Məhkəmə qərarları › İş №3(5-163)-169/2026

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(5-163)-169/2026

13.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(5-163)-169/2026 13.03.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1989-cu il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, əlilliyi olmayan, məhkumluğu olmayan, evli, Tovuz rayonu Abulbəyli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Tovuz Rayon Məhkəməsinin 8(062)-413/2025 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən 06 iyul 2013-cü il tarixdə anadan olmuş Rəsul və 07 sentabr 2018-ci ildə anadan olmuş Murad adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs hər ay hər uşaq üçün növbəti artımlar nəzərə alınaraq ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,56 misli məbləğində aliment alınıb X1 verilməsi qərara alınmasına baxmayaraq, Şəxs icra sənədi üzrə borcunu icra məmurunun müəyyən etdiyi müddətdə yerinə yetirməmiş, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir və nəticədə 1792 manat borcu qalmaqdadır. Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəmə iclasında göstərdi ki, Tovuz Rayon Məhkəməsinin 8(062)-413/2025 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən 06 iyul 2013-cü il tarixdə anadan olmuş Rəsul və 07 sentabr 2018-ci ildə anadan olmuş Murad adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs hər ay hər uşaq üçün növbəti artımlar nəzərə alınaraq ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,56 misli məbləğində aliment alınıb X1 verilməsi qərara alınmışdır. Şəxs borcunun ödənilməsi tələb olunmasına baxmayaraq, o icra vərəqəsini icra etmir. Şəxs icra sənədi üzrə borcunu ödəməkdən yayındığı üçün 11 mart 2026-cı il tarixə borcu 1792 manat təşkil edir. Ona görə də onun barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqda iş üzrə material olan Şəxs ona istinad edilən xətanı törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, tələbkar ilə boşanmamışdır. Əvvəllər hərbidə işlədiyi üçün aliment də birbaşa onun kartından tutularaq öhdəliyi icra olunurdu. 2025-ci ilin sentyabr ayından işsiz olduğu üçün alimenti ödəyə bilmir. Ona görə də borcu yığılmışdır. Gülnar Kərimova ilə birgə nikahlarından anadan olmuş uşaqlardan biri onunla yaşayır. Ona özü baxır. Bu barədə icra orqanına məlumat verməyi bilməmişdir. Məhkəmə tərəfindən iki gün vaxt verilsə də o cəmi 100 manat ödəmə edə bilmişdir. Özü heç bir yerdə işləmir. Vaxt verilərsə hissə-hissə alimentini ödəyə bilər. Odur ki, məhkəmədən ədalətli qərar verilməsini xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs X3 əvvəlki məhkəmə iclasında ifadəsində göstərdi ki, Şəxs borcunu ödəmək istəmir. Sonuncu dəfə 2025-ci ilin avqust ayının sonunda ödəmə etmişdir. Uşaqlardan biri cavabdehin ailəsinin yanında yaşasa da mütəmadi olaraq öz yanına qayıdır. Ona görə də o alimenti tələb edir. Digər uşağa özü baxır. Borcun ödənilməsini xahiş edir. Onun tutulmasını istəməsə də alimentin tam ödənilməsini xahiş edir. Əks halda Şəxs şikayətçidir. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin, zərərçəkmiş şəxsin və protokolu tərtib etmiş şəxsin izahatını dinləyib hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsiliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik, prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası daxilində inzibati qaydada tənbeh olunmalıdır. Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmədə müəyyən edildi ki, Şəxs borcundan ödəmə etmək niyyəti yoxdur. Belə ki, Şəxs 2025-ci ilin sentyabr ayından hazıradək aliment öhdəliyindən ödəmə etməmişdir. Bunu isə uşaqlardan birinin onunla qalması ilə əsaslandıraraq ödəmə etməməsini bununla əlaqələndirmiş qanunun tələbini bilmədiyini qeyd etmişdir. Məhkəmə Şəxs diqqətinə “qanunu bilməmək məsuliyyətdən azad etmir” prinsipini çatdıraraq ona ödəmə etməyi barədə məhkəmə iclasını təxirə almaqla onun aliment öhdəliyini icra etməyə şərait yaratmışdır. Məhkəmə tərəfindən Şəxs həmçinin qanunvericiliyin tələbi izah edilməklə onun borcundan əhəmiyyətli ödəmə etməsi bildirilmişdir. Şəxs ona vaxt verildikdən sonra 1792 manat aliment borcu olduğu halda borcundan cəmi 100 manat ödəmə etmişdir. Məhkəmə qərarının icrası görüntüsü yaratmaq istəyi isə məhkəmənin diqqətindən kənarda qalmamışdır. Hər ay olmaqla icra olunacaq öhdəlik üçün məhkəmədən yenidən müddət istəməyi məhkəmə qüvvədə olan qərarın icrasından yayınma halı kimi qiymətləndirir. Şəxs məhkəmə iclasında ifadəsi onu deməyə əsas verir ki, o məhkəmənin qətnaməsinin icrasından qərəzli şəkildə yayınır. Məhkəmə Şəxs şəxsiyyətini törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq onun İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati qaydada həbs olunmasını qanuni və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 13 mart 2026-cı il tarixdən saat 17:30-dan hesablansın. Qərarın icrası Tovuz Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar