Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(5-160)-372/2026 16.03.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Mədinə Ceyhun qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndələri X5 və X14, Azərbaycan Dövlət Su X7 Suların istifadəsinə və mühafizə dövlət nəzarəti xidməti 4 saylı Şirvan-Salyan Regional X1 iştirakı ilə, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Dövlət Su X7 Suların istifadəsinə və mühafizə dövlət nəzarəti xidməti 4 saylı X3 daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 18 fevral 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Azərbaycan Dövlət Su X7 Suların İstifadəsinə və X8 Xidməti 4 saylı X3 daxil olmuş 18 fevral 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta protokoldan və inzibati xəta haqqında iş materialından görünür ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialı Şirvan şəhəri, Füzuli küçəsi, Çılpaqlı qəsəbəsi ərazisinə 03 fevral 2026-cı ildə içməli məişət, texniki və tullantı sularını kənara təyinatsız axıtmışdır. Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndələri X9 və X17 məhkəmə iclasında izahatlarında bildirmişlər ki, Şirvan şəhərinin Çılpaqlı qəsəbəsi ərazisində şirkətə məxsus boru xətləri məxsusdur ki, həmin borular neft quyuları ilə müvafiq olaraq anbarları əlaqələndirir. Həmin borular ərazidə həyət evləri və digər tikililər tikilməyən zamanlarda çəkilmişdir. Qeyd olunan borudan, sızıntı olması müəyyən edildikdən sonra həmin xətlər dəyişdirilmiş və ehtimal olunan sızıntının olması halı aradan qaldırılmışdır. Daha sonra 4 saylı X4 əməkdaşları tərəfindən əraziyə dəvət edilmşdirlər. Onlara da bildirilmişdir ki, şirkət tərəfindən əraziyə tulantı suaları axıldılmamışdır və xətlərdən sızıntı aşkar olunan kimi dərhal mütəxəssislər əraziyə cəlb edilmiş və mövcud problem aradan qaldırılmışdır. Hazırda həmin arxa ətraf ərazidə yaşayan sakinlər tərəfindn də çirkab sular axıdılmış olsa da, şirkətə məxsus boru xətlərindən oraya hər hansı tullantı və ya texniki sular axıdılmır. Hətta sızıntının onlar tərəfindən ətrafa dağılması ehtimal edilmiş olsa da, ərazini təmizləmiş və mövcud vəziyyət aradan qaldırılmışdır. Onlara hər hansı dövlət-nəzarət orqanları tərəfindən xəbərdarlıq gəlməmiş və sızıntının olması özləri tərəfindən aşkar edilmiş və aradan qaldırılmışdır. Protokolu tərtib etmiş Azərbaycan Dövlət Su X7 Suların istifadəsinə və mühafizə dövlət nəzarəti xidməti 4 saylı Şirvan-Salyan Regional X2 məhkəmə iclasında izahatında bildirmişdir ki, Şirvan şəhərinin Çılpaqlı qəsəbəsi ərazisində M.Fizuli küçəsində yağış sularının ötürülməsi məqsədi ilə istifadə olunan kiçik ölçülü arxın məcrasına neft kütləsinin yığılması və kanalda olan suyun axını vasitəsi ilə kanal boyu 30 metrlik hissəyə yayılması faktı aşkar olundu. Şəxs Şirkətinin əməkdaşları həmin əraziyə dəvət olundu. Əməkdaşlar araşdırmada iştirak etdilər. Həmin araşdırma dövründə ərazinin təmizlənməsi məqsədi ilə xüsusi texnika cəlb olundu. Tərəflərindən nümayəndələrə izah olundu ki, həmin hal Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsinin tərkibinə uyğun gəlir. Bununla bağlı xx.xx.2026-cı il tarixli, 000892 saylı akt tərtib edilərək inzibati icraat başlanıldı və rəsmi məlumat verildi. Bildirildi ki, Su Məcəlləsinin 103-cü maddəsinin 15-ci bəndinin tələbləri pozulmuş və texniki sualr təyinatsız olaraq axıdılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Dövlət Su X7 Suların İstifadəsinə və X8 Xidməti 4 saylı X4 aparıcı məsləhətçi-müfəttiş Zamin Səmədov tərəfindən tərtib edilmiş 03 fevral 2026-cı il tarixli, 000892 nömrəli aktdan görünür ki, Şirvan şəhərinin Çılpaqlı qəsəbəsi ərazisində M.Fizuli küçəsinin Google Maps proqramındakı koordinatı 39.9216xx.xx.916695 olan nöqtəsində yağış sularının ötürülməsi məqsədi ilə istifadə olunan kiçik ölçülü arxın məcrasına neft kütləsinin yığılması və kanalda olan suyun axını vasitəsi ilə kanal boyu 30 metrlik hissəyə yayılması faktı aşkar olundu. Faktın araşdırılması məqsədi ilə yaxınlıqda neft hasilatı işlərini həyata keçirən Şəxs Şirkətinin nümayəndələri Bəhruz Ənvərli və Tural Əliyev əraziyə dəvət olunaraq onların iştirakı ilə yerində baxış keçirildi. Araşdırma ilə əlaqədar şirkət nümayəndələrinin verdiyi məlumata əsasən bu ərazidən keçən kiçik diametrli neft xəttinin bir neçə gün öncə yenisi ilə əvəzlənməsi zamanı boruda nəql olunan xam neft kütləsinin sözügedən arxın məcrasına axıdılması müəyyən olundu. Qeyd olunan su ötürücü arxın 1,8 km məsafəni keçməklə 39.929841 48.904749 korrdinatlı nöqtədə birbaşa Kür çayına çıxışının olması da tərəflərindən müəyyən olundu. Araşdırma müddətində şirkətin nümayəndələri tərəfindən əraziyə yükləyici traktor və yük maşını cəlb olunaraq borudan ətrafa axmış neft kütləsinin çıxarılaraq daşınması işlərinə başlandığı tərəflərindən müşahidə olundu. Araşdırmada iştirak edən nümayəndələrlə su qanunvericiliyinin, o cümlədən Su Məcəlləsinin 103-cü maddəsinin tələbləri, həmçinin neft məhsullarının tərkibində digər çirkləndirici maddələrlə yanaşı lay sularının da olduğu, bu tərkibli tullantı suların təyinatsız axıdılmasının inzibati məsuliyyətə səbəb olması izah olundu. Azərbaycan Respublikası Su Məcəlləsinin : Maddə 103. Azərbaycan Respublikasının su qanunvericiliyinin pozulmasına görə məsuliyyət Su qanunvericiliyini pozan vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər aşağıdakı hallarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar: .....su kəmərlərindən, kanallardan və digər su sistemlərindən özbaşına su götürdükdə, habelə içməli, məişət, texniki və tullantı suları kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıtdıqda; Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsi: Əsas anlayışlar tullantı suları - istehlakçıların istifadə edərək çirkləndirdiyi sular, sənaye texnologiyası ilə əlaqədar olaraq çirklənmiş sular, həmçinin yaşayış məntəqəsində insanların fizioloji qalıqları (ifraz maddələri) ilə qarışmış mayelər, baş vermiş qəzalar zamanı ətraf mühitə və kanalizasiya sisteminə atılan şərti təmiz sulardır; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.5 Bu Məcəllənin 127-3.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 262.2.3-cü maddəsinə əsasən su obyektlərindən istifadə qaydalarının pozulmasına, yəni: içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri, məhkəmə iclasında verilmiş izahatları və tərəflərin mövqelərini məcmu halında qiymətləndirərək belə nəticəyə gəlir ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikası İXM-in 262.2.3-cü maddəsi ilə başlanmış inzibati xəta üzrə icraata xitam verilməlidir. İlk növbədə qeyd edilməlidir ki, inzibati məsuliyyət yalnız qanunda birbaşa nəzərdə tutulmuş, bütün obyektiv və subyektiv əlamətləri sübuta yetirilmiş əmələ görə yarana bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində təqsirsizlik prezumpsiyası prinsipi təsbit olunub və həmin prinsipə görə barəsində icraat aparılan şəxsin təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilmədikcə, o, təqsirli hesab edilə bilməz; aradan qaldırılmayan şübhələr isə həmin şəxsin xeyrinə şərh olunmalıdır. Eyni zamanda İXM-in 53-cü maddəsi inzibati xəta tərkibinin olmamasını icraatın başlanmasını istisna edən və başlanmış icraata xitam verilməsini tələb edən hal kimi nəzərdə tutur. İşin mahiyyətindən görünür ki, protokol tərtib edən orqan baş vermiş hadisəni “içməli, məişət, texniki və tullantı sularının kənara təyinatsız axıdılması” kimi qiymətləndirmişdir. Həqiqətən də, İXM-də belə əməl ayrıca inzibati xəta kimi nəzərdə tutulur. Bununla yanaşı, Su Məcəlləsinin 103-cü maddəsində də su qanunvericiliyinin pozulması halları sırasında içməli, məişət, texniki və tullantı sularının kənara təyinatsız axıdılması göstərilmişdir. “Su təchizatı və tullantı suları haqqında” Qanunda isə “tullantı suları” anlayışı istifadə nəticəsində çirkləndirilmiş sulara, sənaye texnologiyası ilə bağlı çirklənmiş sulara, yaxud müəyyən hallarda qəzalar zamanı ətraf mühitə və kanalizasiya sisteminə atılan şərti təmiz sulara aid edilir. Deməli, məsuliyyətin yaranması üçün yalnız hər hansı mayenin ətrafa çıxması kifayət etmir; konkret olaraq qanunda nəzərdə tutulmuş növdə suyun mövcudluğu və onun kənara “təyinatsız axıdılması” sübuta yetirilməlidir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə bu zəruri elementlər sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında olan 03 fevral 2026-cı il tarixli aktda əsasən “neft kütləsinin” arxın məcrasına yığılması, “xam neft kütləsinin” axması, neft xəttinin yenisi ilə əvəzlənməsi zamanı həmin kütlənin arxa çıxması kimi hallar təsvir edilmişdir. Yəni inzibati orqanın öz ilkin sənədində hadisənin predmeti su deyil, neft kütləsi kimi qeyd olunmuşdur. Sonradan həmin neft məhsullarının tərkibində lay sularının da ola biləcəyi barədə ümumi ehtimal xarakterli izah verilsə də, bu halı təsdiq edən heç bir laborator analiz, nümunə götürülməsi barədə sənəd, ekspert rəyi, kimyəvi tərkib cədvəli, foto və ya video ilə təsdiqlənmiş texniki ölçmə nəticəsi iş materiallarına əlavə edilməmişdir. Sadəcə neft məhsullarının tərkibində bəzən digər komponentlərin ola bilməsi barədə ümumi ehtimal irəli sürülməsi, konkret bu hadisədə axıdılan maddənin məhz qanunda nəzərdə tutulan “texniki su” və ya “tullantı su” olduğunu sübut etmir. Daha mühüm məqam ondan ibarətdir ki, iş materialları “təyinatsız axıdılma” ilə “sızıntı” anlayışlarını bir-birindən ayırmır. Halbuki bu fərq hüquqi qiymətləndirmə üçün həlledicidir. “Axıtma” ifadəsi öz mahiyyətinə görə müəyyən iradi davranışı, yəni mayenin kənara yönəldilməsini, buraxılmasını və ya bu nəticəyə şüurlu şəkildə yol verilməsini ifadə edir. Texniki nasazlıq, boru xəttində sızma, qəfil deformasiya və ya dəyişdirilmə zamanı baş vermiş təsadüfi kənara çıxma isə hər bir halda avtomatik olaraq “təyinatsız axıdılma” ilə eyniləşdirilə bilməz. Xüsusən də, iş üzrə nümayəndələrin ardıcıl izahatlarından görünür ki, sızıntı aşkar edildikdən sonra xətt dəyişdirilmiş, problem aradan qaldırılmış, ərazi təmizlənmiş və nəticələrin aradan qaldırılması üçün texnika cəlb edilmişdir. Aktın özündə də şirkət nümayəndələri tərəfindən əraziyə texnika gətirilərək neft kütləsinin çıxarılması və daşınması işlərinə başlanıldığı qeyd olunur. Bu hallar, əksinə, hadisənin uzunmüddətli və məqsədli təyinatsız axıdılma deyil, sonradan aradan qaldırılmış lokal sızma və ya texniki nasazlıq olması ehtimalını gücləndirir. İnzibati məsuliyyət üçün isə ehtimal kifayət etmir. Məhkəmə üçün müəyyən edilməli idi ki: birincisi, əraziyə çıxan maddə konkret olaraq hansı maddə olmuşdur; ikincisi, həmin maddə qanunun mənasında içməli, məişət, texniki və ya tullantı su hesab edilirmi; üçüncüsü, onun kənara çıxması boru xəttində baş verən təsadüfi sızma nəticəsi, yoxsa təyinatsız axıdılma nəticəsi olmuşdur; dördüncüsü, bu hal filialın təqsirli, hüquqazidd və inzibati xəta tərkibini tamamlayan davranışı ilə birbaşa bağlıdırmı. İşdə bu sualların heç birinə qəti və mötəbər cavab verən sübut yoxdur. Bundan əlavə, protokol ilə iş materialları arasında da daxili ziddiyyət mövcuddur. Protokolda “içməli məişət, texniki və tullantı sularının” axıdılmasından bəhs olunduğu halda, aktda “neft kütləsi” və “xam neft” ifadələri işlədilmişdir. Bu iki təsvir eyni hüquqi predmetə aid edilə bilməz. Neft məhsulu ilə tullantı su eyni kateqoriya deyildir. Birincinin mövcudluğu avtomatik olaraq ikincinin də mövcudluğunu sübut etmir. Əgər inzibati orqan bu hadisəni məhz su qanunvericiliyinin pozuntusu kimi qiymətləndirirdisə, o zaman axıdıldığı iddia olunan maddənin qanunda nəzərdə tutulan “su” xarakterini elmi-texniki üsullarla təsdiqləməli idi. Bu edilmədiyi üçün ittihamın obyektiv tərəfi sübuta yetirilməmiş qalır. Məhkəmə onu da nəzərə alır ki, materiallarda şirkətə əvvəlcədən edilmiş hər hansı göstərişin, xəbərdarlığın, aradan qaldırma barədə məcburi tapşırığın icra olunmamasının sübutu yoxdur. Əksinə, nümayəndələrin izahatları və aktın məzmunu sızma ehtimalı aşkar edildikdən sonra xəttin dəyişdirilməsi və təmizləmə işlərinin görülməsini göstərir. Bu hal təkbaşına məsuliyyəti istisna etməsə də, ən azı hadisənin iradi “axıdılma” yox, texniki problem kimi baş verməsi barədə müdafiə mövqeyini zəiflətmir, əksinə gücləndirir. Həmçinin, iş materiallarında göstərilən “neft kütləsinin” 30 metr sahəyə yayılması və arxın sonradan Kür çayına çıxışı olması barədə məlumat hadisənin ekoloji baxımdan arzuolunmaz nəticələr doğura bilməsini göstərsə də, məhkəmə emosional və ehtimal xarakterli risklərə deyil, yalnız sübuta yetirilmiş hüquqi tərkib əlamətlərinə əsasən qərar verməlidir. İnzibati xəta haqqında işdə məhkəmənin vəzifəsi ümumi ekoloji narahatlığı deyil, konkret maddə üzrə konkret tərkibin olub-olmamasını müəyyən etməkdir. Hazırkı işdə isə həmin tərkibin əsas elementi olan “içməli, məişət, texniki və tullantı sularının kənara təyinatsız axıdılması” halı inandırıcı və yetərli sübutlarla təsdiq edilməmişdir. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə toplanmış sübutlar Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialının İXM-in 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini birmənalı şəkildə təsdiq etmir; əksinə, mövcud materiallar hadisənin boru xəttində sızıntı və ya texniki nasazlıq nəticəsində baş verməsi, bu hal aşkar edilən kimi aradan qaldırılması və nəticələrinin təmizlənməsi istiqamətində tədbirlər görülməsi versiyasını istisna etmir. Aradan qaldırılmayan bu şübhələr isə təqsirsizlik prezumpsiyası prinsipinə uyğun olaraq barəsində icraat aparılan hüquqi şəxsin xeyrinə şərh olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikası İXM-in 262.2.3-cü maddəsi ilə aparılan iş üzrə inzibati xəta tərkibi müəyyən edilmədiyindən, İXM-in 53-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105 128-130-cü maddələrini rəhbər tutub, qərara aldı: Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə aparılan inzibati xəta haqqında işin icraatına həmin məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Əli İmanov
Məhkəmə qərarları › İş №3(5-160)-372/2026
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(5-160)-372/2026
16.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver