Məhkəmə qərarları › İş №3(5-164)-52/2026

Ucar Rayon Məhkəməsi Qərardad — İş №3(5-164)-52/2026

11.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ucar rayonu İş № 3(5-164)-52/2026 11.02.2026 UCAR RAYON MƏHKƏMƏSİ Mən, hakim Xəlilov Hilal İsmayıl oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsindən daxil olmuş inzibati xəta haqqında material üzrə inzibati xəta haqqında işin baxılmağa hazırlanması məsələsinə baxaraq, müəyyən etdim: Şəxs barəsində X3 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin məsləhətçi-əmək müfəttişi X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə 16 yanvar 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin inzibati xəta haqqında protokol əlavə edilmiş sənədlərlə birlikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin rəisi Elxan Çərkəzovun 22 yanvar 2026-cı il tarixli, 3-17-5/2-9559/2026 nömrəli məktubu ilə baxılması üçün məhkəməyə göndərilmişdir. İş üzrə təqdim edilmiş materialları araşdıraraq hesab edirəm ki, təqdim edilmiş inzibati xəta haqqında protokol düzgün tərtib edilməmiş və təqdim edilmiş materiallar natamam olmuşdur. Belə ki, məsləhətçi-əmək müfəttişi X1 tərəfindən 16 yanvar 2026-cı ildə tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin təşkilati-hüquqi forması və inzibati xətanın törədildiyi yer və vaxt göstərilməmiş, inzibati xətanın mahiyyəti natamam göstərilmiş, inzibati xəta haqqında protokolun qoşmasında əlavə olunan sənədlərin adı və vərəqlərin sayı göstərilməmiş, habelə inzibati xəta haqqında protokolda protokolun surətinin 2025-ci il 16 yanvar tarixli məktubla Ucar rayonu, Alpoud kəndinə göndərildiyi qeyd edilsə də bunu təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xəta haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bilidirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol ciddi hesabat sənədi olmaqla, əl ilə və ya informasiya sistemləri vasitəsilə nömrələnmiş blanklarda və ya səlahiyyətli orqanların informasiya sistemlərində elektron qaydada tərtib olunur. Bu Məcəllənin 327–356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalarla bağlı protokol inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə bu Məcəllə ilə müəyyən edilmiş qaydada bort-kompüter vasitəsilə, bort-kompüter olmadıqda isə əl ilə nömrələnmiş blanklarda tərtib olunur. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol nömrələnmiş blankda tərtib edildikdə onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır və protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə verilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etmələrinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.5-ci maddəsinə əsasən nömrələnmiş blankda tərtib edilmiş inzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix, vaxt və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat (fiziki və ya vəzifəli şəxslərin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşadığı və olduğu yerin ünvanı, hüquqi şəxsin adı, VÖEN-i, hüquqi və faktiki ünvanları); inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda şahidlərin və zərərçəkmiş fiziki şəxslərin soyadı, adı, atasının adı və onların yaşadığı və olduğu yerin ünvanı, hüquqi şəxsin adı, VÖEN-i, hüquqi və faktiki ünvanları; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilmişdirsə və ya maddi zərər vurulmuşdursa, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilir. Həmin Məcəllənin 106.0.3-cü maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xətalar haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini aydınlaşdırmalıdır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunanlara əsaslanaraq hesab edirəm ki, tərtib edilmiş inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğun, yəni düzgün tərtib edilmədiyindən, təqdim edilmiş materiallar natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinə geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət və protest verilə bilməz. Hakim: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar