Məhkəmə qərarları › İş №3(5-165)-29/2026

Yardımlı Rayon Məhkəməsi Qərar — İş №3(5-165)-29/2026

17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yardımlı rayonu İş № 3(5-165)-29/2026 17.02.2026 YARDIMLI RAYON MƏHKƏMƏSİ X5 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli şəxs - Yardımlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, mebel ustası işləyən, əlilliyi olmayan, Yardımlı rayonu Kürəlçi kəndində qeydiyytda olmaqla Bakı şəhərində yaşayan Şəxs barəsində Yardımlı Rayon İcra və Probasiya Şöbəsin tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Yardımlı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yardımlı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(038)-115/2014 saylı, xx.xx.2014-cü il tarixli 2(038)-163/2014 saylı və xx.xx.2018-ci tarixli 2(038)-191/2014 saylı qətnamələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Yardımlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə 17 fevral 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli şəxs - Yardımlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 bildirmişdir ki, Əliyev X3 Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(038)-115/2014 saylı, xx.xx.2014-cü il tarixli 2(038)-163/2014 saylı və xx.xx.2018-ci tarixli 2(038)-191/2014 saylı qətnamələri üzrə icra sənədini icra etməmişdir. Protokol tərtib olunun vaxt Şəxs borcu Bank VTB-yə 12204.72 ABŞ dolları, Unibank ASC-yə 291.36 manat, Soliton MMC-yə isə 337 manat təşkil etmişdir. Cavabdeh Unibank ASC-yə və Soliton LTD MMC-yə olan borcundan hissə-hissə kiçik məbləğlərdə ödənişlər etsə də, lakin Bank VTB-yə olan borcundan heç bir ödəniş etməmişdir. Göstərilənlərə əsasən tələbkarlar şikayətçi olduğundan barəsində protokol tərtib edilərək Yardımlı Rayon Məhkəməsinə təqdim edilmişdir. Buna görə də qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, ailə vəziyyəti ilə əlaqədar borclarını tam ödəyə bilməmiş, Unibank ASC-yə və Soliton LTD MMC-yə olan borclarından ara-sıra ödənişlər etmişdir və yaxın vaxtlarda borclarını vaxtında ödəyəcəyini bildirmişdir. Bank VTB-yə olan borcu əvvəldən yığılıb qalan borcdur. Borcunun əvəzinə avtomobili qaytarmış və akt tərtib olunaraq onun banka borcunun olmadığı aktda qeyd edilmişdir, lakin həmin aktı itirdiyindən məhkəməyə təqdim edə bilmir. Banka müraciət etsə də, aktı ona vermirlər. Yaxın vaxtda ona Bank VTB tərəfindən zəng edilərək 1000-1500 ABŞ dolları müqabilində borcunun silinməsini təklif etmişlər. Əslində Bank VTB-yə onun borcu yoxdur. Göstərdiklərini nəzərə alınmasını və ona vaxt verilməsini xahiş edir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Yardımlı Rayon Məhkəməsinin 2(038)-115/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədindən görünür ki, 16354.35 ABŞ dolları məbləğində əsas borc, 1081.62 ABŞ dolları faiz borcu, 115.40 ABŞ dolları cərimə olmaqla ümumilikdə 17551.37 ABŞ dolları məbləği və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdeh Şəxs alınaraq iddiaçı Bank VTB-yə ödənilməlidir. Yardımlı Rayon Məhkəməsinin 2(038)-163/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədindən görünür ki, 289.88 manat əsas borc, 12.43 manat faiz borcu, 10.05 manat cərimə borcu və 20 manat dövlət rüsumu olmaqla cəmi 332.36 manat məbləğində pul vəsaiti cavabdeh Şəxs alınaraq iddiaçı Unibank ASC-yə ödənilməlidir. Yardımlı Rayon Məhkəməsinin 2(038)-119/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədindən görünür ki, 960 manat əsas borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdeh Şəxs alınaraq iddiaçı Soliton LTD MMC-yə ödənilməlidir. İcraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, icraata başlamaq haqqında qərarın surətləri Şəxs göndərilmiş, məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Elekton məhkəmə portalından Çıxarışdan görünür ki, Şəxs əlilliyi yoxdur. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat materiallarını və Yardımlı Rayon Məhkəməsinin 2(038)-115/2014 saylı, xx.xx.2014-cü il tarixli, 2(038)-163/2014 saylı, xx.xx.2014-cü il tarixli və 2(038)-119/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədlərini üzrə icraat materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib aşağıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 528.1-ci maddəsinin dispozisiyasına görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə hesab edir ki, Şəxs əməlində o halda İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud ola bilər ki, sonuncu məhkəmə və digər orqanların icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etməmiş olsun və ya qərarların icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirməmiş olsun, yəni inzibati xəta tərkibinin obyektiv cəhəti şəxsin icra sənədini üzrsüz səbəbdən – qərəzli olaraq icra edilməməsində əks olunur. Lakin hazırki işin hallarından isə müəyyən olunur ki, Şəxs əməlində qeyd olunan halların mövcudluğu öz təsdiqini tapmır. Belə ki, sonuncuya tərtib edilmiş inzibati protokoldan görünür ki, Şəxs üzrsüz səbəbdən icra sənədinin icra etməməsi təqdim edilmiş sənədlər və icra məmurunun izahatı ilə öz təsdiqini tapmır. Belə ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatlarından da müəyyən olunur ki, borclunun Bank VTB-yə olan borcunun ödənilməsi üçün onun mülkiyyətində olan Chevrolet Cruze minik markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobili açıq hərracda satılması üçün banka təhvil vermiş, digər icra sənədləri üzrə ödənişlər etmiş və beləliklə də icra sənədini qismən icra etmişdirdir. Digər tərəfdən elektron məhkəmə informasiya sistemində olan məlumatlardan görünür ki, Şəxs mebel ustası kimi fəaliyyət göstərir və onun rəsmi gəlirləri vardır. İnizbati xəta haqqında protokol tərtib etmiş şəxs «İcra haqqında» Azərbaycan Respublikası Qanunun tələbinə uyğun olaraq borc məbləğinin Şəxs əmək haqqına yönəldilməsi ilə bağlı müvafiq hərəkət etməmiş, yönəldilmənin mümkün olub-olmaması araşdırmamışdır. Belə olan halda sonuncunun əməlində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş «üzrsüz səbəblərdən icra sənədinin icra edilməməsi» tərkibinin mövcudluğu öz təsdiqini tapmır. İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırki inzibati xəta haqqında protokolun tərtib edildiyi hal üzrə əməlində inzibati xəta tərkibinin obyektiv cəhəti - inzibati xəta tərkibi mövcud olmadığından, yəni icra sənədinin qərəzli olaraq icra etməməsi sübuta yetirilmədiyindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yardımlı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar