. Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinin məzmunundan aydın olur ki, həmin maddədə nəzərdə tutulmuş inzibati xətalar yalnız foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə və bu vasitələrin məlumatları müvafiq informasiya sisteminə real vaxt rejimində birbaşa ötürüldükdə elektron qərar çıxarıla bilər. Qanunverici burada “xüsusi texniki vasitə” anlayışını ümumi müşahidə kamerası kimi deyil, yol hərəkəti qaydalarının pozulmasını avtomatik qeydə alan, sistemə inteqrasiya olunmuş və insan müdaxiləsi olmadan məlumat ötürən texniki qurğu kimi nəzərdə tutmuşdur. Hazırkı iş üzrə isə inzibati xətanın təhlükəsizlik şəhər kamerasından əldə edilmiş görüntülərin sonradan baxılaraq qiymətləndirilməsi yolu ilə müəyyən edildiyi görünür. Bu isə İXM-nin 122-ci maddəsində nəzərdə tutulmuş avtomatlaşdırılmış və real vaxt rejimində fəaliyyət göstərən mexanizmə uyğun deyildir. Belə halda inzibati xəta xüsusi texniki vasitənin köməyi ilə aşkar edilmiş hesab edilə bilməz. Məhkəmə eyni zamanda elektron qərarın real vaxt rejimində tərtib edilibedilməməsinə də hüquqi qiymət verir. İXM-nin 122.1-ci maddəsinə əsasən elektron qərar real vaxt rejimində çıxarılmalıdır. “Real vaxt rejimi” anlayışı formal göstərici deyil, inzibati məsuliyyətin obyektivliyini və sübutun dəyişdirilməzliyini təmin edən prosessual təminatdır. Bu tələb xüsusi texniki vasitənin qeydə aldığı məlumatın avtomatik qaydada informasiya sisteminə ötürülməsini və həmin anda elektron qərarın formalaşdırılmasını nəzərdə tutur. Hazırkı işdə isə inzibati xətanın xx.xx.2026-cı il saat 10:14-də törədildiyi göstərildiyi halda, elektron qərarın həmin gün saat 15:03:12-də qeydə alındığı müəyyən edilir. Hadisə ilə qərarın formalaşdırılması arasında əhəmiyyətli zaman intervalının mövcudluğu məlumatın avtomatik və fasiləsiz şəkildə ötürülmədiyini, insan müdaxiləsi ilə sonradan emal edilərək qərar qəbul edildiyini göstərir. Bu isə qanunun tələb etdiyi real vaxt rejimi anlayışı ilə uzlaşmır. İXM-nin 53.1.11-ci maddəsinə əsasən, 122.1-ci maddədə nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xətalar haqqında iş üzrə icraata xitam verilir. Bu norma imperativ xarakter daşıyır və belə pozuntu müəyyən edildikdə işin davam etdirilməsi mümkün deyildir. Bundan əlavə, İXM-nin 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyasına əsasən şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədikdə o, təqsirsiz hesab edilir və aradan qaldırıla bilməyən şübhələr onun xeyrinə həll olunur. Xüsusi texniki vasitə anlayışının tələblərinə əməl edilməməsi və real vaxt rejiminin təmin olunmaması inzibati məsuliyyətin tətbiqinin qanuniliyini şübhə altına alır və bu şübhə şikayətçinin xeyrinə qiymətləndirilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, inzibati xəta İXM-nin 122-ci maddəsinin tələblərinə uyğun olaraq xüsusi texniki vasitə ilə aşkar edilməmiş, elektron qərar real vaxt rejimində tərtib olunmamış və nəticədə inzibati məsuliyyət qanunla müəyyən edilmiş prosessual qaydalar pozulmaqla tətbiq edilmişdir. Bu səbəbdən İXM-nin 53.1.11-ci, 134.1.3-cü və 135.1.5-1-ci maddələrinə əsasən xx.xx.2026-cı il tarixli, EQ 33780794 nömrəli elektron qərar ləğv edilməli, X4 barəsində inzibati xətalar haqqında iş üzrə icraata xitam verilməli və tətbiq edilmiş 50 manat məbləğində inzibati cərimə silinməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122, 128-137-ci maddərini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, EQ 33780794 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin və ona əsassız yazılmış 50 manat inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şirvan şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar