Məhkəmə qərarları › İş №3(5-160)-57/2026

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(5-160)-57/2026

19.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(5-160)-57/2026 19.01.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Məmmədova Pərvin Şaiq qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Yaqub oğlunun iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şirvan şəhəri, 1 May küçəsi, ev 44, mənzil 1 ünvanında qeydiyyatda olan Şəxs Yaqub oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Allahverdiyev X7 şəhər Məhkəməsinin 2(032)-988/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədini icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməməklə onun qanuni tələblərini yerinə yetirmədiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən protokol tərtib olunaraq Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(032)-848/2025 saylı qərarı ilə 500 manat məbləğində cərimə edilməsinə baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədini icra etməmiş və əməli təkrar törətmişdir. Şəxs Yaqub oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən onun barəsində Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən 19 yanvar 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta hadisəsinin olması 19 yanvar 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin, protokolu tərtib etmiş şəxsin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X5 izahat verərək bildirdi ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-988/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2015-ci il tarixdən hesablanmaqla hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq iş üzrə tələbkar X1 ödənilməlidir. İcra sənədi üzrə borcluya “icraata başlamaq haqqında” qərar və tələbin könüllü icrası haqqında bildiriş göndərilməsinə baxmayaraq icra vərəqəsi icra olunmamışdır. Tərəflərindən borclunun müvafiq təşkilatalara edilmiş əmlak sorğuları nəticəsində borclunun adına heç bir əmlak aşkar olunmamışdır. İcra sənədi üzrə borclu Şəxs hüquq və vəzifələri, eləcə də aliment öhdəliyini yerinə yetirmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsinə dair xəbərdar edilməsinə baxmayaraq keçən müddət ərzində aliment üzrə ödənişlərini tam şəkildə etməmiş, nəticədə aliment üzrə borcu yaranmışdır. Borclu icra məmurunun çağırışlarına gəlmədiyindən, eləcə də, onun yaşayış yerini müəyyən etmək mümkün olmadlığından barəsində xx.xx.2015-ci il tarixində “borclunun axtarılması” barədə qərar qəbul edilmişdir. Borclu xx.xx.2025-ci il tarixində polis əməkdaşları tərəfindən şöbəyə təhvil verilmiş və borclu barəsində inzibati protokol tərtib edilərək Məhkəməyə təqdim olunmuşdur. Şirvan Şəhər Məhkəməsinin 3(032)-848/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə borclu Şəxs barəsində 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmuşdur. Şirvan Şəhər Məhkəməsinin 8(032)-204/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. “Elektron İcra” İnformasiya sistemi ilə borclunun əmlak və gəlir məlumatları sorğulandıqda onun işlədiyi məlum olmuş və icra sənədi xx.xx.2025-ci il tarixində icra olunması üçün onun iş yerinə göndərilmişdir. Lakin 1 ay sonra onun əmək müqaviləsinə xitam verildiyi məlum olmuşdur. Bundan sonra borcluya tələbin könüllü icrası üçün yenidən vaxt verilmiş və keçən müddət ərzində tələbi icra etməmişdir. İcra tədbirləri nəticəsində borclunun xx.xx.2026-cı il tarixinə cəmi 19800 manat aliment borcu olduğu məlum olmuşdur. İş üzrə tələbkar dəfələrlə şöbəyə yazılı və şifahi müraciətlər edərək yaranmış aliment borcunu tələb etmişdir. Beləliklə, Şəxs dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq göstərilən icra sənədi üzrə nəzərdə tutulmuş xəta inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə yenidən törədilmişdir. Qeyd olunanlara əsasən məhkəmədən borclu Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Yaqub oğlu izahat verərək bildirdi ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-988/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən ondan hər ay iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ümumilikdə 200 manat məbləğində alınaraq tələbkar X1 verilməlidir. O, uzun müddətdir ki, xərçəng xətəliyindən əziyyət çəkmiş, xəstəliyi ilə əlaqədar Rusiya Federasiyasında iki dəfə əməliyyat olunmuş, səhhəti yaxşı olduqdan sonra Azərbaycana gəlmiş, Şirvan Şəhər Məhkəməsinin 2(032)-988/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədini icra etmədiyindən icra məmuru tərəfindən barəsində protokol tərtib edilmiş, həmin protokol əsasında məhkəmənin xx.xx.2025-ci il tarixli qərarı ilə 500 manat məbləğində cərimə edilmişdir. Daha sonra icra sənədi üzrə borcundan ümumilikdə 600 manat məbləğində pul tələbkara ödəmişdir. İcra sənədi üzrə yaranmış aliment borcunu ödəməkdən boyun qaçırmır, lakin maddi imkanı olmadığına görə və səhhətində olan problemlərlə əlaqədar borcunu ödəyə bilməmişdir. Aliment borcunu hər ay hissə-hissə ödəmə imkanı vardır. Qeyd edilənləri nəzərə alaraq barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsinin məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İnzibati xəta haqqında protokola əlavə edilmiş: Şirvan Şəhər Məhkəməsinin 2(032)-988/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə borclu Şəxs xx.xx.2015-ci il tarxdən hesablanmaqla hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq iş üzrə tələbkar X1 ödənilməlidir. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin xx.xx.2015-ci il tarixli qərarı ilə Şirvan Şəhər Məhkəməsinin 2(032)-988/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İcraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, borclu Şirvan Şəhər Məhkəməsinin 2(032)-988/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra vərəqəsi üzrə tələbin könüllü icrası ilə bağlı məlumatlandırılmışdır. Şirvan şəhər Məhkəməsinin 8(032)-108/2016 saylı, 16 may 2016-cı il tarixli qərardadından görünür ki, X2 adına ** BE *** qeydiyyat nişanlı, VAZ 21074 markalı avtomobilin üzrəinə həbs qoyulması və borc həmin avtomobilə yönəldilməsi qərara alınmışdır. Şirvan şəhər Məhkəməsinin 8(032)-204/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin təqdimatı təmin edilərək, borclu – xx.xx.1982-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(032)-848/2025 nömrəli qərarından görünür ki, Şəxs Yaqub oğlu İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 manat məbləğində cərimə edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs Yaqub oğlu barəsində İXM-in 528.1- 1-ci maddəsi ilə olan inzibati protokol əsaslı olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Allahverdiyev X7 Şəhər Məhkəməsinin 2(032)-988/2015 saylı, xx.xx.2015-ci il tarixli icra üzrə tələbi üzürsüz səbəbdən icra etmədiyinə görə Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(032)-848/2025 nömrəli qərarına əsasən İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 manat məbləğində cərimə olunmuş, həmin qərarın qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təkrar törətmişdir. Şəxs Yaqub oğlu borcunu maddi imkanının olmadığına görə ödəmədiyini bildirmişdir. Lakin məhkəmə qeyd olunan halı icra sənədinin üzrsüz icra edilməməsi kimi qiymətləndirir və bu səbəblə də, Şəxs Yaqub oğlunın İXM-in 528.1-1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Aparılan məhkəmə araşdırmasında Şəxs Yaqub oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs Yaqub oğlunun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq hesab edir ki, Şəxs Yaqub oğlu İXMin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək ona inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Şəxs Yaqub oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1000 (bir min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar