Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(5-169)-102/2026 19.02.2026 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Cavid Mehman oğunun sədrliyi, Rəsulov Rəsul Xalid oğlunun katibliyi, Zərdab rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxx 1972-ci il tarixdə Zərdab şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Zərdab rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala 19 fevral 2026-cı il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Zərdab rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X5 19 fevral 2026-cı il tarixli inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərdab rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Aysel Yusifova izahatında göstərmişdir ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-497/2024-008 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 170 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Zərdab rayon İcra və Probasiya şöbəsində icra sənədi üzrə müvafiq qaydada icraata başlanılmış, icra sənədinin icrası ilə bağlı borclunun ünvanına göndərilmiş qərar və bildirişə heç bir münasibət bildirməmiş və məhkəmə qərarının icrasından üzürsüz səbəbdən yayınmışdır. Borclunun əmlak vəziyyətini öyrənmək üçün elektron-icra informasiya sistemi vasitəsilə sorğular edilmiş, borclunun xəstəliyinə görə müavinət aldığı müəyyən edilmiş və tələb icra edilməsi üçün müavinata yönəldilmişdir. Tutulan məbləğ aylıq alimenti ödəmədiyinə görə tələbkar yaranmış 2300 manat aliment borcunun ödənilməsini tələb etdiyindən borclu icra şöbəsinə çağırılmış, lakin, onun yerini müəyyən etmək mümkün olmadığından barəsində axtarış elan olunması barədə xx.xx.2024-cü il tarixli qərar qəbul olunaraq aidiyyatı orqana göndərilmişdir. Həmçinin alimentin tutulması borclunun pensiyasına yönəldilmiş, hazırkı dövrədək ödəməli olduğu 3170 manat puldan 2025-2026-cı ilədək olan çıxarışa əsasən 1278 manatı pensiyasından tutularaq tələbkara ödənilmişdir. 2024-cü ildə aparılan pensiyadan tutulmalara dair çıxarış əldə edilməmişdir. Borclu xx.xx.2026-cı il tarixdə Zərdab rayon İcra və Probasiya şöbəsinə təhvil verilmiş, tələbin könüllü icrası barədə bildiriş ona təqdim olunaraq izahatı alınmış, borcdan hər hansı məbləğdə ödəniş etmək ona təklif olunmuş, lakin heç bir ödəniş olunmamışdır. Buna görə də şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə müraciət olunmuşdur. Məhkəmədən protokolun təmin olunmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, ünvan 1-də yaşayır. İİİ qrup gözdən əlildir və buna görə pensiya alır. 2024-cü ildə işləmək üçün Rusiya Federasiyasına getmiş, barəsində çıxarılmış məhkəmə qətnaməsindən xəbəri olmamışdır. Rusiya Federasiyasından gələrkən Bakı şəhərində hava limanında polis əməkdaşları tərəfindən saxlanılarkən borcunun olması səbəbindən barəsində axtarış olduğunu bilmiş, polis əməkdaşlarına dövlətə borcunun olmadığını bildirmiş, Zərdab şəhərinə gətirilərkən icra şöbəsində olarkən, tələbin könüllü icrası barədə bildiriş ona təqdim olunduqdan sonra borcunun alimentlə bağlı olduğunu bilmişdir. Başqa bir şəxsə borcu olduğu üçün pensiya kartı həmin şəxsdə olmuş və həmin kartdan pul vəsaitinin tutulmasından xəbəri olmamışdır. Hazırda aliment borcunu tam ödəməyə maddi imkanı yoxdur, əgər vaxt verilərsə bir ay ərzində borcunu tam ödəyə biləcəkdir. Məhkəmə icra məmurunu və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Zərdab Rayon Məhkəməsi tərəfindən verilmiş 2(035)-497/2024-008 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 21 may 2024-cü il tarixdən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. “İcraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-497/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi əsasında Zərdab rayon İcra və Probasiya şöbəsində icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası barədə bildirişdən görünür ki, 2(035)-497/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə icraata başlamaq haqqında qərarın surəti Şəxs şəxsən təqdim edilmiş, ondan tələbi dərhal könüllü icra etməsi tələb edilmiş və məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. “Borclunun axtarışı haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, borclu Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından onun barəsində axtarış elan edilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində icra məmuru tərəfindən xx.xx.2026-cı il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və protokolun bir surəti imza etdirilməklə inzibati xətanı törətmiş şəxsə təqdim edilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemi vasitəsilə Şəxs barəsində əldə edilmiş məlumatlardan görünür ki, o, 19 aprel 2024-cü il tarixdə ölkə sərhədlərini tərk etmiş və 18 fevral 2026-cı il tarixdə ölkə sərhədlərindən daxil olmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı protokolu tərtib edən şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarından, tədqiq edilən iş materiallarından müəyyən olundu ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-497/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə “tələbin könüllü icrası haqqında” bildiriş və “icraata başlamaq haqqında” qərar protokolun tərtib edildiyi gün, 19 fevral 2026-cı il tarixdə şəxsən borcluya verilmiş, icra məmuru tərəfindən icra sənədi üzrə yaranmış borcun ödənilməsi məqsədilə borcluya zəruri şərait yaradılmamış, borclunun yaşadığı ünvana baxış keçirilməyərək əmlak vəziyyəti yerində yoxlanılmamış, bir sözlə zəruri icra hərəkətləri tam həyata keçirilməmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli Qərarında qeyd edilir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyəti müəyyən edir. Maddənin dispozisiyasına görə “icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi” – bu maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Həmin Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 1-1-ci maddəsinə əsasən icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən Bu Qanunun 8.2-ci maddəsinin üçüncü və beşinci abzaslarında nəzərdə tutulmuş hallar istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 44-cü maddəsinə əsasən məcburi icra tədbirlərinin tətbiqinin əsasları bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi göstərilmişdir. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə görə şəxsin hərəkətində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Məhkəmə işin yuxarıda müəyyən olunan faktiki hallarına əsaslanaraq və yuxarıda adıçəkilən qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Şəxs əməlinin icra sənədinin icrasından üzürsüz olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi icra qanunvericilyində nəzərdə tutulan hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsipləri baxımından yol verilməzdir. Ona görə də məhkəmə hesab edir ki, borclu Şəxs icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: CAVİD ABBASOV
Məhkəmə qərarları › İş №3(5-169)-102/2026
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(5-169)-102/2026
19.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver