Məhkəmə qərarları › İş №3(5-163)-97/2026

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(5-163)-97/2026

02.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(5-163)-97/2026 02.03.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə xx.xx.1996-cı ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, subay, işsiz, əlilliyi olmayan, əvvəllər inzibati xətaya məruz qalmamış, deməsinə görə məhkum olunmamış, Tovuz rayonu Abulbəyli kəndində qeydiyyatda olan, Şəxs- Barəsində Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Tovuz Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 28 noyabr 2025-ci il tarixdə Tovuz şəhəri Mərdan Musayev küçəsində yerləşən kafedə tanışları ilə qumar oyununda iştirak etmiş, yəni qumar oynamışdır. Baş vermiş xəta ilə əlaqədar Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs verdiyi ifadəsində göstərdi ki, 28 noyabr 2025-ci il tarixdə saat 18 radələrində Tovuz şəhərində yerləşən Bəsti xanımın işlətdiyi kafeyə getmişdir. Mübariz, Mehrac, Əli, Vyaçeslav, Elgün və o oturub çay sifariş vemişlər. Sonra kart oynamaq qərarına gəlmişlər. O cibindən 60 qəpik pul vəsaiti çıxartmış və stolun üzərinə qoymuşdur. Bundan sonra polis əməkdaşları gəlib özlərini təqdim etmişlər və onların qumar oynadıqlarını görüb RPŞ-yə aparmışlar. Hazırda əməlindən səmimi peşman olmasını və bir daha belə hərəkətlərə yol verməyəcəyini nəzərə alıb barəsində yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs dinləyib, iş materiallarını tədqiq edərək belə qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində olan cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsiliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik, prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan şəxsin əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası daxilində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə Şəxs məsuliyyətini yüngüləşdirən halları və törədilmiş inzbati xətanın xarakterini nəzərə alaraq onun inzibati qaydada cərimə olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 3000 (üç min) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar