Məhkəmə qərarları › İş №3(5-164)-10/2026

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(5-164)-10/2026

05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(5-164)-10/2026 05.02.2026 UCAR RAYON MƏHKƏMƏSİ Mən, hakim Xəlilov Hilal İsmayıl oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Ucar rayonu Qarabörk bələdiyyəsinin (VÖEN:**********, ünvan: Ucar rayonu, Qarabörk kəndi) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Mərkəzi Aran regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Mərkəzi Aran regional şöbəsindən daxil olmuş və 17 dekabr 2025-ci ildə tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, X2 müraciətinin baxılması ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Ucar rayonu Qarabörk bələdiyyəsinə zəruri olan məlumatların (sənədlərin) təqdim edilməsi barədə 13 noyabr 2025-ci il tarixli, 3-17-5/2-104639/2025 nömrəli məktub göndərilmiş, lakin zəruri olan sənədlər təqdim edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Ucar rayonu Qarabörk bələdiyyəsinin sədri X1 məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında göstərdi ki, 17 fevral 2025-ci ildə Ucar rayonu Alpout, Qarabörk və Qulabənd bələdiyyələri birləşmişdir. 05 may 2025-ci ildə o, Ucar rayonu Qarabörk bələdiyyəsinin sədri seçilmişdir. 06 may 2025-ci ildə “ASAN” imza almış və ona Vergilər idarəsindən Gülər adlı işçinin olduğunu bildirmişlər. Ona məlum olmuşdur ki, Gülər Əliyeva 2023-cü ildə bələdiyyədə işə götürülmüşdür, amma əmr kitabında onun işə qəbulu ilə bağlı əmr və ya qeyd yoxdur. Müfəttişlik tərəfindən həmin şəxslə bağlı sənədlər tələb edilsə də, lakin qeyd etdiyi kimi bələdiyyədə bununla bağlı heç bir sənəd olmamışdır. Buna görə də tələb olunan sənədləri təqdim etmək mümkün olmamışdır. Gülər Əliyevanın 10 aprel 2025-ci ildə əmək müqaviləsi yenilənsə də kimin tərəfindən yenilənməsi məlum deyildir. Gülər Əliyeva 2025-ci ilin sentyabr ayında bələdiyyəyə ərizə ilə müraciət edərək xadimə kimi işə qəbul olunmasını xahiş etmişdir. Həmin şəxsin qayınatası Xaləddin Gülərin işə qəbul olduğu halda işə gəlməyəcəyini bildirmişdir. O, isə bələdiyyə sədri kimi buna razılıq verməmişdir və bunun mümkün olmayacağını bildirmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Mərkəzi Aran regional şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq inzibati xəta haqqında işə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarına əlavə edilmiş Ucar rayonu Qarabörk bələdiyyəsinin sədri Maarif İsmayılova ünvanlanmış 13 noyabr 2025-ci il tarixli məktubdan və iş materiallarından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Mərkəzi Aran regional şöbəsi X2 müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid sənədlərin 7 iş günü ərzində regional şöbəyə təqdim edilməsi xahiş olunmuşdur. Tələb olunan məlumat və sənədlərin siyahısı: 1. Əmək müqaviləsinin surəti (elektron əmək müqaviləsi olmadığı təqdirdə); 2. İş vaxtının uçotu və əmək haqqının hesablanması cədvəllərinin surəti (son on iki ay üçün); 3. Əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq sənədlər (xitam əmri, işçinin ərizəsi); 4. Son haqq-hesabın hesablanması və ödənilməsini təsdiq edən sənədin surəti; 5. İşçinin son dəfə istifadə etdiyi əmək məzuniyyətinin verilməsi barədə əmr, həmin əmrin əsası; 6. Məzuniyyət hüququndan istifadə edilməsinə dair müvafiq sənədlər (işçinin ərizəsi, işəgötürənin əmri); 7. Vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirməsinə dair cavab məktubu. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin ikinci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Beləliklə, müəyyən olundu ki, Ucar rayonu Qarabörk bələdiyyəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hal yoxdur. Qeyd olunanlara görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Ucar rayonu Qarabörk bələdiyyəsinin sədri M.İsmayılovun izahatını əsaslı hesab etmirəm və onun izahatında göstərdikləri inzibati məsuliyyətdən azad etmək üçün əsas deyildir. Göstərilənləri nəzərə alaraq, Ucar rayonu Qarabörk bələdiyyəsi barəsində hüquqi şəxslər üçün nəzərdə tutulmuş qaydada cərimə növündə tənbeh təyin edilməsini məqsədəmüvafiq hesab edirəm. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114-115, 128-130 və 150-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Ucar rayonu Qarabörk bələdiyyəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinib iki min manat məbləğdə cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şəki Apellyasiya Məhkəməsinə həmin qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa şikayət və ya protest verilə bilər. Hakim: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar