Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 3(5-163)-51/2026 30.01.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi Məsimov Fərid Eldar oğlunun katibliyi Protokol tərtib etmiş Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1991-ci il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əlilliyi olmayan, Tovuz şəhəri Aşağı Öysüzlü yaşayış ərazisində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tovuz RPŞ tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Şəxs barəsində xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 19 radələrində Tovuz şəhəri M.Musayev küçəsində DİN-in “102” xidmətinə daxil olan məlumat əsasında ora gələn polis əməkdaşları onu RPŞ-yə dəvət edərkən sonuncuların ünvanına ucadan nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuş və polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də sonuncu polislərin qanuni tələblərinə tabe olmamışdır. Bununla da onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X3 protokola uyğun izahat verərək göstərdi ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs xx.xx.2026-cı il tarixdə saat 19 radələrində Tovuz şəhəri M.Musayev küçəsində DİN-in “102” xidmətinə daxil olan məlumat əsasında ora gələn polis əməkdaşları onu RPŞ-yə dəvət edərkən sonuncuların ünvanına ucadan nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuş və polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də sonuncu polislərin qanuni tələblərinə tabe olmamışdır. Ona görə də bu barədə müvafiq protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Odur ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbehin tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edərək bildirdi ki, o, xx.xx.2026-cı il tarixdə saat 19 radələrində sərxoş vəziyyətdə Tovuz şəhəri M.Musayev küçəsində yerləşən X4 bərbərxanasına getmiş, sonuncudan saçının kəsməsi istəmiş, lakin Bəhruz Alıyev xəstəsi olduğunu bildirərək onun saçını kəsməmişdir. Bu zaman aralarında mübahisə yaranmış, o əsəbləşərək nalayiq ifadələr işlətmiş və Bəhruz Alıyev onun qolundan tutaraq itələmişdir. Həmin vaxt ora polis əməkdaşları gəlmiş, o əsəbi olduğu üçün polislərin ünvanına da nalayiq ifadələr işlətmişdir. Hazırda əməlindən peşmandır. Odur ki, barəsində yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərdi ki, o, Şəxs tanıyır və sonuncu Tovuz bazarında araba sürür. O, Tovuz şəhəri Mərdan Musayev küçəsində bərbərxana işlədir. xx.xx.2026-cı il tarixdə saat 19 radələrində Şəxs onun işlətdiyi yerə gələrək saçının kəsilməsini bildirmiş, o isə əmisinin xəstə olduğunu, ora gedəcəyini bildirmişdir. Buna baxmayaraq Şəxs ondan əl çəkməyərək paltarından tutaraq dartıb çırmış və onun ünvanına nalayiq ifadələr işlətmişdir. O, bu barədə “102” xidmətinə zəng edərək polisə məlumat vermişdir. Bundan sonra ora polis əməkdaşları gəlmiş, Şəxs polisin də ünvanına nalayiq ifadələr işlətmiş və sonuncuların qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərdi ki, o, Tovuz RPŞ-nin Təhqiqat Bölməsində təhqiqatçı işləyir. Hazırda onun icraatında Şəxs barəsində material vardır və həmin material üzrə yekun qərar verməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati material onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Məhkəmə diqqətə çatdırır ki, protokol tərtib olunan zaman İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilməmişdir. Bununla bağlı məhkəmə aşağıdakıları diqqətə çatdırmağı zəruri hesab edir. İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İş materialları ilə müəyyən edilir ki, inzibati xəta törətmiş şəxsə protokolun surətinin təqdim edilməsi, protokol tərtib edilən zaman inzibati xəta törətmiş şəxsin iştirakının təmin edilməsi məqsədi ilə rəsmi xəbərdar edilməsinə dair sənəd (məktubların reyestri, xəbərnamə və s.) iş materiallarında mövcud deyildir. İşin bu halı isə şəxsin inzibati xəta haqqında protokolun tərtib edilməsindən məlumatlı olmamasını və buna görə də protokolun onun iştirakı olmadan tərtib edilməsini deməyə əsas verir. Halbuki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin inzibati xəta haqqında protokol tərtib edilərkən izahat vermək, işin materialları ilə tanış olmaq, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək və digər hüquqları vardır. Lakin protokol tərtib etmiş orqan tərəfindən bu kimi tələblər gözlənilməmiş, inzibati xəta haqqında protokol qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərtib edilməmiş və nəticədə inzibati xəta haqqında protokolun barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı olmadan tərtib edilməsi onun müdafiə hüququnun pozulmasına səbəb olmuşdur. Həmçinin iş materialları tədqiq edilərkən, şahid qismində dindirilmiş X2 bildirmişdir ki, hazırda onun icraatında Şəxs barəsində material vardır və həmin material üzrə yekun qərar verməmişdir. Göründüyü kimi Şəxs əməlinə hüquqi qiymət verilməmiş, onun əməlində inzibati və cinayət tərkibi olması barədə yekun qərara gəlinməmişdir. İnzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanması məsələlərini həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş protokol geri qaytarılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 106 və 109.1.6cı maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş protokol və ona əlavə olunmuş sənədlər Tovuz Rayon Polis Şöbəsinə geri qaytarılsın. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(5-163)-51/2026
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №3(5-163)-51/2026
30.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver