Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(5-167)-1/2026 05.01.2026 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X9 Əli qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Zaqatala Rayon Vəkil Bürosunun vəkili X7 və inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X2 iştirakları ilə, xx xxx 1991-ci il tarixdə Zaqatala rayonu, Lahıc kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Zaqatala rayonu, Lahıc kəndində qeydiyyatında olan və yaşayan Şəxs, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələri ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Zaqatala Rayon Polis Şöbəsindən Zaqatala Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 05 yanvar 2026-cı il tarixli MN ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, Lahıc kənd sakini X1 mütəmadi nalaiq idələrlə təhqir etmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinin iş rejmini pozmuşdur. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X5 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, xx.xx.2026-cı il tarixdə, saat 16:00 radələrində Zaqatala RPŞ-nin İTB-nin sahə polis nəfəri X6 rayon Lahıc kənd sakini Şəxs DİN-in 102 xidmətinə mütəmadi əsassız zənglər etməklə onları narahat etməsi, nalayiq ifadələrdən istifadə etməsi, iş rejmini pozması barədə daxil olmuş məlumat əsasında Şərif Xəliovun ünvanında olmuşdurlar. Şəxs etdiyi əməllə bağlı şöbəyə dəvət etdikləri zaman sərxoş vəziyyətdə səs-küy salaraq polisin ünvanına nalayiq ifadələr işlətmiş, onu nizam-intizama dəvət etsələr də, onlara məhəl qoymayaraq öz hərəkətlərini qərəzli surətdə davam etdirərək polisin qanuni tələbinə tabe olmamış və oradan qaçıb uzaqlaşmaq istəmişdir. Bu səbəbdən fiziki güc hesabına polis şöbəsinə gətirilmişdir. Həmçinin bildirir ki, Şəxs bütün kənd camaatı, eləcə də ailəsi narazıdır. Beləki, o səhər saatlarından içki içərək günün geri qalan hissəsini sərxoş vəziyyətdə keçirir, insanları narahat edərək, 102 xidmətinə zəng edib əməkdaşları ilə qeyri-etik şəkildə danışır. Eyni zamanda qeyd edir ki, Şəxs cinayət əməli törətmiş, barəsində məhkəmə hökmü ilə azadlığın məhdudlaşdırılmasını cəzası seçilmişdir, buna baxayaraq o islah olmamışdır. Odur ki, şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, o, Lahıc kəndində yaşayır. X4 fındığını, qozunu və 161 manat pulunu oğurladığı üçün Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə məhkum olmuş, barəsində azadlığın məhdudlaşdırılması cəzası seçilmişdir. Bakıda işləməsinə baxmayaraq bir neçə dəfə əməliyyatçılar tərəfindən Bakıdan rayona geri gətirilmişdir. Bu səbəbdən İbadullahdan Məmmədovdan şikayətini geri götürməsini istəmişdir. Əməlindən peşmandır, üzr istəyir, bağışlanmasını xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili X10 çıxış edərək Şəxs əməlindən peşman olmasının nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 verdiyi izahatında göstərmişdir ki, Zaqatala rayon, Lahıc kəndində yaşayan həmkəndlisi Şəxs mütəmadi olaraq onun narahat edir. Bildirir ki, sonuncu dəfə xx.xx.2025-ci il tarixdə təxminən saat 14:00 radələrində Lahıc kəndində onu, anasını, bacısını nalayiq ifadələrlə təhqir etmiş, ayağına taxılmış qandalı çıxartmasını istəmişdir. Həmçinin onu ölümlə hədələmişdir. Odur ki, şəxs barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İnzibati xəta materiallarına əlavə edilmiş 03. 01.2026-cı il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 17:00-da inzibati qaydada tutulmuşdur. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün, protokol tərtib edən şəxsin və Zaqatala RPŞ-dən daxil olmuş materialla tam təsdiq olunmuşdur. Vətəndaşların vəzifələrinin əsasından bəhs edən Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində qeyd edilir ki; Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə düzgün tövsif olunmuşdur. Zaqatala RPŞ-dən daxil olmuş inzibati xətaya dair inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmiş, həmçinin məhkəmə araşdırması zamanı da onun məsuliyyətini yüngülləşdirən və ağrılaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyətini, eyni zamanda inzibati xəta törədən şəxsi tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Həmçinin məhkəmənin qənaətinə görə Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun əməlində polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama kimi bir halın olması müəyyən edilməmişdir. Belə ki, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxsin izahatlarından müəyyən edilir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol tərtib edən şəxs tərəfindən müşahidə edilməmiş, bu barədə protokoldan hər hansı qeyd aparılmamışdır. Eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxsin polisin qanuni tələblərinə qəsdən tabe olmamağa aid mötəbər sübutlar işə əlavə edilməmişdir. Bütün qeyd edilənlər Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsini istisna edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmiş yəni, öz təqsirsizliyini sübut etməyə, borclu deyildir. Əksinə şəxsin qeyd olunan inzibati xətanı törətdiyini sübut etmək vəzifəsi polis sahə rəisinin üzərinə düşür. Bundan başqa inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə olan şübhələr onun xeyrinə həll olunmalıdır. Şəxs polis işçisinin qanuni tələbinə qəsdən tabe olmaması, bununla da, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi hər hansı bir formada sübuta yetirilmir. Məhkəmə belə vəziyyətdə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməmişdir və onun əməlində həmin inzibati xətanın tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1 və 53.1.2-ci maddələrinə görə inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında iş üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmənin qənaətinə görə Şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi üzrə nəzərdə tutulan əməli törətməsi iş materialları ilə sübuta yetirilsə də, onun barəsində başlanmış İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, yəni polisin qanuni tələbinə qəsdən tabe olmaması iş materialları ilə sübuta yetirilmir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından və təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata həmin hissə üzrə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinin tələbinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib inzibati həbs edilməsinin əvvəli onun tutulduğu vaxtdan, yəni 03 yanvar 2026-cı il tarixdən, saat 17:00-dan hesablanmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, 05 (beş) gün müddətinə inzibati həbs edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından və təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində Zaqatala rayon polis şöbəsinin sahə rəisi polis mayoru X2 05 yanvar 2026-cı il tarixdə tərtib etdiyi MN ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata həmin hissə üzrə xitam verilsin. İnzibati həbsə alınmanın əvvəli onun inzibati qaydada tutulduğu vaxtdan, yəni 03 yanvar 2026-cı il tarixdən, saat 17:00-dan hesablansın. Qərarın icrası Zaqatala Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Qərarın surəti proses iştirakçılarına təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(5-167)-1/2026
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(5-167)-1/2026
05.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver