Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(5-160)-328/2026 10.03.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Mədinə Ceyhun qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx.xx.2001-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 342.9-cu maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhəri Yol Patrul Xidməti inspektoru, polis serjantı X1 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Şirvan şəhər Polis şöbəsinin YPX-i inspektoru, polis serjantı X1 tərəfindən inzibati xətanın törədilməsinə dair xx.xx.2026-cı il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə, saat 18:40 radələrində Şirvan şəhəri, H.Əliyev prospektində “VAZ 21060” minik markalı, ** CL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman nəqliyyat vasitəsinin qeydiyyat nişanının üzərini kağız vasitəsi ilə bağlayaraq idarə etmiş və barəsində AR İXM-nin 342.9-cu maddəsi ilə protokol tərtib edilmişdir. Tərtib olunmuş protokol Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən baxılması üçün Şirvan Şəhər Məhkəməsinə göndərilmiş və inzibati xəta hadisəsinin olmasına dair müvafiq sənədlər protokola əlavə edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, nəqliyyat vasitəsinin hər iki nömrəsinin oxunuşunu gizlədərək idarə etmişdir. Avtomobili etibarnamə əsasında idarə edir. O, avtomobillə bağlı video və şəkillər çəkmiş, çəkiliş zamanı qeydiyyat nömrəsinin üzərini kağızla örmüş, daha sonra isə həmin kağızı nömrənin üzərindən unutqanlıq etdiyindən götürməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş orqana məhkəmə bildirişi göndərilmiş, lakin protokolu tərtib etmiş orqanın əməkdaşı gəlməmiş, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Yol hərəkəti haqqında qanun Maddə 29. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı: Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı Azərbaycan Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yol hərəkətində olan hər bir nəqliyyat vasitəsini fərqləndirən, onun qabaq və arxa hissələrində (motosikletlərdə, traktorlarda və qoşqularda isə yalnız arxa hissəsində) müəyyən edilmiş yerlərdə bərkidilmiş xüsusi lövhədir. Azərbaycan Respublikasında nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı ərəb rəqəmlərində və latın əlifbasının baş hərflərindən istifadə edilməklə tərtib olunur. Maddə 37 Mexaniki nəqliyyat vasitəsi sürücüsünün vəzifələri 3) yola düşməzdən qabaq nəqliyyat vasitələrinin istismara buraxılmasına dair bu Qanunun 1 saylı əlavəsinə uyğun olaraq, nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığını yoxlamalı və onu yol boyu təmin etməlidir; 10) hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılmasını təmin etməlidir; “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanuna 1 saylı əlavəsinin 10-cu bəndində ...10) Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının standartın tələblərinə cavab vermədikdə. Dövlət qeydiyyat nişanlarının rəqəmləri və hərfləri yük daşıyan avtomobillərinin, qoşquların (minik avtomobillərinin və motosikletlərin qoşqularından başqa) və avtobusların (xüsusi kiçik avtobuslardan başqa) kuzovunun arxa divarında təkrar və rəqəmlərin hündürlüyü ən azı 300 mm, eni azı 120 mm, cizginin qalınlığı 30 mm, hərflərin ölçüsü rəqəmlərin 2/3-si qədər olunmadıqda, tramvay və trolleybuslarda müvafiq idarələrin verdikləri verdikləri dövlət qeydiyyat nişanları yazılmadıqda-idarə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır Həmin məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmaması nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyət vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə görə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin mövqeyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə zalında verdiyi izahat hərəkətin inzibati hüquqpozmaya yönəlmədiyini təsdiq etməyə hüquqi əsas vermir. Belə ki, inzibati məsuliyyətin tətbiqi üçün niyyətin qəsdən olub-olmaması mühüm amil olsa da, nəticənin baş verməsi və hüquqi tələbin pozulması kifayətedici hüquqi əsasdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” qanununa əsasən: Nəqliyyat vasitələrinin üzərində yerləşdirilmiş dövlət qeydiyyat nişanları açıq və oxunaqlı olmalıdır. Həmçinin, İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən: nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə edilməsinə dair məsuliyyətin nəzərdə tutulmasından aydın olur ki, inzibati məsuliyyətin tətbiqi üçün qəsd mütləq şərt deyil, faktiki nəticənin – yəni dövlət qeydiyyat nişanının görünməz hala gətirilməsinin baş verməsi yetərlidir. Avtomobilin arxasına hava şarlarının bərkidilməsi nəticəsində qeydiyyat nişanının görünməz hala gəlməsi, hüquqi baxımdan təhlükəsizlik və şəffaflıq prinsiplərinə zidd olmaqla yanaşı, yol hərəkətinin tənzimlənməsi və hüquq-mühafizə orqanlarının nəzarət imkanlarını süni şəkildə məhdudlaşdırılmasıdır. Hərəkətin qəsdən törədilib-törədilməməsinə dair məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qəsd olub-olmaması inzibati məsuliyyətin mahiyyətini dəyişmir, çünki yol hərəkəti sahəsində tətbiq olunan inzibati normaların əsas məqsədi nəticəyə yönəlib – yəni ictimai təhlükənin qarşısının alınması və hüquq-mühafizə funksiyasının effektivliyinin qorunmasına istiqamətlənmişdir. Dövlət qeydiyyat nişanlarının açıq və görünən vəziyyətdə saxlanılması, yol hərəkətində şəffaflıq və hüquqi nəzarət mexanizmlərinin əsasıdır; bu tələbin pozulması ictimai təhlükəsizliyə yönəlmiş məsuliyyətsiz yanaşma kimi dəyərləndirilməlidir. Nəqliyyat vasitəsinin identifikasiya vasitəsinin – yəni dövlət qeydiyyat nişanının – örtülməsi, yol hərəkəti iştirakçılarının hüquqlarını və təhlükəsizliyini birbaşa təhlükə altına qoyan, inzibati hüququn məqsədlərinə zidd bir hərəkətdir. Hüquq-mühafizə və nəzarət orqanlarının səmərəli fəaliyyətini çətinləşdirən bu cür hərəkətlər, ictimai nəzarət imkanlarının süni şəkildə məhdudlaşdırılması ilə nəticələnir ki, bu da inzibati məsuliyyətin tətbiqini qaçılmaz edir. Hərəkətin xarakteri onu göstərir ki, bu davranış yalnız konkret hüquqi norma pozuntusu deyil, həm də ictimai nizam və hüquqi qaydanın pozulmasına yönəlmiş potensial təhlükəli meylin təzahürüdür. Bu cür halların artması, ümumi hüquq-mədəniyyətin zəifləməsinə və yol hərəkəti mühitində qanunlara qarşı etinasızlığın yayılmasına səbəb ola bilər, bu isə cəmiyyət üçün strateji təhlükə yaradır. Belə hallarda inzibati məsuliyyətin tətbiqi yalnız hüquqi nəticə deyil, profilaktik və tərbiyəedici funksiyanı da daşıyır, vəzifəli şəxsin bu məsuliyyəti daşıması dövlətin hüquq siyasətinə uyğun gəlir. Hərəkətin xarakteri və başvermə şəraiti nəzərə alındıqda, müəyyən edilmişdir ki, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının örtülməsi əməlinin arxasında sadəcə ehtiyatsızlıq və ya texniki nasazlıq deyil, qəsdən və məqsədli şəkildə həyata keçirilmiş hüquqpozma niyyəti dayanır. Belə ki, polis orqanı tərəfindən çəkilmiş şəkildən də görünür ki, bu cür davranış, yol hərəkəti sahəsində tətbiq olunan hüquqi tələblərə məqsədli laqeydlik kimi təzahür etmişdir. Bir daha qeyd edilməlidir ki. Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanununa əsasən, nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları daima açıq, tam və oxunaqlı vəziyyətdə olmalıdır. Bu tələbin pozulması, nəqliyyat vasitəsinin identifikasiyasının məqsədli şəkildə çətinləşdirilməsi ilə nəticələnərək, yol hərəkəti təhlükəsizliyinə və hüquq-mühafizə orqanlarının səmərəli nəzarət imkanlarına birbaşa zərbə vurur. Bu səbəbdən, şəxsin hərəkəti inzibati hüquq pozuntusu əlamətləri daşıyır və bu əməlin məzmunu İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə tam uyğun gəlir. Bu hüquq norması pozulmuşdur, nəticədə isə dövlət qeydiyyat nişanının tanınmasının çətinləşdirilməsi real olaraq baş vermişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXMnin 342.9-cu maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində cərimə edilməlidir. İşin faktiki halları və tərəflərin vermiş olduğu izahatları müəyyən olunur ki, dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən ağ kağızdan ibarətdir, bu səbəbdən də onun müsadirə edilməsinə ehtiyac görülmür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin gənc olmasını, əməlində inzibati məsuliyyəti ağırlaşdıran halların olmadığını, ilk dəfə təsvir edilən normanın dispozitiv şərtlərini pozduğunu nəzərə alaraq inzibati tənbeh nəzərdə tutan normanın sanksiyasının minimum həddində barəsində tətbiq edilməsi halı məhkəmə tərəfindən məqsədmüvafiq olaraq qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İXM-nin 342.9-cu maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Əli İmanov
Məhkəmə qərarları › İş №3(5-160)-328/2026
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(5-160)-328/2026
10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver