Məhkəmə qərarları › İş №3(5-166)-156/2026

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(5-166)-156/2026

23.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(5-166)-156/2026 23.01.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi Quliyeva Ülkər Fikrət qızının katibliyi, Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis kapitanı X4, Baş DYPİ-nə bilavasitə tabe olan YPX alayının 8-ci tağımının inspektoru, polis baş serjantı X5, barəsində inzibati icraat aparılan şəxs Şəxs və müdafiəçi X2 iştirakı ilə, xx.xx.1998-ci ildə Beyləqan rayonunda anadan olmuş, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis kapitanı X7 tərəfindən tərtib edilmiş MN seriyalı ******* saylı, xx.xx.2026-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 14:20 radələrində Bakı-Qazax yolunun 292-ci km-də, Yevlax rayonu ərazisində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Baş DYPİ-nə bilavasitə tabe olan YPX alayının 8-ci tağımının inspektoru, polis baş serjantı X8 tərəfindən tərtib edilmiş İXP seriyalı ******* saylı, xx.xx.2026-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 14:20 radələrində Bakı-Qazax yolunun 292-ci km-də, Yevlax rayonu ərazisində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan psixotrop maddədən istifadə nəticəsində sərxoş vəziyyətdə “SHACMAN yük” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis kapitanı X7 və Baş DYPİ-nə bilavasitə tabe olan YPX alayının 8-ci tağımının inspektoru, polis baş serjantı X8 tərtib etdikləri protokolların məzmununa uyğun çıxış edərək bildirdilər ki, xx.xx.2026-cı il tarixdə saat 14:20 radələrində Bakı-Qazax yolunun 292-ci km-də, Yevlax rayonu ərazisində “SHACMAN yük” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil yol hərəkəti qaydalarını pozduğu üçün polis əməkdaşları tərəfindən saxlanılması üçün səs və işıq siqnalı ilə işarələr verilsə də, sürücü qanuni tələbə tabe olmamış, avtomobili idarə etməyə davam etmişdir. Daha sonra qarşısı kəsilməklə saxlanılan və yol verdiyi qayda pozuntusu ona izah edilən zaman sürücü aqressivləşmiş, avtomobilin üzərinə çıxaraq özünə bıçaqla xəsarət yetirmiş, nalayiq ifadələrlə onları təhqir etmiş və səs-küy salaraq digər insanların toplaşmasına səbəb olmuşdur. Bundan sonra nizam-intizama dəvət olunsa da, sürücü öz əməlinə davam etdiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Sürücü sakitləşdirilib DYPB-nə gətirilən zaman xx.xx.1998-ci il təvəllüdlü Şəxs olduğu müəyyən edilmişdir. Həmçinin yoxlama zamanı sürücünün “SHACMAN yük” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş halda idarə etdiyi məlum olmuşdur. Bundan sonra nizam-intizama dəvət olunsa da o, öz əməlinə davam etdiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək vermiş olduğu izahatında göstərmişdir ki, dostu ondan xahiş etdiyi üçün bir səfərlik “SHACMAN yük” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. xx.xx.2026-cı il tarixdə saat 14:20 radələrində Bakı-Qazax yolunun 292-ci km-də, Yevlax rayonu ərazisində hərəkətdə olan zaman polis əməkdaşları ona saxla işarəsi verdiyi zaman sürücülük vəsiqəsi olmadığından hərəkətinə davam etmişdir. Əsəblərini cilovlaya bilmədiyi üçün özünə xəsarət yetirmişdir. Ümumən əsəbi olduğu üçün daim müalicə alır, dəfələrlə xəstəxanada da yatılı qalaraq müalicə almışdır. Lakin nalayiq ifadə işlətməmiş, polisə tabesizlik göstərməmişdir. Hazırda əməlindən peşman olmasını bildirərək barəsində həbslə əlaqədar olmayan cəzanın seçilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Baş DYPİ-nə bilavasitə tabe olan YPX alayının 8-ci tağımının inspektoru, polis serjantı X6 izahatında göstərdi ki, xx.xx.2026-cı il tarixdə saat 14:20 radələrində Bakı-Qazax yolunun 292-ci km-də, Yevlax rayonu ərazisində xidmətdə olan zaman “SHACMAN yük” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılması üçün səs və işıq siqnalı ilə işarələr verilsə də, sürücü qanuni tələbə tabe olmamış, avtomobili idarə etməyə davam etmişdir. Daha sonra qarşısı kəsilməklə saxlanılan və yol verdiyi qayda pozuntusu ona izah edilən zaman sürücü aqressivləşmiş, avtomobilin üzərinə çıxaraq özünə bıçaqla xəsarət yetirmiş, nalayiq ifadələr işlətmiş, dəfələrlə onu nizam intizama dəvət etsələr də, Şəxs öz qanunsuz hərəkətlərini davam etdirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı, xx.xx.2026-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 14:20 radələrində Bakı-Qazax yolunun 292-ci km-də, Yevlax rayonu ərazisində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXP seriyalı ******* saylı, xx.xx.2026-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 14:20 radələrində Bakı-Qazax yolunun 292-ci km-də, Yevlax rayonu ərazisində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan psixotrop maddədən istifadə nəticəsində sərxoş vəziyyətdə “SHACMAN yük” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “İnzibati qaydada tutma haqqında” 22 yanvar 2026-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 16:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər Narkoloji Dsipanseri tərəfindən verilmiş xx.xx.2026-ci il tarixli 207 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs götürülmüş nümunələrdə amfetamin və metamfetamin aşkar olunmuşdur. Məhkəməyə təqdim edilmiş 1 ədəd “CD-R” formatlı diskə baxış keçirən zaman müəyyən edilmişdir ki, “SHACMAN yük” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılması üçün səs və işıq siqnalı ilə işarələr verilsə də, sürücü qanuni tələbə tabe olmamış, avtomobili idarə etməyə davam etmişdir. Daha sonra qarşısı kəsilməklə saxlanılan və yol verdiyi qayda pozuntusu ona izah edilən zaman sürücü aqressivləşmiş, avtomobilin üzərinə çıxaraq özünə bıçaqla xəsarət yetirmiş, dəfələrlə onu nizam intizama dəvət etsələr də, Şəxs öz qanunsuz hərəkətlərini davam etdirərək polis əməkdaşlarının iş rejimini pozmuş, öz qanunsuz hərəkətlərini nümayiş etdirərək polisin qanuni tələbinə qəsdən tabesizlik göstərmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 334-1.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, şahid izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs hazırki inzibati xətanı törətməməsini bildirməsi onun özünü müdafiə xarakteri daşımaqla məhkəmə iclası zamanı tədqiq olunmuş sübutların məcmusu ilə təkzib olunur. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 334-1.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, Azərbaycan Respublikası İXM-nin 34.2, 34.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1 və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli onun tutulduğu 22 yanvar 2026-cı il tarixdən saat 16:00-dan hesablanmalı, göstərilən hüquqi yardıma görə cəmi 33(otuz üç) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X3 ödənilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 334-1.1 və 535.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 22 yanvar 2026-ci il tarixdən saat 16:00-dan hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Göstərilən hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X3 ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aybəniz Babayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar