Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(5-167)-6/2026 07.01.2026 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 Əli qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Zaqatala Rayon Vəkil Bürosunun vəkili X3 və inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsi yol-patrul xidməti inspektoru, polis serjantı X1 iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Gürcüstan Respublikası, Tbilisi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Zaqatala rayonu, Əliabad qəsəbəsində qeydiyyatında olan və yaşayan Şəxs, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1, 329.1, 324.2, 336.1 və 329.3-cü maddələri ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Zaqatala Rayon Polis Şöbəsindən Zaqatala Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Zaqatala Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsi yol-patrul xidməti inspektoru, polis serjantı X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1, 329.1, 324.2, 336.1 və 329.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında xx.xx.2026-cı il tarixli, İXP ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, xx.xx.2026-cı il tarixdə saat 20:00 radələrində idarə etdiyi VAZ 21061 minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilli işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmaqla, təhlükəsizlik kəmərini bağlamadan, buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşımaqla, sərxoş vəziyyətdə olduğunu bilə-bilə nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün həmin şəxsə verilməklə və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1, 329.1, 324.2, 336.1 və 329.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli 3(5-167)-6/2026 nömrəli qərardadına əsasən Şəxs Аzərbаycаn Respublikаsı İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi ilə əlaqədar barəsindəki inzibati xəta haqqında materiala məhkəmə iclasında baxılması xx.xx.2026-cı il tаrixə, sааt 16:20-yə Zaqatala Rayon Məhkəməsinin inzibati binasına təyin edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 324.2, 336.1 və 329.3-cü maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Zaqatala Rayon Polis Şöbəsinə qaytarılması qərara alınmışdır. Zaqatala Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsi yol-patrul xidməti inspektoru, polis serjantı X2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, protokolu müdafiə edir. Həmçinin göstərdi ki, Şəxs tərəfindən idarə edilən VAZ 21061 minik markalı, **-BH-*** dövlət nömrə nişanlı avtomobil 03 yanvar 2026-cı il tarixdə saat 20:00 radələrində Əliabad qəsəbəsi ərazisində ziqzaqvari hərəkət etdiyindən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Onunla ünsiyyət zamanı onun spirtli içki qəbul etdiyi aşkar edilmişdir. Yoxlama zamanı Şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən olunmuşdur. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1, 329.1, 324.2, 336.1 və 329.3-cü maddələrinin tərkibi olduğundan xx.xx.2026-cı il tarixdə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1, 329.1, 324.2, 336.1 və 329.3-cü maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında özünü təqsirli bilərək göstərdi ki, o, protokolda göstərilən inzibati xətaları törətmişdir. 03 yanvar 2026-cı il tarixdə onun idarə etdiyi nəqliyyat vasitəsi saxlanılmış, belə ki, idarə etdiyi həmin nəqliyyat vasitəsi dostuna məxsus olmuş, sənədləri yoxlanılan zaman onun nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi müəyyən edilmişdir. Həmçinin bildirmişdir ki, o, spirtli içki də qəbul etmişdir. Həmçinin nəqliyyat vasitəsini sərxoş vəziyyətdə, idarə etmək hüququ olmadan idarə etmişdir. Onun inzibati xətanı törətdiyini etiraf edərək, əməlindən səmimi peşman olduğunu, səhvini etiraf etdiyini, himayəsində uşaqlarının olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokola əlavə edilmiş “sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə” 03 yanvar 2026-cı il tarixli, 05 nömrəli aktdan görünür ki, tibbi müayinə zamanı 1971-ci il təvəllüdlü Şəxs yüngül dərəcəli alkoqol sərxoşluğunun olması müəyyən edilmişdir. Zaqatala Rayon Polis Şöbəsinin DYPB-nin rəisi, polis kapitanı Ruslan İsayev tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli arayışından görünür ki, DİN-nin məlumat informasiya portalında yoxlanılarkən Zaqatala rayonu, Əliabad qəsəbə sakini xx.xx.1971-ci il təvəllüdlü Şəxs sürücülük vəsiqəsinin olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması özünün etirafından başqa, həm də iş üzrə toplanmış materiallarla tam sübuta yetirilmişdir. Ona görə də o, inzibati qaydada tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Zaqatala Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməsə də, məhkəmə araşdırması zamanı onun əməlini etiraf etməsi, əməlindən səmimi peşmançılıq çəkməsi və inzibati xətanı sərxoş halda törətməsi müəyyən edildi. Şəxs əməlini etiraf etməsi və əməlindən səmimi peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1-ci və 32.1.1-ci maddələrinə görə inzibati tənbeh tətbiq edilərkən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən hal hesab edilir Həmin Məcəllənin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Lakin həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. Ona görə də hesab edirəm ki, “inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi” Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinin tərkib əlaməti kimi nəzərdə tutulduğundan onun inzibati xətanı sərxoş halda törətməsi inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətini ağırlaşdıran hər hansı hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halların olmamasını, əksinə məsuliyyəti yüngülləşdirən halların olmasını, onun şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini, həmçinin inzibati həbsin tətbiq edilməsi üçün hər hansı müstəsna halın olmamasını nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd edilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 128-130-cu maddələrinə əsaslanaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və Zaqatala Rayon Polis Şöbəsina təqdim edilsin. Qərardan surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(5-167)-6/2026
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(5-167)-6/2026
07.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver