Məhkəmə qərarları › İş №3(5-167)-153/2026

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №3(5-167)-153/2026

21.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 3(5-167)-153/2026 21.02.2026 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Şikayət verən şəxs X1 Zaqatala Rayon Polis X8 Xidməti İnspektoru, polis serjantı X4 TP ******* nömrəli, 15 yanvar 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən araşdırmaya göndərilməsi barədə şikayətini nəzərdən keçirib, MÜƏYYƏNETDİ: Şikayət verən şəxs X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala Rayon Polis X8 Xidməti İnspektoru, polis serjantı X5 tərəfindən qəbul edilmiş 15 yanvar 2026-cı il tarixli, TP ******* nömrəli qərarın iş üzrə mühüm əhəmiyyət kəsb edən faktiki hallarının tam araşdırılmaması və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini nəzərə alaraq həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş şikayətə, ona əlavə edilmiş sənədlə birlikdə baxaraq hesab edirəm ki, X3 tərəfindən verilmiş şikayət ona əlavə edilmiş sənədlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, X3 15 yanvar 2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı şikayətinə əlavə etmiş, lakin həmin inzibati tənbeh vermə haqqında qərarı nə vaxt alması məlum deyildir, həmin qərarın qəbul edildiyi tarixdən şikayət məhkəməyə təqdim olunan tarixədək 01 aydan artıq müddət keçmişdir. X3 şikayətində qərarı 17 fevral 2026-cı il tarixdə aldığını göstərsə də, lakin bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, X3 mübahisələndirdiyi qərarı nə vaxt almasına dair hər hansı sübutu şikayətinə əlavə etməmişdir. Eyni zamanda, o, qanunvericiliyin tələbinə əsasən buraxılmış müddətin bərpası barədə ayrıca vəsatətlə məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 130.2-130.3-cü maddələrində isə göstərilmişir ki, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Həmin Məcəllənin 57.5 və 57.5.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sənəd bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan rəsmi qaydada verilmiş hesab edilir. Eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. İşin hallarını, inzibati tənbehvermə haqqında qərarın alınması vaxtı barədə hər hansı sübut təqdim edilməməsini, inzibati qərarın tərtib edildiyi vaxtdan 01 aydan sonra şikayət verilməsini, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, X3 tərəfindən inzibati tənbeh vermə haqqında 15 yanvar 2026-cı il tarixli TP ******* nömrəli qərardan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı və göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə ümumi qaydada şikayət ilə müraciət etmək hüquqları ona izah edilməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109 və 118-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X3 tərəfindən inzibati tənbeh vermə haqqında 15 yanvar 2026-cı il tarixli, TP ******* nömrəli qərardan qərardan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə ümumi qaydada şikayət ilə müraciət etmək hüququ şikayət verən şəxs X2 izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar