Məhkəmə qərarları › İş №3(5-160)-389/2026

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(5-160)-389/2026

18.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(5-160)-389/2026 18.03.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abbasova Nərmin Bəxtiyar qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, X1 Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ 34415405 saylı elektron qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ 34415405 nömrəli inzibati tənbeh etmə haqqında elektron qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2026-cı il tarixdə Şirvan şəhəri, Z.Hacıyev küçəsində quraşdırılmış videonəzarət kamerası vasitəsilə idarə etdiyi **-LE-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Sonata” markalı minik avtomobilinə yol hərəkətinin qayda pozuntusunu əks etdirən EQ 34415405 nömrəli elektron qərar tərtib edilərək barəsində 100 manat (3 bal) cərimə yazılmışdır. “ASAN ödəniş” sisteminə daxil edilmiş cərimədə xətanın baş verdiyi tarix xx.xx.2026-cı il saat 13:48 qeyd edilsə də, Şirvan şəhər polis şöbəsinin yol patrul şöbəsindən əldə etdiyi elektron qərarda xətanın baş vermə tarixi xx.xx.2026-cı il saat 18:54 qeyd edilmişdir. Şirvan şəhəri, Z.Hacıyev küçəsində hərəkətdə olarkən qarşıda dayanmış (dayanma-durma nişanı olmayan və nəzərdə tutulmayan yerdə dayanmış) mikroavtobus qəfildən idarə etdiyi avtomaşının yoluna çıxaraq qəza şəraiti yaratdığı üçün və hər iki avtomaşına qəza dəyməməsini fikirləşərək avtomaşının hərəkət istiqamətini dəyişmək məcburiyyətində qalmışdır. Lakin inzibati orqan mikroavtobusun qanunazidd hərəkətlərinə göz yumaraq onu inzibati məsuliyyətə cəlb etmişdir. Fotoşəkillərdən göründüyü kimi, mikroavtobusun idarə etdiyi avtomaşının qarşısına çıxaraq qəza şəraiti yaratması öz əksini tapmışdır. Göstərilənlərə əsasən şikayətin təmin edilməsi xahiş edilmişdir. Şikayət vermiş şəxsə və qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, EQ 34415405 nömrəli elektron qərardan görünür ki, xx.xx.2026-cı il tarixində saat 13:48-də Şirvan şəhəri, Z.Hacıyev küçəsində “Hyundai Sonata” minik markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş, elektron qərar xx.xx.2026-cı il tarixində saat 18:54:17-də elektron müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə yerləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.1.8-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilir. 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. 122.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir: inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); İnzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346.3cü maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. 122-ci maddəsinə əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır (maddə 122.5), barəsində bu Məcəllənin 122.1, 124.5 və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs bu Məcəllənin 125.2.1, 125.2.2 və ya 125.2.3-cü maddələrində müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan təyin olunmuş cəriməni ödəyə bilər (maddə 122.6). Barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür (maddə 122.7). İnzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş şəxsin tələbi ilə ona həmin inzibati xətanın qeydə alınmasının texnologiyası əyani şəkildə göstərilməlidir (122.8). Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, işin araşdırılmış hallarından görünür ki, hazırki iş üzrə xx.xx.2026-cı il tarixli, EQ 34415405 nömrəli elektron qərarda X1 idarə etdiyi “Hyundai Sonata” minik markalı, **- LE-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2026-cı il tarixində saat 13:48-də Şirvan şəhəri, Z.Hacıyev küçəsində İXM-nin 327.2-ci maddəsinin tələblərini pozması göstərilsə də, elektron qərar inzibati xətanın törədilməsindən bir neçə saat sonra müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə yerləşdirilmişdir. İnzibati xətanın törədilməsi müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmuş, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə aşkar edilməmiş, İXM-nin 122-ci maddəsində nəzərdə tutulmuş qaydalara zidd olaraq Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsində təhlükəsiz şəhər kameralarına videonəzarət üçün quraşdırılmış monitorlardan istifadə edilərək, məsafəni yaxınlaşdırmaqla çəkilmiş fotoşəkillər əsasında tərtib edilmiş və qanunsuz olaraq cərimə yazılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 53.1.11-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Beləliklə məhkəmə, şikayət vermiş şəxs X1 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X1 barəsində Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ 34415405 nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122, 128-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ 34415405 saylı elektron qərar ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şirvan şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nərmin Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar