Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(5-163)-81/2026 12.02.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi, Şikayət vermiş şəxs X2, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1, X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, inzibati xəta ilə bağlı ona bildiriş təqdim edilən kimi, göstərilən nöqsanı dərhal aradan qaldırılmışdır. Lakin buna baxmayaraq, faktiki vəziyyət yerində təkrar yoxlanılmadan, obyektiv araşdırma aparılmadan barəsində 600 (altı yüz) manat inzibati cərimə və 360 (üç yüz altmış) manat dəbbə pulu hesablanmışdır. Bu hal inzibati icraatın obyektivlik, ədalətlilik və qanunauyğunluq prinsiplərinə zidd olduğunun bildirmişdir. Bundan əlavə bildirmiş ki, ailəsinin sosial vəziyyəti ağırdır. Həm o, həm də həyat yoldaşı qocalıq təqaüdü alır. Həyat yoldaşı ağır onkoloji xəstəlikdən əziyyət çəkir və daimi müalicə alır. Buna baxmayaraq, barəsində qəbul edilmiş qərar əsasında aldığı təqaüddən 200 (iki yüz) manat məbləğində tutulma aparılmışdır. Bu tutulma ailəsinin maddi vəziyyətini daha da ağırlaşdırmış, yaşayış və müalicə xərclərini ödəməkdə ciddi çətinliklər yaratmışdır. Göstərilən hallar nəzərə alınmadan tətbiq edilmiş inzibati cərimə əsassız olduğunu hesab etmiş, bu səbəbdən 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Cərimə olunmasından və cərimənin məbləğindən məlumatı olmamış, bu barədə pensiyasından tutma aparılarkən xəbər tutmuşdur. Məhkəmə iclasında X5 şikayətinə uyğun məzmunda izahat vermişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 izahatında bildirmişdir ki, 2024-cü ilin iyun ayında İnzibati Xətalar Məcəlləsinin 264.0.1 maddəsi ilə yəni çirkab sularının suvarma arxına axıdılmasına görə protokol tərtib edilmişdir. X5 şəxsən müayinədə iştirak etmişdir. Yoxlamaya əsas qonşunun şikayəti olmuşdur. Protokolda qeyd edilmiş pozuntu faktı aşkar edilmiş, tərtib edilmiş akta X5 imza etməklə təsdiq etmişdir. Tətbiq edilmiş inzibati cəriməni ödəmədiyi üçün icra məmuru tərəfindən tutma pensiyasına yönəldilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi səlahiyyətlərini müvəqqəti icra edən X4 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarından görünür ki, X5 şəhər arxının üzərində hamam tikmiş, hamamda formalaşan tullantı sularını arxa axıtmış və bununla da AR İXM-nin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 600 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. 07 iyun 2024-cü il tarixli 84557 nömrəli aktda ünvan 1 ünvanının sakini X5 tərəfindən təsərrüfat fəaliyyətli suvarma arxının üzərinə beton örtük qoyularaq 2,5x4 m ölçüdə hamam tikilmişdir. Hamamda əmələ gələn çirkab tullantı suları birbaşa şəhər arxına axıdılır. Eyni zamanda arxın kənarında arxa bitişik 1x1m ölçüdə tikinti aparılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.5-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.11-1-ci bəndinə görə həmin Məcəllənin 264.0.1, 264.0.4, 264.0.6, 264.0.7 və 266.1-ci (su mənbələrinin və mineral bulaqların sanitar-mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, yaxud içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrinə münasibətdə) maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi baxır. Göründüyü kimi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin İXM-nin 264.0.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul etmək səlahiyyəti olmamışdır. Odur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi səlahiyyətlərini müvəqqəti icra edən X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş aidiyyəti üzrə baxılmaq üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 122, 128-130, 134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi səlahiyyətlərini müvəqqəti icra edən X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş aidiyyəti üzrə baxılmaq üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №3(5-163)-81/2026
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(5-163)-81/2026
12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver