Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(5-160)-377/2026 06.03.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, orta təhsilli, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər Polis Şöbəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol Şirvan şəhər Məhkəməsinə 06 mart 2026-cı il tarixdə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 10.20-də “X2 minik” markalı ** YT *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Zərərçəkmiş şəxs sağlamlığına yüngül dərəcəli bədən xəsarəti yetirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyil. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 10:20 radələrində Şirvan şəhəri, H.Əliyev prospektində yerləsən 43 nömrəli, 9 mərtəbəli binanın arxasında əsas yolda olmamaq şərti ilə ara yolda, istifadəsində olan ona məxsus “X2 minik ” markalı **-YT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə yolun sağ hissəsi ilə saatda 20 km sürətlə hərəkətdə olan zaman qərara gəlmişdir ki, avtomobilini saxlasın və həmin ünvanda yaşayan anasından pul alsın. Həmin vaxt avtomobili yolun sağ hissəsində saxlamaq istəyən zaman orada kənarda dayanmış adını sonradan bildiyi Zərərçəkmiş şəxs onun avtomobilinin sağ yan güzgüsünə dəymiş və həmin vaxtı avtomobilinin güzgüsü qatlanmış və həmin xanım yerə yıxılmışdır. Budan sonra o, avtomobildən yerə düşüb həmin xanıma niyə diqqətsizlik etməsi barədə irad bildirmiş və həmin xanım ona bildirmişdir. ki, ac, halsız və fikirlidir. Bundan sonra o, həmin xanımı ayağa qaldırmış və xəstəxanaya aparmasını təkid etmişdir. Həmin xanıma yemək alıb vermiş və qızını hazırlıqdan götürüb xəstəxanaya getmişlər. Zərərçəkmiş şəxs xəstəxanada yoxlanışdan keçmiş heç bir xəsarət olmadığını, lakin yıxıldığı üçün əzilməsi diaqnozu qoyulmuşdur. Bundan sonra orada həkim sorğu sual etmiş və həmin xanım yıxıldığını, onu avtomobil vurmadığını bildirmişdir. Lakin sonradan Zərərçəkmiş şəxs ondan pul istəmiş o, isə vermədiyindən hadisədən təxminən 10 gün sonra onun barəsində polisə şikayət ərizəsi yazmışdır. Yekun olaraq o heç bir inzibati xətaya yol vermədiyini və inzibati xəta haqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 10 radələrində Şirvan şəhəri, “3” barmaq adlanan ərazidə işdə olmuş, işini bitirib özünə lazım olan əşyaları almaq üçün “Neptun” marketə getmək istəmişdir. O, Şirvan şəhəri H.Əliyev prospektini yenicə keçib binanın arxasına keçən zaman orada hərəkətdə olan “Nissan” Note markalı **-YT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü olan xanım onu vurmuş və o, sol yanı üstə yerə yıxılmışdır. Bundan sona həmin qadın onu avtomobili ilə təcili tibbi yardım şöbəsinə aparmış, orada həkimlər ona ilkin tibbi yardım göstərib evə buraxmışlar. Hazırda ondan şikayətçi olduğunu və ona dəymiş ziyanın ödənilməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri aşkar edilmədiyindən inzibati xəta üzrə icraata xitam verilməsi məqsədəuyğundur. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 27 fevral 2026-cı il tarixli qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin tərkib əlamətləri olmadığından, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilməli, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Şirvan şəhər Polis Şöbəsinin DYPB-nə göndərilməlidir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2026-cı il tarixli, 8/121 saylı rəyindən görünür ki, 1.2 Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “X2 minik ” markalı ** YT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası Səhiyyə nazirliyinin Məhkəmə - Tibbi Ekspertiza və X1- Təcrübi və Tədris Birliyinin xx.xx.2025-ci il tarixli 626 №-li rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər - ənsənin sol hissəsində şişkinlik, beldə əzələ-bağ aparatının gərilməsi - küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 27 oktyabr 2025-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Göründüyü kimi, İXM-nın 327.8-ci maddəsi üzrə inzibati xəta tərkibinin yaranması üçün zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi ilə yanaşı, bu zərərin bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində vurulması da zəruridir. Lakin iş materiallarını araşdıran zaman müəyyən edilmişdir ki, iş üzrə yol-nəqliyyat hadisəsinin ekspertizası keçirilsə də, həmin ekspert rəyində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi halı İXM-nin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində deyil, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinin pozulması nəticəsində baş verdiyi müəyyən edilmiş, tərtib olunmuş protokolda qeyd olunan xüsusatlar öz əksini qanunvericiliyin tələbləri baxımından tapmamışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Məhkəmə qeyd edir ki, göründüyü kimi bu müddəa yol hərəkətinin iştirakçılarının əsas vəzifə və hüquqlarını müəyyən etməklə İXM-nın 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş inzibati xətaları əhatə etmir və bu halda İXM-nın 327.8-ci maddəsinin dispozisiyasındakı şərtləri əks etdirmir. İnzibati xətanın dispozisiyasında nəzərdə tutulmuş şərtlər həmin xətanın xarici təzahürünü xarakterizə etməklə inzibati xəta tərkibinin obyektiv tərəfinə aid olan əlamətləri təşkil edir. Hazırkı inzibati xəta hadisəsi üzrə İXM-nin 327.8-ci maddəsinin obyektiv tərəfinə aid əlamətlərin bir hissəsini (zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi) müəyyən etmək olsa da, digər hissəsini (İXM-nin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalardan birinin baş verməsi) təqdim edilmiş materiallar üzrə müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İXM-nın inzibati məsuliyyətin əsaslarını müəyyən edən 3cü maddəsində göstərilir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nın 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nın 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. İXM-nın 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nın 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nın 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nın 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İXM-nın 327.8-ci maddəsinin tərkib əlamətləri olmadığından Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 105, 114-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin . Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(5-160)-377/2026
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(5-160)-377/2026
06.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver