Azərbaycan Respublikası adından QƏRAR Zərdab rayonu İş № 3(5-169)-132/2026 03.03.2026 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Cavid Mehman oğlunun sədrliyi, Rəsulov Rəsul Xalid oğlunun katibliyi, Zərdab rayon Polis Şöbəsi İTB-nin polis sahə rəisi X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasının üzvi, fərdi fəaliyyət göstərən vəkil X6 iştirakları ilə xx.xx.1985-ci ildə Zərdab rayonunun Şahhüseynli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Zərdab rayonu, Şahhüseynli kəndində qeydiyatda olan və Zərdab şəhəri 51 saylı qəsəbədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə Zərdab Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və əlavə edilmiş materiallara 03 mart 2026-cı il tarixdə Zərdab Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Zərdab Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Zərdab rayonu, Şahhüseynli kəndi sakini Şəxs xx.xx.2026-cı il tarixdə saat 17:35 radələrində ünvan ünvansız söyüşlər söyməklə xırda xuliqanlıq hərəkətləri etmiş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaqdan qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında Zərdab Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 izahatında göstərmişdir ki, Zərdab rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkilləri X7 şəhəri 51 saylı qəsəbədə xidmətdə olan zaman bir nəfər şəxsin ucadan səs-küy yaradaraq ünvansız nalayiq ifadələr işlətdiyini görüb, dərhal həmin şəxsə yaxınlaşaraq özünü polis əməkdaşı kimi təqdim etdikdən sonra ona törətdiyi əməlin qanunsuz olmasını izah etsə də, həmin şəxs ona məhəl qoymayaraq öz qanunsuz hərəkətlərini davam etdirərək yenə də ucadan nalayiq ifadələr işlədərək ətrafda olan şəxsləri narahat etməklə polisin qanuni tələblərinə tabe olmaqdan qəsdən boyun qaçırmışdır. Daha sonra həmin əraziyə Zərdab RPŞ-nin PPXB-nın əməkdaşları Ramin İsmayılov və Nihad Məmmədovu həmin yerə köməyə çağırıb, şəxsi Zərdab rayon Polis Şöbəsinə gətirərək növbətçi hissəyə təhvil verdikdən sonra raportla şöbə rəhbərinə məlumat vermişlər. Zərdab rayon Polis Şöbəsində həmin şəxsin Zərdab rayonu, Şahhüseynli kənd sakini xx.xx.1985cı il təvəllüdlü Şəxs olduğu müəyyən olunmuşdur. Həmin raport əsasında onun barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Zərdab Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək, izahatında bildirmişdir ki, Zərdab rayonunun Şahhüseynli kəndində qeydiyatda olsa da, hazırda ailə üzvləri ilə birlikdə Zərdab şəhəri 51 saylı qəsəbədə yaşayır və Samir adlı şəxsin həmin ərazidə olan fermasında çoban işləyir. xx.xx.2026-cı il tarixdə, saat təxminən 17 radələrində heyvanları yemələyib qurtardıqdan sonra arvadının yemək hazırlamasını gözləyib telefona baxaraq vaxt keçirərkən yanında 07 markalı avtomobil dayanaraq ona “gəl otur maşına” demişdir. O, həmin mülki geyimdə olan şəxsin polis əməkdaşı olduğunu bilmiş və nə səbəbə getməsini soruşduqda polis əməkdaşı ona bir nəfər polis əməkdaşına suçu lazım olduğunu demişdir. Bu səbəbdən avtomobilə əyləşərək Polis Şöbəsinə gəlmişdir. O, heç bir söyüş söyməyib, nə də ki, polisin qanuni tələbinə qarşı heç bir hərəkət etməmişdir. Məhkəmədən söylədiklərinin nəzərə alınmasını xahiş edir. X1 məhkəmə iclasında bildirmişdir ki, Şəxs özünü təqsirli bilmir. Ona görə də onun barəsində olan inzibati xəta haqında işin icraatına xitam verməyinizi xahiş edirəm. Məhkəmə iclasında şahid qismində izahat verən Zərdab rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili X3 izahatında bildirmişdir ki, Zərdab şəhəri 51 saylı qəsəbədə xidmətdə olan zaman bir nəfər şəxsin ucadan səs-küy yaradaraq ünvansız nalayiq ifadələr işlətdiyini görüb, dərhal həmin şəxsə yaxınlaşaraq özünü polis əməkdaşı kimi təqdim etdikdən sonra ona törətdiyi əməlin qanunsuz olmasını izah etsə də, həmin şəxs ona məhəl qoymayaraq öz qanunsuz hərəkətlərini davam etdirərək yenə də ucadan nalayiq ifadələr işlədərək ətrafda olan şəxsləri narahat etməklə polisin qanuni tələblərinə tabe olmaqdan qəsdən boyun qaçırmışdır. Daha sonra həmin əraziyə Zərdab RPŞ-nin PPXB-nın əməkdaşları Ramin İsmayılov və Nihad Məmmədovu köməyə çağırmış və şəxsi Zərdab rayon Polis Şöbəsinə gətirərək növbətçi hissəyə təhvil verərək raportla şöbə rəhbərinə müraciət etmişdir. Zərdab rayon Polis Şöbəsində həmin şəxsin Zərdab rayonu, Şahhüseynli kənd sakini xx.xx.1985-ci il təvəllüdlü Şəxs olduğu müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid qismində izahat verən Zərdab rayon Polis Şöbəsinin PPXB-nin manqa komandiri X8 izahatında bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə saat 17 radələrində Zərdab RPŞnin PPXB-nin polis nəfəri, polis serjantı Nihad Məmmədovla birlikdə Zərdab şəhəri ərazisində xidmətdə olarkən Zərdab RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Mircəfər Bəylərzadə məlumat verərək Zərdab şəhəri 51 saylı qəsəbəyə köməyə gəlmələrini bildirmişdir. Buna görə də dərhal həmin yerə gedərək orada bir nəfər şəxsin Mircəfər Bəylərzadə ilə uca səslə mübahisə edərək ünvansız nalayiq söyüşlər söydüyünü görüb ona yaxınlaşaraq həmin şəxsi sakitləşməyə və ictimai qaydanı pozmamağa çağırmışlar. Bundan sonra həmin şəxsi müvafiq araşdırma aparılması üçün Zərdab rayon Polis Şöbəsinə getməyini izah etdikdə həmin şəxs heç bir yerə getməyəcəyini bildirmişdir. Buna baxmayaraq həmin şəxsi məcburi qaydada Zərdab RPŞ-nə gətirərək Növbətçi Hissəyə təhvil vermişlər. Polis Şöbəsində həmin şəxsin Zərdab rayonu Şahhüseynli kənd sakini Şəxs olması müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən Zərdab RPŞ-nin PPXB-nin polis nəfəri X12 şahid X5 izahatına uyğun, oxşar məzmunlu izahat verərək göstərilən xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan sənədlərdən, raportdan, o cümlədən Zərdab Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi X4 tərəfindən tərtib edilmiş xx.xx.2026-ci il tarixli, MN №2270832 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Zərdab rayonu, Şahhüseynli kəndi sakini Şəxs xx.xx.2026cı il tarixdə saat 17:35 radələrində ünvan ünvansız söyüşlər söyməklə xırda xuliqanlıq hərəkətləri etmiş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaqdan qəsdən boyun qaçırmışdır. İş materiallarında olan xx.xx.2026-cı il tarixli, AZA 020505 nömrəli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 19:20-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan xx.xx.2026-cı il tarixli, AZA 008655 nömrəli “şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama haqqında” protokoldan görünür ki, Şəxs üzərində qanunla qadağan edilmiş hər-hansı əşya və ya predmet aşkarlanmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı inzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilməyərək törədilən əməlin ona aidiyyəti olmadığını bildirsə də, onun həmin inzibati xətanı törətməsi Zərdab Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisinin, şahidlərin ifadələri, işin digər materialları və eləcə də inzibati xəta törətmiş şəxsin Zərdab rayon polis şöbəsində verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməsi barədə ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, həmin ifadə inzibati xəta törətmiş şəxsin özünümüdafiə və məsuliyyətdən yayınmaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 34.3-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs istinad olunan Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta, ona istinad olunan həmin Məcəllənin 510-ci maddəsində nəzərdə tutulan inzibati xətadan daha ciddi inzibati xəta olduğu üçün ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə Şəxs inzibati xətanı səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etmələrinə baxmayaraq, bu hərəkətin davam etdirməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təyin ediləcək inzibati həbs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan, yəni bir ayadək müddətə inzibati həbsin dörddə birindən az olmamalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq, o, daha ciddi xətaya görə - Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs olunsun. İnzibati həbs etmənin əvvəli şəxsin tutulduğu vaxtdan, 02 mart 2026-cı il tarixdən saat 19:20-dən hesablansın. Qərarın icrası Zərdab Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətinə Zərdab Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: CAVİD ABBBASOV
Məhkəmə qərarları › İş №3(5-169)-132/2026
Zərdab Rayon Məhkəməsi Qərar — İş №3(5-169)-132/2026
03.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver