Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(5-160)-393/2026 16.03.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi , Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Şirvan şəhər Mərkəzi Kitabxanada böyük kitabxanaçı işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2026-cı il tarixli MN № ******* saylı protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs xx.xx.2026-cı il tarixdə Şirvan şəhər Mərkəzi Kitabxanasının inzibati binasında vətəndaş Zərərçəkmiş şəxs təhqir edərək iş rejimini və ictimai qaydanı pozmuşdur. İnzibati xəta hadisənin olması xx.xx.2026-cı il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, hadisə Şirvan şəhər Mərkəzi Kitabxanasının inzibati binasında oxu zalında baş vermişdir. Belə ki, o, Şirvan şəhər Mərkəzi Kitabxanada böyük kitabxanaçı işləyir. Şirvan şəhər Mərkəzi kitabxanasının oxu zalında ona məxsus olan masanın üstünü sildiyi vaxt Zərərçəkmiş şəxs ona masanın üstündə olan zibilləri onun üstünə tökməməsini bildirmişdir. O, isə orada heç bir zibil olmadığını, oranı yaş dəsmal ilə sildiyini , əgər stolun üstündən onun üzərinə nəsə tökülürsə, öz oturduğu stulu qarşıya çəkməsini bildirmişdir. Həmçinin ona bildirmişdir ki, “buranın işçisi deyilsiz, amma burada əyləşmisiniz və mənə problem yaradırsınız.” Lakin həmin xanım ona qarşı “dədənin xarabası deyil bura” deyə müraciət etmiş, o da həmin xanımın öz sözünü özünə qaytarmışdır. Himayəsində 14 və 18 yaşlı iki övladı vardır, qeyd edilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Şirvan şəhər Mərkəzi Kitabxanada təsərüffat müdiri işləyir. Şirvan şəhər polis şöbəsinə xx.xx.2025-ci il tarixli müraciəti əsasında araşdırma aparıldıqdan sonra Yeganənin barəsində İXM-nin 510cu maddəsinə müvafiq qərar qəbul edilərək inzibati cərimə olunmuşdur. X4 inzibati təhbeh olunduğu gündən sonra qəsdən onlarla qərəzli münasibətini davam etdirir və xx.xx.2026-cı il tarixdə saat 10 radələrində X4 oxu zalında yerləşən masanın üzərini çirkab əski ilə silərkən əskinin suyunu qəsdən onun üzərinə töküb, qəsdən mübahisə edib iş vaxtında oxu zalında uca səslə onun dünyasını dəyişmiş atasının ünvanına nalayiq ifadələr işlətmişdir. Hazırda şikayətçidir və barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahat verib bildirdi ki, xx.xx.2026-cı il tarixdə saat 10 radələrində X4 oxu zalında yerləşən masanın üzərini çirkab əski ilə silərkən əskinin suyunu qəsdən Zərərçəkmiş şəxs üzərinə töküb və Zərərçəkmiş şəxs ilə mübahisə edib iş vaxtında oxu zalında uca səslə Günelin ünvanına nəlayiq ifadələr işlətmiş, Günel buna dözməyib onun etdiyi hərəkətləri və söydüyü söyüşləri videokamera vasitəsi ilə çəkib hüquq mühafizə orqanına təqdim etmək qərarına gəlmişdir. Bundan sonra videoçəkilişi dayandırdıqdan sonra Yeganə onun , İlhamənin və Günelin ünvanına nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahat verib bildirdi ki, xx.xx.2026-cı il tarixdə saat 10 radələrində o, kitabxananın foyesində olmuş, bu zaman Günel xanımın paltarının su içində olduğunu görmüşdür. Günel xanım X3 oxu zalında yerləşən masanın üzərini çirkab əski ilə silərkən əskinin suyunu qəsdən onun üzərinə tökdüyünü və oxu zalında uca səslə onun ünvanına nəlayiq ifadələr işlətdiyini ona bildirmişdir. Sonradan otağa daxil olduqda isə Yeganə xanım həm onun, həm də Günel xanımın ünvanına nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında təqdim edilmiş videogörüntüyə baxış keçirilmiş, baxış zamanı videogörüntüdən müəyyən edilmişdir ki, Şirvan şəhər X1 Yeganə İsaq qızı və Zərərçəkmiş şəxs arasında mübahisə yaranmış, mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunan inzibati xətanın obyekti ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 510.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32-ci və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır . Məhkəmə, işin faktiki hallarını, iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində müəyyən məbləğdə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-ci, 115-ci, 128-130-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı : İnzibati xəta törətmiş xx.xx.1985-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Şirvan şəhər Mərkəzi Kitabxanada böyük kitabxanaçı işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 50 (əlli) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(5-160)-393/2026
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(5-160)-393/2026
16.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver