Məhkəmə qərarları › İş №3(5-160)-58/2026

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(5-160)-58/2026

26.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(5-160)-58/2026 26.01.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, X9 katibliyi, X1, Qərarından şikayət verilən orqanın nümayəndəsi X5 iştirakları ilə, X4 barəsində Azərbaycan Respublikasının FHN-nin X12 Xidməti Muğan Regional X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqında qərardan X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X6 şikayətlə məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikasının FHN-nin X12 Xidməti Muğan Regional X11 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqında qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının FHN-nin X12 Xidməti Muğan Regional X11 İdarəsinin ******* saylı protokolu ilə Azərbaycan Respublikası İXM-nin 518.3-cü maddəsi ilə təqsirli bilinmişdir. İnzibati tənbeh vermə haqqında qərarın surəti poçt vasitəsi ilə ona xx.xx.2025-ci ildə çatdırılmışdır. Azərbaycan Respublikasının FHN-nin X12 Xidməti Muğan Regional X11 İdarəsinin ******* saylı protokol əsasında yazılmış MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarında “Şirvan şəhəri, T.İsmayılov küçəsində yerləşən özünə məxsus Stomoloji kabinetdə həkim-stomatoloq fəaliyyəti ilə məşğul olur. Qeyd edilən obyektdə tərəfindən bütün yanğın təhlükəsizliyi qaydalarına tam riayət olunur. Həkim-stomatoloq fəaliyyəti ilə tək məşğul olur və onun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində qüvvədə olan heç bir aktiv əmək müqaviləsi yoxdur. Bu hal Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş 3-21- 2-3/2-Q-99xx-xx/2025 saylı məktubla öz təsdiqini tapmışdır. Lakin, Azərbaycan Respublikasının FHN X12 Xidməti Muğan Regional X11 İdarəsi tərəfindən bu hallar nəzərə alınmamış, heç bir müvafiq araşdırma aparmadan onu vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb edərək heç bir əsas olmadan yanlışlıqla 800 manat cərimə yazılmışdır. X2 məhkəmə iclasında şikayəti müdafiə edərək bildirmişdir ki, onun şikayət verməsinə səbəb barəsində vəzifəli şəxs olaraq protokol tərtib edilməsidir. Düzdür ola bilər ki, yanğın texniki qaydalarında müvafiq səhvlər etmiş olsa da, o, vəzifəli şəxs deyildir. Belə ki, Şirvan ərazisində 30 kv metr ayrıca tikilisi vardır ki, orada stomotoloji fəaliyyətlə məşğul olur. Özü dövlət vergi xidmətindən qeydiyyatdan keçərək diş həkimi kimi də müvafiq razılıq əldə etməklə öz sahəsinə uyğun fəaliyyətlə məğul olur. Bütün bunları əsas gətirməklə şikayətinin təmin edilməsini və onu fiziki şəxs olaraq məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən Azərbaycan Respublikasının FHN-nin X12 Xidməti Muğan Regional X11 İdarəsinin nümayəndəsi X7 məhkəmə iclasında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqında qərar əsaslı olduğundan şikayətin rədd edilməsini xahiş etmişdir. Bildirmişdir ki, X4 fəaliyyət göstərdiyi əraziyə dəfələrlə baxış keçirilmiş, lakin dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq sonuncu tərəfindən fəaliyyət göstərdiyi obyektdə olan nöqsanlar aradan qaldırılmamışdır. Məhz elə bu səbəbdən üzərində olan məsuliyyətin möhkəmləndirilməsi məqsədilə onu inzibati məsuliyyətə cəlb etmiş və barəsində qərar qəbul edilərək tənbeh edilmişdir. Həmçinin qeyd etmişdir ki, X6 hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə İşə əlavə edilmiş Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyi X11 Xidməti Muğan regional X11 İdarəsinin “inzibati tənbeh vermə haqqında” 26 noyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, X3 şəhəri, T.İsmayılov küçəsində yerləşən Stomotoloji kabinetdə YTM zamanı YTQN 012001b 4.8; 2 və YTH Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinin tələblərinin pozulması ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə təqsirli bilinərək 800 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 23 dekabr 2025-ci il tarixli, 3-21-2-3/2- Q-99xx-xx/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində X4 qüvvədə olan aktiv əmək müqaviləsi barədə məlumat müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyi X11 Xidməti Muğan Regional X11 İdarəsi tərəfindən X3 şəhəri, T.İsmayılov küçəsində yerləşən Stomotoloji kabineti üzrə fəaliyyət istiqamətləri ilə əlaqədar yoxlama keçirilmiş və yoxlamanın nəticəsi olaraq, İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol üzrə hazırkı inzibati iş üzrə X2 vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikası İXM-nin 518.3-cü maddəsinə əsasən İnşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsinə görə- fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. 17-ci maddəsinə əsasən Vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından müəyyən edilir ki, X6 barəsində hazırki inzibati tənbeh vermə haqqında qərar qanuni əsaslarla tərtib edilmiş və o, qeyd olunan inzibati xətaya görə qanunvericilikdə müəyyən edilmiş inzibati tənbeh çərçivəsində, həm də həmin inzibati tənbehin aşağı həddində, eyni zamanda, inzibati tənbehi tətbiq etmək səlahiyyəti olan orqan tərəfindən inzibati məsuliyyətə cəlb edilib inzibati qaydada tənbeh edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinin məzmununa görə inzibati xəta haqqında protokoldan verilən şikayətə və ya protestə baxılarkən qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmadıqda həmin qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Nəticə etibarilə, X6 barəsində tətbiq edilmiş inzibati tənbeh qanunvericiliklə müəyyən olunmuş tələblərə uyğun şəkildə tətbiq edilmiş, qərarın qanunsuz və əsassız olması barədə məhkəmə araşdırması zamanı hər hansı sübut təqdim olunmamışdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyət vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə görə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmənin mövqeyi: İş materiallarından və məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallardan görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X12 Xidməti Muğan Regional X11 İdarəsi tərəfindən X4 Şirvan şəhəri, T.İsmayılov küçəsində yerləşən stomatoloji kabinetində yanğın təhlükəsizliyi qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, yoxlama zamanı YTQN 012001b 4.8.2 bəndinin və “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X2 barəsində qəbul edilmiş qərarın əsas etiraz səbəbi onun vəzifəli şəxs hesab edilməməsi ilə bağlıdır. Lakin bu mövqe məhkəmə tərəfindən əsassız hesab edilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyət daşıyırlar. Həmin maddənin qeyd hissəsində açıq şəkildə göstərilmişdir ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat səlahiyyətlərini həyata keçirən fiziki şəxslər də vəzifəli şəxs hesab olunurlar. İş materiallarından görünür ki, X6 hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla stomatoloji xidmət göstərir, fəaliyyət göstərdiyi obyektə faktiki rəhbərlik edir, həmin obyekt üzrə təhlükəsizlik və istismar qaydalarına əməl olunmasına cavabdeh şəxs qismində çıxış edir. Bu hallar onun fəaliyyətinin yalnız fiziki şəxs kimi deyil, inzibati-təsərrüfat səlahiyyətlərini həyata keçirən şəxs kimi xarakterizə olunmasına əsas verir. Şikayətçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində aktiv əmək müqaviləsinin olmaması barədə təqdim etdiyi arqumentlər isə onun vəzifəli şəxs statusunu istisna etmir. Çünki inzibati hüquq baxımından vəzifəli şəxs anlayışı yalnız əmək müqaviləsinin mövcudluğu ilə deyil, faktiki olaraq səlahiyyətlərin həyata keçirilməsi ilə müəyyən edilir. Bu mövqe İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin məzmunundan birbaşa irəli gəlir. Eyni zamanda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsində yanğın təhlükəsizliyi qaydalarının pozulmasına görə məsuliyyət subyektləri dəqiq fərqləndirilmiş, vəzifəli şəxslər üçün ayrıca sanksiya nəzərdə tutulmuşdur. Şikayətçi barəsində tətbiq edilmiş 800 manat məbləğində cərimə həmin maddədə nəzərdə tutulmuş cərimənin aşağı həddində müəyyən edilmişdir ki, bu da inzibati tənbehin fərdiləşdirilməsi prinsipinə uyğun gəlir. Məhkəmə onu da nəzərə alır ki, iş üzrə inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar səlahiyyətli orqan tərəfindən qəbul edilmiş, inzibati icraat zamanı prosessual pozuntuya yol verildiyini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76, 80 və 84-cü maddələrinin tələblərinə uyğun olaraq sübutlar toplusu işin hallarını təsdiq etmək üçün kifayət hesab edilmişdir. Beləliklə, məhkəmə nəticəyə gəlir ki, X6 inzibati xəta törətmiş şəxs kimi düzgün tövsif edilmiş, onun vəzifəli şəxs dairəsinə aid olması sübuta yetirilmiş və barəsində tətbiq edilmiş inzibati tənbeh qanunun tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmadığından, şikayət təmin edilməməli, inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, X4 barəsində Azərbaycan Respublikasının FHN-nin X12 Xidməti Muğan Regional X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqında qərarından verilmiş şikayəti əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayəti təmin edilməsin. X6 barəsində Azərbaycan Respublikasının FHN-nin X12 Xidməti Muğan Regional X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar