Məhkəmə qərarları › İş №3(5-163)-21/2026

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(5-163)-21/2026

05.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(5-163)-21/2026 05.03.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim İsaqlı Pərvanə Zakir qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X4 vəkili Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Tovuz regional Ərazi şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərardan barəsində qərar qəbul edilmiş şəxs X8 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X8 şikayət ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Tovuz regional Ərazi şöbəsinin xx.xx.2025ci il tarixli, MN ******* saylı qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qərar haqsız olaraq qəbul edilmişdir. Belə ki, X3 Rayon Prokurorluğuna başqa bir cinayət işi ilə bağlı çağırılmış və dindirilmişdir. Dindirilən zaman X5 hədə-qorxu gəlinmiş və məcburi şəkildə ona bilmədiyi sənədə imza çəkdirilmişdir. X3 Rayon Prokurorluğunun böyük müstəntiqinə bildirəndə ki, hərif tanımadığı üçün sənədin məzmunu ilə tanış ola bilmir, böyük müstəntiq X1 tanış ola bilməsi üçün pedaqoq çağırmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Tovuz regional Ərazi şöbəsi qeyd olunan halları nəzərə almalı olduğu halda almamışdır, Şəmkir Rayon Prokurorluğu tərəfindən formal olaraq göndərildiyi materiala münasibətdə araşdırma aparmadan cərimə yazılmışdır. Həmçinin bu məsələ ilə bağlı ona Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Tovuz regional Ərazi şöbəsi tərəfindən cərimə yazılmışdır. Odur ki, hazırki şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X4 vəkili Nümayəndə şikayətin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X8 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Tovuz regional Ərazi şöbəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Tovuz regional Ərazi şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərardan görünür ki, X2 Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsində müəyyən edilmişdir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını, işdə olan sübutları müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, şikayət təmin edilməli, mübahisələndirilən inzibati xəta haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Qazax-Tovuz regional Ərazi şöbəsinin 30 dekabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin qərar qəbul edilərkən aparılan inzibati araşdırma zamanı yuxarıda göstərilən qaydalara uyğun aparılmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən barəsində qərar qəbul edilən şəxsin təqsirini təsdiq edən sübutlar tam toplanılmadan qərar qəbul edilmişdir. Beləliklə də, həmin hadisənin baş verməsində şikayət verən şəxsin təqsiri sübuta yetirilə bilməmişdir. Məhkəmə qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. X7 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Hazırki iş üzrə aparılan araşdırma zamanı əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilib-edilməməsi ilə bağlı ziddiyyətlər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə həll edilməlidir. Təqsirsizlik prezumpsiyası prinsipindən bəhs edən İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təsbit edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İş materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Tovuz regional Ərazi şöbəsi qeyd olunan halları nəzərə almamış, Şəmkir Rayon Prokurorluğu tərəfindən göndərilmiş materiala münasibətdə müvafiq araşdırma aparılmadan, şəxsin barəsində inzibati tənbeh tətbiq edilməsi ilə bağlı qərar qəbul etmişdir. İnzibati Xətalar Məcəlləsinin sübutların qiymətləndirilməsindən bəhs edən 84-cü maddəsində qeyd olunmuşdur ki, İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş hər hansı hüquqi qüvvəsi yoxdur. İnzibati məsuliyyətin əsaslarından bəhs edən İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir (İnzibati Xətalar Məcəlləsinin 6.1 və 6.2-ci maddələri). Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsində qeyd edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsində təsbit edilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1-ci maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, sadalanan xüsusatlara görə məhkəmə hesab edir ki, şikayət təmin edilməli, mübahisələndirilən inzibati xəta haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114, 115, 133-135-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X8 tərəfindən verilmiş şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Tovuz regional Ərazi şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Pərvanə İsaqlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar