Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(5-160)-313/2026 06.03.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Mədinə Ceyhun qızının katibliyi, X1, Qərarı tərtib etmiş orqanın nümayəndəsi X4 iştirakı ilə, X6 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə Şirvan şəhəri polis kapitanı X5 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli elektron qərardan X8 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X8 şikayətlə məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXMnin 327.2-ci maddəsi ilə Şirvan şəhəri polis kapitanı X5 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2026-cı il tarixdə, təxminən saat 15:30-da idarə etdiyi özünə məxsus “Toyota Corolla” markalı, ** EL *** dövlət qeydiyyat nişanlı avtomobili ilə, Üzeyir Hacıbəyov küçəsi ilə Əliağa Kürçaylı küçəsinin kəsişdiyi nizamlanmayan yol ayrıcına çıxarkən, sağ tərəfindən sürətlə hərəkət edən “Mercedes” markalı avtomobil, əks zolağa çıxaraq idarə etdiyi avtomobili vurmuşdur. X10 gedərək izahatını yazmışdır. Ancaq heç bir qayda pozuntusuna yol verməmişdir. X2 məhkəmə iclasında iştirak edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Qərarı tərtib etmiş orqanın nümayəndəsi X5 məhkəmə iclasında izahatında bildirmişdir ki, Amil Abbasov yolayrıcı keçmə qaydalarını pozduğu üçün barəsində qərar tərtib edilmişdir. Qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli qərara əsasən X8 ** EL *** dövlət qeydiyyat nömrəli “Toyota Corolla” minik markalı avtomobili yolayrıcını keçmə qaydalarının pozulmasına görə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 100 manat məbləğində cərimə edilmişdir. Müraciətə əlavə edilmiş videogörüntüdən görünür ki, “Toyota Corolla” markalı, ** EL *** dövlət qeydiyyat nişanlı avtomobil Üzeyir Hacıbəyov küçəsi ilə Əliağa Kürçaylı küçəsinin kəsişdiyi nizamlanmayan yol ayrıcına yaxınlaşır, surətini zəiflədir və sağ görünüş dairəsi məhdud olduğundan yol ayrıcına ilkin olaraq soldan gələn nəqliyyat vasitələrinin olmadığına əmin olduqdan sonra müəyyən qədər irəli doğru hərəkət etdiyi zaman Əliağa Kürçaylı küçəsindən hərəkət edən “Mercedes Benz” markalı avtomobil ilə toqquşur. Həmin avtomobilin yol ayrıcına daxil olarkən surətlə hərəkət etməsi və yol ayrıcına surətlə, habelə yolun sol hissəsinə tərəf daha yaxın olmaqla hərəkət etməsi müşahidə olunur. Ətraf ərazidə yol hərəkətinə dair hər hansı nişanlanma xətləri və yol hərəkətini tənzimləyən yol nişanlarının olmadığı müşahidə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.1.8-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilir. Şirvan şəhəri polis kapitanı X5 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarda göstərilir ki, X8 idarə etdiyi “Toyota Corolla” minik markalı, ** EL *** dövlət qeydiyyat nömrəli avtomobillə xx.xx.2026-cı il tarixdə, saat 15:30-da Şirvan şəhəri, Ə.Kürçaylı küçəsi istiqamətində yolayrıcını keçmə qaydalarını pozmuşdur. Bu barədə X6 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair qərar qəbul edilməklə 100 manat cərimə tətbiq edilmiş və X3 yerləşdirilmişdir. AR İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi əsasdır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, inzibati orqan tərəfindən qəbul edilmiş qərar həm faktiki halların düzgün qiymətləndirilməməsi, həm də hüquqi meyarların tətbiqində ciddi çatışmazlıqlar səbəbindən qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, iş materiallarında mövcud videogörüntü məhkəmə tərəfindən birbaşa və obyektiv sübut kimi qiymətləndirilmiş və həmin görüntüdən açıq-aşkar müəyyən olunur ki, X8 idarə etdiyi nəqliyyat vasitəsi ilə nizamlanmayan yol ayrıcına yaxınlaşarkən hərəkət sürətini azaldaraq ehtiyatlı davranmış, yol vəziyyətini qiymətləndirmiş və yalnız müəyyən qədər irəlilədikdən sonra toqquşma baş vermişdir. Bu isə onun yol hərəkəti qaydalarına münasibətdə diqqətli və ehtiyatlı davrandığını göstərir. Əksinə, videogörüntüdən görünür ki, digər nəqliyyat vasitəsi – “Mercedes Benz” markalı avtomobil yol ayrıcına sürətlə daxil olmuş, hərəkət trayektoriyası baxımından yolun sol hissəsinə meyllənmiş və yol şəraitinə uyğun təhlükəsiz sürət seçməmişdir. Bu hal isə yol-nəqliyyat hadisəsinin baş verməsində əsas risk yaradan amilin məhz həmin nəqliyyat vasitəsinin davranışı olduğunu göstərir. Xüsusilə qeyd edilməlidir ki, hadisə baş verən ərazidə yol nişanlarının və üfüqi nişanlanma xətlərinin olmaması şəraitində sürücülərin davranışı “Yol hərəkəti haqqında” qanunun ümumi ehtiyatlılıq və qarşılıqlı təhlükəsizlik prinsipləri ilə qiymətləndirilməlidir. Bu halda hər bir sürücü yol şəraitini, görünüş imkanlarını və digər iştirakçıların mümkün hərəkətlərini nəzərə alaraq hərəkət etməlidir. X6 davranışı bu prinsiplərə uyğun olduğu halda, digər nəqliyyat vasitəsinin sürücüsünün davranışı bu tələblərlə ziddiyyət təşkil etmişdir. Bununla yanaşı, inzibati orqan tərəfindən tərtib edilmiş qərarda şəxsin konkret olaraq hansı normanı hansı formada pozduğu, bu pozuntunun hansı sübutlarla təsdiq edildiyi, eləcə də həmin nəticəyə hansı hüquqi və faktiki əsaslarla gəlinməsi göstərilməmişdir. Qərar formal xarakter daşıyaraq yalnız ümumi şəkildə “yolayrıcını keçmə qaydalarının pozulması” ifadəsi ilə məhdudlaşmışdır ki, bu da İXM-in sübutetmə və əsaslandırma tələblərinə cavab vermir. İnzibati Xətalar Məcəlləsinin 3, 8 və 12-ci maddələrinin tələblərinə görə şəxs yalnız təqsiri sübuta yetirildiyi halda inzibati məsuliyyətə cəlb edilə bilər və təqsirlə bağlı bütün şübhələr onun xeyrinə şərh olunmalıdır. Mövcud iş üzrə isə nəinki təqsir sübuta yetirilməmiş, əksinə, təqdim edilmiş sübutlar şəxsin qaydaları pozmadığını göstərir. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, X6 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin obyektiv və subyektiv əlamətləri mövcud deyildir. İnzibati orqan tərəfindən şəxsin təqsiri sübuta yetirilmədən və kifayət qədər əsaslandırılmadan inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək qeyd edir ki, şikayət təmin edilməli, X6 barəsində Şirvan şəhəri polis kapitanı X5 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122, 128-137-ci maddərini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. X6 barəsində Şirvan şəhəri polis kapitanı X5 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şirvan şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Əli İmanov
Məhkəmə qərarları › İş №3(5-160)-313/2026
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(5-160)-313/2026
06.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver