Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(5-160)-54/2026 19.01.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abbasova Nərmin Bəxtiyar qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Şirvan şəhər Polis şöbəsinin DYPB-nin inspektoru, polis kiçk serjantı X1 iştirakları ilə, xx.xx.1999-cu ildə Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, subay, Salyan rayonu, Qaraçala qəsəbəsində qeydiyyatda olan, Şəxs barəsində Şirvan şəhər Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 511.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şirvan şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs 15 yanvar 2026-cı il tarixdə Şirvan şəhəri, M.Mirzəyev küçəsində bir neçə avtomobili yüksək sürətlə ötmək qadağandır zonasında ötərək, manevrlər edərək, avtomobili asfalt üzərində fırladaraq izlərini asfalt üzərində buraxaraq, səslər çıxararaq avtoxuliqanlıq hərəkətləri etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında Şirvan şəhər Polis şöbəsinin DYPB-nin inspektoru, polis kiçk serjantı X2 protokola uyğun izahat verərək, Şəxs barəsində qanunamüvafiq tədbirlər görməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək, lakin inzibati xətanı törətməsində özünü təqsirli bilməyərək bildirmişdir ki, xəstəsi olduğu üçün tələsdiyindən polis əməkdaşının saxla işarəsinə tabe olmamışdır. Avtomobili idarə edərkən asfalt örtüyü palçıq olduğundan özündən asılı olmadan avtomobil fırlanmışdır. O, avtoxuliqanlıq hərəkətləri etməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə, saat 15:00-da inzibati qaydada tutulmuş, xx.xx.2026-cı il tarixdə, saat 17:30-da azad edilmişdir. DVD diskdə olan video görüntülərdən Şəxs mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirərək, avtomobili təhlükəli vəziyyətdə idarə etməsi, yerin səthində təkərlərin sürtünməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: -3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. -4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. -6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. -9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. -12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. -21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. -511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin ifadəsini dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Belə ki, Şəxs avtoxuliqanlıq etməsi, yəni ictimai qaydanı və əhalinin dincliyini nümayişkəranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan avtomobilini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarması və yolda təkərlərin izini buraxması ilə müşayət olunan hərəkətlər etməsi DVD diskdə olan video görüntülər və barəsində tərtib edilmiş protokol ilə tam şəkildə sübuta yetirilmiş, şəxsin əməli düzgün olaraq İXM-in 511.1.3-cü maddəsi ilə tövsif edilmişdir. Həmçinin, məhkəmə iclasında Şəxs avtomobilin asfalt üzərində fırlanmasına yolun palçıq olmasının səbəb olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı tədqiq olunan videogörüntülərdə qeyd olunan hal təsdiqini tapmamışdır. Məhkəmə tərəfindən Şəxs əməlini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, işin faktiki hallarını, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində İXM-nin 511.1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir, eləcə də onun barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə qeyd edir ki, Şəxs törətdiyi avtoxuliqanlıq əməli yüksək ictimai təhlükəlilik dərəcəsi ilə səciyyələnir. O, öz hərəkətləri ilə təkcə öz həyatını deyil, həm də çoxsaylı digər yol hərəkəti iştirakçılarının həyat və sağlamlığını real təhlükə altına qoymuşdur. Bu cür davranış ictimai qaydaya və təhlükəsizliyə qarşı açıq bir meydan oxumaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz presedent hüququnda dəfələrlə vurğulamışdır ki, yaşamaq hüququ (Konvensiyanın 2-ci maddəsi) dövlətin üzərinə təkcə insanları qəsdən həyatdan məhrum etməmək kimi neqativ öhdəlik deyil, həm də vətəndaşların həyatını qanunsuz təhdidlərdən qorumaq üçün lazımi preventiv tədbirlər görmək kimi pozitiv öhdəlik qoyur. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtoxuliqanlıq kimi təhlükəli əməllərə qarşı sərt və qaçılmaz məsuliyyət tədbirlərinin tətbiqi bu pozitiv öhdəliyin bir hissəsidir. İnzibati tənbeh növünü və həddini seçərkən məhkəmə, İXM-in 21-ci və 31-ci maddələrini rəhbər tutur. Şəxs törətdiyi avtoxuliqanlıq əməli müstəsna dərəcədə yüksək ictimai təhlükəlilik daşıyır. Bu cür davranış təkcə formal qayda pozuntusu deyil, həm də ictimai asayişə və təhlükəsizliyə birbaşa təhdiddir. Məhkəmə nəzərə alır ki, inzibati xəta törətmiş Şəxs barəsində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılmaqla inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi, həmin şəxsi qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır, həmçinin gələcəkdə bu xarakterli əməllərə yol verməsinin daha ağır tənbehlərə səbəb olacağı barədə ona edilmiş xəbərdarlıq hesab edilməli, bu əməldən nəticə çıxarması üçün yaddaqalan və təsirli şəraitin yaradılması kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.2026-cı il tarixdə, saat 15:00-da inzibati qaydada tutulmuş, xx.xx.2026-cı il tarixdə, saat 17:30-da azad edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən həmin hal nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş xx.xx.1999-cu ildə Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, subay, Salyan rayonu, Qaraçala qəsəbəsində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İXM-nin 511.1.3-ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 1 (bir) il müddətə məhdudlaşdırılmaqla barəsində 17 (on yeddi) gün müddətinə inzibati həbs tətbiq olunsun. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2026-cı il tarix, saat 15:00-dan xx.xx.2026-cı il tarix, saat 17:30-dək, yəni 2 (iki) gün Şirvan şəhər Polis şöbəsində saxlanıldığı müddət ona təyin edilmiş inzibati həbs müddətindən çıxılsın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati qaydada həbsdə saxlamanın əvvəli 19 yanvar 2026-cı il tarixdən, saat 11:34dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər polis şöbəsinə tapşırılsın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Abbasova
Məhkəmə qərarları › İş №3(5-160)-54/2026
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(5-160)-54/2026
19.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver