Məhkəmə qərarları › İş №3(5-160)-303/2026

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(5-160)-303/2026

03.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(5-160)-303/2026 03.03.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan Şəhər Məhkəməsinin hakimi X3 oğlunun sədrliyi, katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası DİN BDYPİ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2026-cı il tarixli EQ nömrəli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Şikayət vermiş şəxs X2 Azərbaycan Respublikası DİN BDYPİ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2026-cı il tarixli EQ nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X2 etibarnamə əsasında idarə etdiyi Hyundai Sonata minik markalı, **-SG-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi üzrə hərəkətdə olarkən təhlükəsizlik şəhər kamerası vasitəsi ilə İXM-nin 327.2-ci maddəsinin tələblərinin pozulması əsas gətirilməklə barəsində 100 manat inzibati cərimə tətbiq edilmişdir. Hesab edir ki, barəsində tətbiq edilmiş qərar qanunsuzdur. Təhlükəsizlik kamerası vasitəsi ilə çəkilmiş fotoşəkil YPX əməkdaşı tərəfindən İXM-nin 327.2-ci maddəsinin tələblərinin pozulması əsas gətirilməklə barəsində 100 manat inzibati cərimə tətbiq edilmişdir. Cərimənin tətbiq edilməsi barədə məkana baxarkən tamam başga ünvan (Şirvan şəhər köhnə şəhər ərazisi adlandırılan H.Əlivev prospekti və Sabirabad yolu istiqamətində yerləşən dairədə) qeyd edilmişdir. Hesab edir ki, barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında EQ nömrəli elektron qərar əsassız olmaqla qəbul edilmişdir. Bu səbəbdən qanun pozuntusu ilə tərtib edilmiş qərarın ləğv edilməsi üçün məhkəməyə müracət etmək məcburiyyətindədir. Məhkəmə iclasında X2 bildirdi ki, xx.xx.2026-cı il tarixində, səhər saatlarında etibarnamə əsasında idarə etdiyi Hyundai Sonata minik markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi üzrə hərəkətdə olarkən marşrut xətti üzrə hərəkət edən ümumi istifadədə olan nəqliyyat vasitəsi onun qarşısında anidən tormozlanma etmiş, o da yol nəqliyyat hadisəsinin törədilməsinin qarşısını almaq məqsədilə yolun nişanlanma xəttinin tələblərini pozmuşdur. Həmin pozuntu Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsində təhlükəsiz şəhər kameralarına videonəzarət üçün quraşdırılmış monitorlardan istifadə edilərək qeydə alınmış və qanunsuz olaraq cərimə yazılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə məhkəmə bildirişi göndərilmiş, lakin qərarı qəbul etmiş şəxs gəlməmiş, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası DİN BDYPİ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2026-cı il tarixli EQ nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilir. Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 328, 327.2, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Azərbaycan Respublikası İXM-nin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Həmin Məcəllənin 122.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir: inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); İnzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 327.2, 329.2, 330 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. Həmin Məcəllənin 122.5-ci maddəsinə əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. İşə əlavə edilmiş xx.xx.2026-cı il tarixli, EQ saylı elektron qərardan görünür ki, xx.xx.2026-cı il tarixində saat 18:36:47-də Şirvan şəhər M.Ə.Rasulzadə prospektində “Hyundai Sonata minik” markalı 99SG085 dövlət qeydiyyat nişanlı avtomobil ilə X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. İşə əlavə edilmiş xətanın törədilmə yerinin xəritə sxemindən görünür ki, EQ nömrəli elektron qərar Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən dairəvi yolun olduğu məkandan müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə daxil edilmişdir. İşin araşdırılmış hallarından görünür ki, hazırki iş üzrə xx.xx.2026-cı il tarixli EQ 33827582 elektron qərarda X1 idarə etdiyi “Hyundai Sonata minik” markalı 99SG085 dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2026-cı il tarixində saat 18:47:20-də Şirvan şəhər M.Rəsulzadə küçəsində İXM-nin 327.2-ci maddəsinin tələblərini pozması göstərilsə də, elektron qərara əlavə edilmiş xətanın törədilmə yerinin xəritə sxemində inzibati xətanın Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən dairəvi yolda törədildiyi əks etdirilmişdir. İnzibati xətanın törədilməsi müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmuş, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə aşkar edilməmiş, İXM-nin 122-ci maddəsində nəzərdə tutulmuş qaydalara zidd olaraq Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsində təhlükəsiz şəhər kameralarına videonəzarət üçün quraşdırılmış monitorlardan istifadə edilərək, məsafəni yaxınlaşdırmaqla çəkilmiş foto şəkillər əsasında tərtib edilmiş və qanunsuz olaraq cərimə yazılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi əsasdır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq, iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, X1 təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildiyindən şikayət təmin olunmalı, X2 barəsində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin “inzibati tənbeh vermə haqqında” xx.xx.2026-cı il tarixli EQ 33827582 nömrəli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şikayət təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin “inzibati tənbeh vermə haqqında” xx.xx.2026-cı il tarixli EQ 33827582 nömrəli qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar