Məhkəmə qərarları › İş №3(5-164)-12/2026

Ucar Rayon Məhkəməsi Qərar — İş №3(5-164)-12/2026

05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 3(5-164)-12/2026 05.02.2026 UCAR RAYON MƏHKƏMƏSİ Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Atayeva Ramilə Mirəli qızının katibliyi, Şikayət vermiş şəxs X3 iştirakı ilə, X7 barəsində qəbul edilən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 02 dekabr 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayətə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyənetdi: Məhkəməyə daxil olmuş şikayətdə və ona əlavə edilmiş materiallarda göstərilmişdir ki, 20 noyabr 2025-ci il tarixdə Xəzər KEM İdarəsinin əməkdaşları tərəfindən atmosferə atılan toz hissəciklərinin YVH-dən artıq olması AEROQOL cihazı ilə müəyyən edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X2 02 dekabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X7 Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 2500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. X1 yuxarıda qeyd edilən qərardan məhkəməyə şikayət edərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, 18 dekabr 2025-ci il tarixli inzibati tənbeh tədbiq edilməsi haqqında qərardan verdiyi şikayətindən əlavə olaraq onuda qeyd etmişdir ki, inzibati orqan tərəfindən barəsində qəbul olunan 02 dekabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq ona rəsmi qaydada poçt vasitəsilə təqdim edilməmişdir. Bu səbəbdən şikayət müddətinin ötürülməsi ilə əlaqədar müddətin bərpa olunmasını zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən “X6 Kompleksi” MMC-nin Ucar rayonunda yerləşən zavodundan ətraf mühitə tullantıların atılması əsası ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə uyğun olaraq 21 noyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati protokol tərtib edilmişdir. Həmin protokol əsasında isə qəbul edilmiş 02 dekabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh tətbiq edilməsi haqqında qərara əsasən o, vəzifəli şəxs qismində cərimə olunmuşdur. Qeyd olunan 21 noyabr 2025-ci il tarixli inzibati protokolun əsası kimi X8 Monitorinq İdarəsinin "xxxx" MMC-nin Ucar rayonunda yerləşən pambıq zavodunun ətrafında apardığı monitorinqin nəticələri göstərilmişdir. Həmin monitorinq zamanı pambıq emalı prosesi nəticəsində əmələ gələn tullantıların zavodun ətraf ərazisinə atılması və havaya yayılan toz hissəciklərinin normativ həddi aşması müəyyən edildiyi qeyd olunmuşdur. Lakin sözügedən inzibati xəta haqqında icraat zamanı aparılmış araşdırmalar, həmin araşdırmaların hüquqi əsası və tərtib edilmiş inzibati protokol qanunsuzdur və İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş prosessual tələblər kobud şəkildə pozulmuşdur. Belə ki, 21 noyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati protokolun əsası kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X8 Monitorinq İdarəsi tərəfindən aparılmış monitorinq zamanı aşkar olunmuş göstəricilər əsas götürülmüşdür. Lakin müvafiq orqan tərəfindən məhkəməyə təqdim edilmiş sənədin heç bir hüquqi əsası yoxdur və monitorinqin aparılmasına dair hər hansı qərarın qəbul edilməsi barədə məlumatlar həmin sənəddə öz əksini tapmamışdır. Bu isə monitorinq nəticələrini əks etdirən sənədin hüquqi qüvvəyə malik olmadığını göstərir. Bundan əlavə, qeyd olunan sənəddə aparılmış araşdırma nəticəsində ətraf mühitə atılan zərərli qaz qarışıqlarının və toz hissəciklərinin müəyyən edilmiş ölçmə dəyərlərinin ətraf mühit üçün yol verilən hədd normasını aşdığı göstərilsə də, həmin normativ hədlərin hansı göstəricilər üzrə müəyyən edildiyi və bu göstəricilərin hansı normativ-hüquqi aktda təsbit olunduğu barədə heç bir məlumat verilməmişdir. Bu hal ölçmə nəticələrinin etibarlılığına ciddi şübhələr yaradır. Həmin şübhələrin aradan qaldırılması üçün yoxlamanı aparmış orqan ətraf mühit üçün yol verilən normativ göstəricilərin hansı hüquqi aktda müəyyən edildiyini və bu göstəricilərlə faktiki ölçmə nəticələrinin müqayisəli şəkildə göstərilməsini təmin etməli idi. Lakin bu tələblərə əməl edilməmişdir. Bundan başqa hesab edir ki, barəsində tətbiq edilmiş inzibati tənbehin əsası kimi qəbul edilən X8 Monitorinq İdarəsi tərəfindən aparılmış yoxlama qanunsuzdur və inzibati xəta haqqında icraat materialı kimi istifadə edilə bilməz. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, yoxlama başlamazdan əvvəl yoxlama aparmağa səlahiyyəti olan vəzifəli şəxs xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı təqdim etməlidir. Lakin zavodda yoxlama aparılarkən yoxlamanı həyata keçirən vəzifəli şəxslər tərəfindən yoxlamanın aparılması barədə əvvəlcədən qəbul edilmiş hər hansı qərar və ya vahid məlumat reyestrindən çıxarış təqdim edilməmişdir. Bu isə yoxlamanın qanunvericiliyin tələblərinə uyğun aparılmasına dair əsaslı şübhələr yaratmışdır. Belə ki, qeyd olunan halları nəzərə alaraq, barəsində qəbul olunmuş qərarın qanunsuz və əsassız olduğunu hesab edir. Bu səbəbdən də, barəsində qəbul edilmiş qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X7 şikayətin məzmununa uyğun, oxşar məzmunlu izahat verərək şikayətin təmin edilməsini, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 02 dekabr 2025-ci il tarixli, MN seriyalı, ******* saylı qərarının ləğv edilməsini xahiş etdi. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə dəfələrlə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin, səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 133.2.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının iştirakları olmadan işə baxılmasını mümkün saymışdır. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 111.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının vəsatəti və ya əlavə müəyyən edilməli hallar olarsa, işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) özünün əsaslandırılmış qərardadı ilə işin baxılmasını bir ayadək müddətə uzadır. Beləliklə, qeyd olunur ki hazırkı şikayət məhkəməyə 08 yanvar 2026-cı il tarixdə daxil olmuş, işin baxılması 16 yanvar 2026-cı il tarixə, saat 11:15-ə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış qərar qəbul etmiş orqan nümayəndəsinin iştirakını məhkəmədə təmin etməmiş, eləcə də mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş sənədlər məhkəməyə təqdim edilməmişdir. Bundan sonra, işin baxılması müddəti qanunvericilikdə nəzərdə tutulan çərçivədə, yəni bir ayadək uzadılmış, lakin qərar qəbul etmiş orqan yenidən şikayətlə bağlı hər hansı münasibət bildirməmişdir. Məhkəmə şikayətçinin və qərar qəbul etmiş orqanın nümayəndəsinin izahatlarını dinləyərək, şikayəti və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X4 tərəfindən qəbul edilmiş 02 dekabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2500 (iki min beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X4 tərəfindən şikayətçiyə ünvanlanmış 02 dekabr 2025-ci il tarixli, CBM/4725-413 nömrəli xəbərdarlıq məktubundan görünür ki, X7 barəsində qəbul edilən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 02 dekabr 2025ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı icra olunması üçün Tofiq Əhmədova göndərilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 60.1-ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. İXM-nin 57-ci maddəsinin İ və İİ hissəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Sözügedən Məcəllənin 60.4-cü maddəsinə əsasən bildiriş bu Məcəllənin 57.1 – 57.5ci maddələrində nəzərdə tutulmuş qaydada göndərildikdən sonra inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bildirişin məzmununun ötürülməsini təmin etməklə internet, telefon və ya digər rabitə vasitələri ilə də əlavə məlumat verilir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Bundan əlavə, Azərbaycan Respublikası İXM-nin 61.1, 61.1.1, 61.1.2, 61.1.3, 61.1.4 və 61.1.5-ci maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək və işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüquqları var. İXM-nin 100-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bu sahəni tənzimləyən müvafiq normativ hüquqi aktların tələblərindən də göründüyü kimi səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. İnzibati xətalar haqqında işlər üzrə sənədlərin (qərarların, qərardadların, protokolların, bildirişlərin) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən rəsmi qaydada verilməsi qaydası və üsulu isə qeyd edildiyi kimi İXM-nin 57-ci maddəsində müəyyən edilmişdir. İnzibati xətalar haqqında işlər üzrə sənədlər inzibati xətalar qanunvericiliyində nəzərdə tutulmuş qaydada göndərildikdən sonra inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bildirişin məzmununun ötürülməsini təmin etməklə internet, telefon və ya digər rabitə vasitələri ilə də əlavə məlumat verilir. Çünki, bununla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək və işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüquqlarından isitifadə etmək imkanı təmin edilir. Əks yanaşma isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin çatımlılıq hüququnun pozulmasına, sonuncunun barəsində aparılan inzibati araşdırmadan, onun gedişatından xəbərsiz olmasına, bununla da, işin ədalətli, hərtərəfli, tam və obyektiv araşdırılmasına əngəl yaranmasına şərait yaradır. Bundan əlavə, məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (İXM-nin 8-ci maddəsinin İİ hissəsi, Təqsirsizlik prezumpsiyası prinsipi). Şikayətçinin əməlində inzibati xətanın olub-olmamasını, inzibati xətanın törədilməsində onun təqsirliliyini, eləcə də işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün faktik məlumatlar, inzibati xətalar haqqında işlər üzrə sübutlar, o cümlədən inzibati xəta haqqında qərarın qəbul edilməsinə əsas olmuş sənədlər səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə ki, şikayət və ona əlavə edilmiş sənədlərlə inzibati xəta hadisəsinin məhz kimin tərəfindən törədilməsi dəqiq müəyyən edilməmişdir. Məhz inzibati xəta haqqında qanunvericiliyin məzmunundan da göründüyü kimi inzibati xətanın baş verməsini sübutetmə yükü hazırki işdə məhz Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Digər tərəfdən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) mübahisələndirilən qərarını şikayətçiyə rəsmi qaydada verilməsini təsdiq edən sənədi təqdim etməməsi də hazırkı şikayətin vaxtında verilib-verilməməsini də aydınlaşdırmağa imkan verməmişdir. Ona görə ki, İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar (yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərardan verilən şikayətlə) istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Bundan başqa, Ucar Rayon Məhkəməsinin 16 yanvar 2026-cı il tarixli, 3(5-164)- 12/2026 saylı qərardadı ilə məhkəmə işin obyektiv və qərəzsiz araşdırılması, həmçinin, iş üzrə bəzi sübutların əldə edilməsi və çəkişmə prinsipinin təmin edilməsi, eləcə də inzibati iş üzrə icraat iştirakçılarının məhkəmə iclasında iştiraklarının təmin edilməsi məqsədilə şikayətə baxılması müddəti bir ayadək müddətə uzadılsa da, bu müddət ərzində də şikayətin dolğun araşdırılmasını təmin edən zəruri sənədlər, o cümlədən mötəbər sübutlar məhkəməyə tam təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının vəsatəti və ya əlavə müəyyən edilməli hallar olarsa, işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) özünün əsaslandırılmış qərardadı ilə işin baxılmasını bir ayadək müddətə uzada bildiyindən, həmçinin qanunvericilik məhkəməyə qeyd olunan müddət ərzində inzibati xəta ilə əlaqədar işlərə baxılması imkanı tanıdığından hazırkı şikayətin araşdırılmasının əlavə müddətə uzadılması inzibati xətalar haqqında qanunvericiliyin pozulması ilə şərtlənər ki, bu da yolverilməzdir. Yəni, qanunverici bununla işin davamlı müddətdə, yəni qanunvericilikdə nəzərdə tutulmuş son müddəti ötürməklə, araşdırma imkanını məhdudlaşdırmışdır. Nəticə etibarilə, şikayətin dolğun araşdırılmasına imkan verən zəruri sənədlərin təqdim olunmamasına, mübahisələndirilən hallarla bağlı mühüm məqamları araşdırmaq isə məhkəmə icraatının müddəti baxımından məhdudluğuna görə işə baxıb, yekun qərar qəbul etmək mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunan Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Sözügedən Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə iş materiallarını araşdırıb təqdim edilmiş sübutlara əsaslanaraq hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, X3 haqqında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 02 dekabr 2025-ci tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün səlahiyyətli orqana (Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə) göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şikayət qismən təmin edilsin. X7 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 02 dekabr 2025-ci tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün səlahiyyətli orqana (Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə) göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində nəzərdə tutulmuş hazırkı qərardan şikayət vermə hüququ olan şəxslər tərəfindən Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar