Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(5-160)-304/2026 23.02.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Mədinə Ceyhun qızının katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə Bakı şəhər DYPİ Müşayiət-Eskort Bölüyü YPX inspektoru Polis Baş X3 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X6 şikayətlə məhkəməyə müraciət edərək, barəsində Bakı şəhər DYPİ Müşayiət-Eskort Bölüyü YPX inspektoru Polis Baş X3 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və ona əsassız yazılmış 100 manat (03 bal) inzibati cərimənin silinməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, etibarnamə əsasında idarə etdiyi “Hyundai Tucson” minik markalı, ** FC *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyli küçəsi 77B üzrə hərəkətdə olarkən, nəqliyyat vasitəsini yolun kənarında saxlamaqla, nəqliyyat vasitəsində olan sərnişini düşürtmək məqsədi ilə avtomobili arxa istiqamətdə 4-5 metr məsafədə idarə etdikdə DYP əməkdaşı saxladığı yerdə yaxınlaşmaqla barəsində İXM-in 327.2-ci maddəsinin tələblərinin pozulmasını əsas gətirməklə 100 manat inzibati cərimə tətbiq edilmişdir. İdarə etdiyi nəqliyyat vasitəsini 4-5 metr məsafədə geriyə verməklə sərnişini təhlükəsiz yerdə nəqliyyat vasitəsindən endirmişdir. İavtomobili yolun əks istiqamətində geriyə çevirmədən arxaya vermək inzibati xəta məsuliyyəti yaratmır. Digər tərəfdən giriş qadağandır nişanının tələblərini pozmamışdır. X2 məhkəmə iclasında iştirak edərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhəri BPİ-nin X11 İdarəsinə məhkəmə bildirişi göndərilmiş, lakin əməkdaşı məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, işdə olan sənədləri nəzərdən keçirib, sübutlara qiymət verərək belə hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, şikayətə əlavə edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X6 xx.xx.2026-cı il tarixdə, saat 15:14-də Bakı şəhəri, Səbail rayonu. Ü.Hacıbəyli küçəsi, 77 B istiqamətində “Hyundai Tucson” minik markalı, ** FC *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə görə Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. İnzibati xətalar qanunvericiliyi Konstitusiya, hamılıqla qəbul edilmiş beynəlxalq hüququn normalarına və prinsiplərinə əsaslanır. Bu qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsi). İnzibati xətalar qanunvericiliyinin prinsiplərini nəzərdə tutan İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 4 sentyabr tarixli X7 Məcəlləsinin 9-cu maddəsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd edilən Məcəllənin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Qeyd olunan maddənin məzmununa əsasən inzibati xətaların foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilə biləcəyi və bunun əsasında da inzibati xəta haqqında qərar qəbul edilə biləcəyi mümkünlüyü birmənalı olaraq qanunverici tərəfindən müəyyən olunmuşdur. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın məqsədi yalnız formal pozuntu axtarışı deyil, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasıdır. Bununla yanaşı, bu araşdırma prosesi sübutetmə yükünün düzgün bölgüsünü də tələb edir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən inzibati məsuliyyət yalnız hüquqazidd və təqsirli əməl mövcud olduqda yaranır. Lakin həmin Məcəllənin 48-ci maddəsi inzibati xətalar haqqında işlərdə qərar qəbul edən orqanın vəzifəsini müəyyən etməklə yanaşı, qəbul edilmiş qərarın müəyyən hüquqi presumpsiya ilə qüvvədə olduğunu da nəzərdə tutur. Qanunvericilik inzibati xəta haqqında qərarın səlahiyyətli vəzifəli şəxs tərəfindən qəbul edildiyini və onun xidməti səlahiyyətləri çərçivəsində tərtib olunduğunu əsas götürür. Məhkəmə nəzərə alır ki, iş materiallarında olan xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli qərara əsasən, şikayətçi 3.1 “Giriş qadağandır” yol nişanının tələblərini pozmuşdur. Bu hal inzibati tənbeh tətbiq edən vəzifəli şəxs tərəfindən birbaşa müşahidə edilmiş və səlahiyyətləri çərçivəsində hüquqi qiymət verilmişdir. Qərar formal baxımdan qanunvericiliyin tələblərinə uyğun tərtib edilmişdir və onun etibarlılığına şübhə yaradan prosessual pozuntu müəyyən edilməmişdir. Şikayətçi isə öz mövqeyini yalnız ümumi xarakterli izahatlarla əsaslandırmış, yol nişanının tələblərini pozmadığını bildirməklə kifayətlənmiş, lakin bu iddianı təsdiq edən hər hansı obyektiv sübut – video qeyd, foto material, şahid ifadəsi və ya digər sübut vasitəsi təqdim etməmişdir. Onun izahatı subyektiv qiymətləndirmə xarakteri daşıyır və inzibati qərarın hüquqi qüvvəsini şübhə altına almaq üçün yetərli hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, inzibati icraat zamanı səlahiyyətli orqan tərəfindən qəbul edilmiş qərar ilkin hüquqi presumpsiyaya malikdir. Bu presumpsiya o deməkdir ki, qərar qanuni və əsaslı hesab olunur, əksini sübut etmək isə şikayət verən şəxsin üzərinə düşür. Əks yanaşma tətbiq edilərsə, yəni hər bir qərar ilkin olaraq şübhə altına alınarsa və sübut yükü tam şəkildə inzibati orqanın üzərinə qoyularsa, bu halda məhkəmə inzibati orqanın qanunla müəyyən edilmiş səlahiyyət dairəsinə müdaxilə etmiş olar və icra hakimiyyəti funksiyasını faktiki olaraq öz üzərinə götürmüş olar ki, bu da hakimiyyət bölgüsü prinsipinə uyğun olmaz. İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində təsbit edilmiş qanunçuluq və ədalətlilik prinsipləri tələb edir ki, məhkəmə həm şəxsin hüquqlarını qorusun, həm də inzibati nəzarət funksiyasını həyata keçirən orqanların səlahiyyətlərini əsassız şəkildə şübhə altına almasın. Şikayətçi tərəfindən təqdim edilmiş materiallarda inzibati qərarın əsassız və ya qanunsuz olduğunu göstərən konkret fakt müəyyən edilmədiyindən, yalnız ümumi sözlərlə ifadə olunmuş narazılıq inzibati məsuliyyəti aradan qaldırmaq üçün hüquqi əsas yarada bilməz. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi tərəfindən inzibati qərarın qanunsuzluğunu təsdiq edən mötəbər və obyektiv sübut təqdim edilməmiş, qərarın hüquqi presumpsiyasını sarsıdacaq hallar müəyyən olunmamışdır. Bu səbəbdən inzibati tənbeh vermə haqqında qərarın ləğvi üçün hüquqi əsas mövcud deyildir və şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhər DYPİ Müşayiət-Eskort Bölüyü YPX inspektoru Polis Baş X3 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayəti əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayəti təmin edilməsin. X6 barəsində Bakı şəhər DYPİ Müşayiət-Eskort Bölüyü YPX inspektoru Polis Baş X3 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əli İmanov
Məhkəmə qərarları › İş №3(5-160)-304/2026
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(5-160)-304/2026
23.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver